Bakıda aldadıldığını deyən vətəndaş: “Polis dələduzlarla əlbirdir”

Qızqayıt İsayeva hazırda həyatının təhlükədə olduğunu bildirir

Paytaxtın Xətai rayonunda yaşayan, əslən Kəlbəcərin İlyaslar kənd sakini 43 yaşlı Qızqayıt  Sərdar qızı İsayeva həyatının təhlükədə olduğunu deyir.

Meydan TV-yə danışan İsayeva deyir ki, 2019-cu ildə dələduzluqla üzləşib.

Məcburi köçkünlər üçün nəzərdə tutulan 14 mərtəbəli binada qonşum 35 yaşlı Kərimova Gülyanə İslam qızı  və onun qeyri-rəsmi həyat yoldaşı 30 yaşlı Muradzadə Tahir Tanrıverdi oğlu birləşərək mənə qarşı dələduzluq etdilər. Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəydi”, – deyə o qeyd edib.

Vətəndaş iddia edir ki, qonşular onun tək yaşamasından istifadə edərək dostluq münasibəti yaradıblar. Daha sonra isə öz məqsədləri üçün yalan işlətməklə ondan pul borc alıblar.

Bir ildən sonra aldadıldığını dərk edən vətəndaş 4 illik məhkəmə çəkişmələrindən sonra Gülyanə Kərimovadan mənəvi və maddi ziyan kimi 2 min manat ala bilsə də, Tahir Muradzadədən məhkəmə yolu ilə də pulunu ala bilmir.

Qızqayıt İsayeva. Fotolar: şikayətçinin şəxsi arxivindən

O deyir ki, polis dələduzları himayə edir və ona hədə-qorxu gəlirlər:

“Dələduzları himayə edib saxlayırlar. Mənim kimi haqqını tələb edən müəllimi, iki kitab müəllifini rahat şəkildə şərləyib həbs edirlər, təhqir edirlər. Çoxsaylı şikayətlərimə baxmayaraq polis hərəkətə keçmir, ancaq sosial şəbəkədə polis səhlənkarlığına dair video paylaşan kimi polis zəng edib məni bölməyə çağırır. Polis dələduzlarla əlbirdir. Həyatım təhlükədədir, üç dəfə polis zəng edib bölməyə çağırıb. Getmirəm ki, narkotiklə şərləyib saxlayarlar”.

“Digər adamlara qarşı da dələduzluq ediblər”

Qızqayıt İsayeva deyir ki, Xətai Rayon Məhkəməsi ən son qərarda 1330 manat məbləğində pulun geri qaytarılması üçün Tahir Muradzadənin axtarışını Xətai Rayon Polis İdarəsinə həvalə edib. Ancaq aidiyyəti qurum bu qərarı icra etmir, əksinə, etdiyi şikayətlərə görə, onu təhqir və təhdid edərək 34-cü bölməyə çağırır:

Bu binada tək qalırdım. Ali təhsilli saz müəllimiyəm. İndi yaşlı atam rayondan gəlib deyə onunla qalıram. Bunlar mənim təkliyimdən və saflığımdan  istifadə edib dostluq, evə gediş-gəliş münasibəti yaratdılar. Xalası da, anası da mehriban qonşuluq münasibəti yaratdı. Tahiri də həyat yoldaşı kimi qələmə verdi. Sən demə, məni hipnoz edirmişlər. Gülyanə hicablı qadındır. Dindar obrazlı imansız dələduzlar imiş.  Xoş münasibət yaradıb hissə-hissə pullarımı alıb xərclədilər. Sonra Gülyanə xahiş etdi ki, guya həyat yoldaşı mağazadan televizor, telefon götürüb lombarda qoyub. Onlara təcili pul lazımdır. Dedi ki, əşyaları satıb pulu qaytaracaqlar. verib çıxarım təcili. Bir az pul toplamışdım ki, evimə məişət, mətbəx əşyası alacağam. Mən də insandır deyib pulu verdim və əşyaları lombarddan çıxartdım”.

Xətai Rayon Məhkəməsi
Foto: arxiv

“Sonra gəlib əşyaları evimdən apardılar ki, satıb pulunu verəcəyik. Pulu soruşanda aliment kartını verdi ki, bura keçmiş həyat yoldaşı pul köçürəcək, guya ordan çıxararam. Onun da içində pul olmadı. Bir müddət qeydiyyatda olduğu Füzuli rayonu Horadiz qəsəbəsində gizləndi. Adına poçtdan məhkəmə bildirişi gələndə öyrəndim ki, digər adamlara qarşı da dələduzluq ediblər. Yəni çox adama məişət texnikasını lombarddan götüzdürüb pulunu ödətdirirlər, sonra da atıb qaçırlar”, – şikayətçi qeyd edib.

“Məndə ödənişə dair çeklər, səs yazıları və məhkəmə qərarları var”

Şikayətçi bildirir ki, dələduz adlandırdığı şəxslər  ona 5 min manat dəyərində ziyan vurublar:

“Mən rəsmi həyat yoldaşı kimi tanıtdığı adamın da onunla qeyri-rəsmi nikahla yaşadığını öyrəndim. Ümumilikdə 5 minə yaxın pulum çıxsa da, ancaq rəsmi imza ilə verdiyim, yəni məhkəmə ilə sübut edəcəyim 2 min manat  pulu Gülyanə və 1330 manat pulu isə Tahir ödəməli idi. Digərləri dəlilsiz-sübutsuz batdı. Polis və icra məmurları əlbir olduğu Gülyanə Kərimovanı müdafiə etsələr də, ən son bu ilin aprelində mən ondan məhkəmə yolu ilə 2 min pulumu ala bildim. Ancaq ötən ildən axtarışda olan Tahir Muradzadə isə pulu ödəmir, polis onu guya axtarıb tapmır. Halbuki eyni binada yaşayırıq, eyni küçədə oluruq. Məndə ödənişə dair çeklər, səs yazıları və  məhkəmə qərarları var”.

2022-ci ildə çıxarılan məhkəmə qərarından görünür ki, Tahir Muradzadənin axtarışı öncə qeydiyyatda olduğu Füzuli Rayon Polis İdarəsinə,  daha sonra isə Bakıda yaşadığı üçün ötən ilin yanvarından Xətai Rayon Polis İdarəsinə həvalə edilib.

Zərərçəkən iddia edir ki, bu müddət ərzində çoxsaylı şikayətləri nəticə vermir.

Xətai Rayon Polis İdarəsi isə Tahir Muradzadənin axtarışda olmadığını deyərək şikayətlərə baxmır.

Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinin 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən isə dələduzluqda ittiham edilən şəxs – Tahir Muradzadə  axtarışdadır.

“Səni narkotiklə şərləyib həbs edərik”

Vətəndaş deyir ki, polisdən etdiyi şikayətlərə və sosial şəbəkə üzərindən paylaşdığı qısa videoya görə Xətai Rayon Polis İdarəsinin 34-cü Bölməsi tərəfindən təhdid olunur.

2023-cü ilin mayında isə işə gedərkən polis tərəfindən saxlanılaraq 5 sutka həbs cəzası alıb. Həbsə səbəb kimi vətəndaşın polisi təhqir etməsi göstərilsə də, sonradan ittihamı dəyişiblər, yəni məhkəmə qərarında “küçədə gedərkən telefonda naməlum şəxsə söyüş söyməsi” göstərilib. Ancaq nə naməlum şəxsin kimliyi, nə də buna dair video, audio dəlil, sübut aşkarlanıb.

Deyir ki, polisdə saxlanıldığı müddətdə təhqir edilib, döyülüb və dəfələrlə huşunu itirib:

Təcridxanada da elə pis vəziyyətdə döyüldüm ki, huşum getdi, təcili tibbi yardım çağırıldı. Hətta xəstəxanaya aparıb mənə iki sistem qoşdular. Təcridxanada eşitdim ki, polis Tahirə zəng edib onu axşam görüşə çağırıb və deyib ki, Qızqayıtı tutmuşam. Onda tam əmin oldum ki, bunlar dələduzlarla əlbirdirlər”.

Qızqayıt İsayeva bildirir ki, hazırda polis onu sosial şəbəkədə yaydığı videoya görə bölməyə çağırır:

Bir neçə gündür ki, polisin guya Tahiri tapa bilməməsi ilə bağlı videomüraciət yaydım. Bundan dərhal sonra rəis zəng edib məni bölməyə çağırdı. Artıq 3 dəfə çağırıblar. Ötən dəfə həbsdə mənə dedilər ki, şikayətlərdən əl çəkməsən, səni narkotiklə şərləyib həbs edərik. Ona görə polis şöbəsinə getmirəm. İcra məmuru Vidadi Mahmudov deyir ki, Tahir axtarışdadır. Polis isə deyir ki, bizdə axtarışda deyil. Bu necə olur? Mənim həyatım təhlükədədir. Bilirəm ki, haqlı irad və şikayətlərimə görə evimdəcə həbs edərlər. Ancaq haqqımı tələb edirəm, edəcəyəm də”.

DİN şikayətçinin, şikayətçi DİN-in dediklərini əsassız sayır…

Meydan TV vətəndaşın qanunsuz həbsi, həyatının təhlükədə olması və ona qarşı dələduzluq faktının olması ilə bağlı şikayətinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənə bilməyib.

Qızqayıt İsayevanın həyatının təhlükədə olması ilə bağlı sosial şəbəkədə yaydığı son videomüraciətə isə DİN-nin şərhi belə olub:

Vətəndaş Qızqayıt İsayevanın ona qarşı dələduzluq etmiş qadının əməllərinin ört-basır edilməsi, dəfələrlə döyülməsi, təhqir olunması və digər qanunsuzluqlara məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir. Qızqayıt İsayevanın müxtəlif məsələlər üzrə müraciətləri Xətai Rayon Polis İdarəsində araşdırılıb və 13  müraciəti üzrə cinayət işinin başladılmasının rədd edilməsi barədə qərar qəbul edilib. Qızqayıt İsayeva 2018-ci ildən hazırki vaxta qədər qonşuları və digər şəxslər barədə əsassız olaraq DİN-nin “102-Xidməti”nə zəng edib. Şəxsin şikayətləri ilə bağlı müxtəlif vaxtlarda qəbul edilərək onunla müvafiq izahedici söhbətlər aparılıb”.

Şikayətçi isə DİN-nin bu açıqlaması ilə razılaşmır.

Bu açıqlamanın ciddi dəlil və sübutlara deyil, onların maraqlarına xidmət etdiyini deyir:

Bu, yalandır. Bu qədər dəlil, sübut varkən məhkəmə qərarlarını niyə görməzdən gəlirlər? Şikayətlərimi niyə araşdırmırlar? Niyə dələduzları yox, məni şikayət etdiyim, haqqımı tələb etdiyimçün cəzalandırırlar?”.

Meydan TV yazıda adı çəkilən Gülyanə Kərimova və Tahir Muradzadədən münasibət öyrənə bilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button