Bakı Vaşinqtonla Qafqazda sülhü müzakirə edib

Yayımlandı: 3 İyun 2024 15:49


Lui Bono regionda baş verən son proseslərin sülh üçün ümid yaratdığını deyib

İyunun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Onların Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi apardıqları bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, nazir Ceyhun Bayramov Lui Bononu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, həmçinin sülh gündəliyi üzrə əldə olunan son inkişafla bağlı ətraflı məlumatlandırıb:

“Ceyhun Bayramov xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, Ermənistanın 4 kəndi qaytarmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb. Nazir 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyini də deyib”.

Lui Bono isə regionda baş verən son proseslərin sülh quruculuğu ilə bağlı ümid yaratdığını deyib.

O bu istiqamətdə ABŞ-nin də danışıqlar prosesinə dəstək və töhfə verməyə hazır olduğunu ifadə edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button