Bakı və Yerevanın sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başladığı bildirilir
Yayımlandı: 23 Aprel 2024 14:51
Hazırda hər iki ölkənin ekspert qruplarının sərhəddə çalışdığı deyilir
Azərbaycanla Ermənistanın iki ölkə arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başladığı bildirilir.
Bu barədə aprelin 23-də Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu gündən etibarən ölkələrin ekspert qrupları Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiyab işlərinə başlanacağı bildirilib.
Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir .
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.