Bakıda azyaşlı məktəbli qızı bıçaqla hədələyib oğurlamaq istəyən kimdir?

Bakıda azyaşlı qızın oğurlanması cəhdi ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi ilə Mehdiabad qəsəbəsinin arasında yerləşən,  “2-ci sovxoz” adlanan ərazidə baş verib. 

Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Umudvar Əliyev küçəsində yerləşən 188 saylı məktəbin 5-ci sinif şagirdi məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb. DİN-in mətbuat xidməti günün əvvəlində bildirib ki, hazırda bu məsələ araşdırılır.

Qeyd edək ki,  son vaxtlar sosial şəbəkələrdə, “WhatsApp” qruplarında azyaşlıların küçədən oğurlandığı, yaxud oğurlanmağa cəhd edildiyi barədə şayiə xarakterli məlumatlar vaxtaşırı olaraq yaylılır. Və belə xəbərlərin təsdiqini tapması hallarına hələlik rast gəlinməmişdi. Ancaq indi söhbət konkret hadisədən, faktdan gedir, özü də kifayət qədər təşviş doğuran, həyacanlı faktdan. Azyaşlı qızı küçədən qaçırıb aparmaq istəyən şəxs kimdir, onun məqsədi nə olub? Bu suallar hələlik açıq qalır, çünki həmin şəxs hələ müəyyən olunmayıb. 

Həmin məktəbin adını açıqlanmayan əməkdaşı virtualaz.org-a bildirib ki, hadisə baş verən gün məktəbin qarşısındakı videomüşahidə kameraları işləməyib. Hüseynovlar ailəsinin 3 övladı bu məktəbdə təhsil alır. Qız və qardaşı 5-ci sinif, digər qardaşı isə 2-ci sinif şagirdidir. Uşaqların hər üçün dərsə davamiyyətli və çalışqandır. Buna görə də qızın yalan danışma ehtimalı çox azdır.

“Uşaqlar ikinci növbədə təhsil alırlar. Maraqlanmışıq, qızın durumu yaxşıdır, problem yoxdur. Bildiyimə görə, onlar problemli ailə də deyil. Bu ərazidə belə hadisə ilk dəfədir baş verir. Bununla belə şagirdlərə və valideynlərə bildirmişik ki, panikaya səbəb yoxdur”, – məktəbin işçisi deyib.

Məktəbin direktoru isə bildirib ki, hadisə ilə bağlı açıqlama vermək səlahiyyətində deyil: “Yanımda adamlar var, onlar da bu məsələni araşdırmağa gəliblər”.

Xatırladaq ki,  Əjdər Hüseynov adlı sakin  ötən gün 18 radələrində nəvəsi Z.Q.-nin 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxsin onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşdığını deyib. Azyaşlının nənəsi Mədinə Hüseynova isə bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır. (APA)

Bildirilirdi ki, Z.Q. dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Bu vaxt  naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Z.Q.-nın bildirdiyinə görə, ona bıçaqla hədə-qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman azyaşlı  yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideyinin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Küçədə olan müşahidə kameralarından aydın olur ki, azyaşlını ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev isə bildirib ki, məsələ araşdırılandan sonra ictimaiyyətə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidməti bildirir ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar “nəzarətə götürülüb”.

Qeyd edilir ki, məsələ ilə bağlı bütün zəruri tədbirlər icra olunur: “Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button