Bakı Yerevanın konstitusiyalarda problemlərin olması ilə bağlı iddiasını bölüşmür

Yayımlandı: 5 İyun 2024 15:06

Ceyhun Bayramov: “Bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanın hər iki ölkənin konstitusiyalarındakı mövcud problemlərin uzunmüddətli sülhə maneə olması barədə dediklərinə reaksiya verib.

Bu barədə iyunun 5-də macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında danışan Ceyhin Bayramov Ararat Mirzoyanın paralellik aparmaq cəhdini qəbuledilməz sayıb.

Nazir deyib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır:

Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolverilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq”.

Ceyhun Bayramov və Ararat Mirzoyan. Berlin görüşü. Foto: Ermənistan XİN

İyunun 4-də Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında “2023-cü il dövlət büdcəsinin icrasına dair hesabat”ın müzakirəsi zamanı bildirmişdi ki,  Ermənistan və Azərbaycan konstitusiyalarında mövcud problemlər uzunmüddətli sülhə nail olmaq üçün maneədir.

Amma Ararat Mirzoyan Azərbaycan Konstitusiyasında hansı problemlərin olması barədə detallara toxunmamışdı.

Yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.

Fevralın 1-də isə Baş nazir İctimai Televiziyaya müsahibəsində demişdi ki, Ermənistanın dövlət siyasəti Qarabağın birləşdirilməsi ilə Müstəqillik Bəyannaməsinə əsaslanacaqsa, yenə müharibə olacaq və heç vaxt sülh olmayacaq.

Nikol Paşinyan bu fikrini əsas götürərək Konstitusiyaya dəyişiklik təklif etmişdi.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə  referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button