Bakı və Ankara Türkiyə əleyhinə qanunun qəbul edilməsinə birgə müqavimət göstərirlər

19.01.2012

Türkiyə və Azərbaycanın Parisdəki səfirlikləri və türk və Azərbaycan diaspor təşkilatları Fransa Senatında “erməni soyqırımının” inkarına görə cinayət təqibi haqqında qanun layihəsinin təsdiqinə qarşı mübarizə səylərini birləşdiriblər. Bu barədə Bakıda bugünki mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Necdet Ünüvar Azərbaycanda apardığı danışıqların yekunlarını şərh edərkən bildirib.

O, rəsmi Bakının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyindən məmnunluğunu bildirib və Türkiyə ilə həmrəylik üçün təşəkkür edib. Türkiyə baş nazirinə yaxın olan “Yeni Şafak” qəzetində bu məsələdə Ankaraya kifayət qədər dəstək olmadığı üçün rəsmi Bakının ünvanına dərc edilən tənqidi məqalələrlə bağlı şərh vermək xahişinə cavabda Ünüvar deyib ki, qəzet Türkiyə dövlətinin və hökumətinin mövqeyini əks etdirmir.

O, Türkiyə parlamentarilərinin Bakıda səfərdə olduğu müddətdə Fransa səfirinin ölkə XİN-ə dəvət edildiyini və ona Türkiyə əleyhinə qanun layihəsi ilə bağlı narazılıq bildirildiyini xüsusi qeyd edib. Bundan başqa, Milli Məclisin Fransa Senatına bir müddət əvvəl qəbul edilmiş müraciəti ilə yanaşı, beynəlxalq münasibətlər üzrə parlament komitəsinin də etiraz məktubu göndərilib.

Senat bu qanun layihəsini qəbul edərsə, Azərbaycan və Türkiyə hökumətlərinin hansı addımları ata biləcəyi haqqında suala cavabda Ünüvar bildirib ki, nümayəndə heyəti Türkiyə Parlamentini təmsil edirdi və hökumətin mümkün addımlarını müzakirə etməyib. Onun fikrincə, Senat, çətin ki, Fransa tarixində ləkə olacaq qanunu qəbul etsin, belə ki, bu, ifadə azadlığına və demokratiyaya ziddir.

Bununla belə, o əlavə edib ki, bu qanun qəbul edilərsə, bu, Türkiyənin, Azərbaycanın və bütün türk dünyasının birgə adekvat addımlarına səbəb olacaq.

Nümayəndə heyətinin digər üzvü – Sinan Oqan Türkiyə parlamentinin Xocalı soyqırımını tanıması haqqında qanunvericilik təşəbbüsündən bəhs edib. “İndiyədək Türkiyə parlamentində tarix məsələləri ilə tarixçilərin məşğul olmalı olduğu barədə mövqe formalaşmışdı. Amma zənnimcə, bu, yanlış mövqedir, çünki Qərbdə yenə də yüz illər öncə baş vermiş hadisələri müzakirə edir və təhrif olunmuş şəkildə qiymətləndirirlər. Belə ki, Fransa parlamenti birinci dünya müharibəsi ilə əlaqədar ermənilərin köçürülməsini soyqırım sayır və 20 il əvvəl baş vermiş, Fransa qəzetlərinin də yazdığı Xocalı soyqırımı haqqında susur. Dünya bu faciəyə ədalətli qiymət verməlidir. Hesab edirəm ki, ilk addımı Türkiyə atmalıdır”, deyə Türkiyə parlamentarisi bildirib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button