Bakıda bu yeniyetmə qız nəyin qurbanı oldu?

Bakıdakı 162 saylı məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atması nəticəsində dünyasını dəyişməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Xural.com axar.az-a istinadən xəbər verir ki, ictimai müzakirələrə qoşulan fəal Bəxtiyar Hacıyev bu intiharın həm ailələr, həm cəmiyyət, həm dövlət, xüsusilə də Təhsil Nazirliyi üçün həyəcan təbili olmasının vacibliyini önə çəkib.

O bildirib ki, dünyanın hər yerində məktəblərdə uşaqların bir-birinə, yaxud əksər uşaqların bir məktəbliyə sataşması, ələ salması (bullying) əleyhinə sistemli iş aparılır:

“Dövlət səviyyəsində misal: 2011-ci ildə ABŞ prezidenti və birinci xanımı Obamalar uşaqların məktəbdə sataşmalarının qarşısını almaq üçün video müraciət imzalamışdılar.

Sataşqan uşağı olan ata öz oğlunu soyuqda məktəbə qədər 1 km qaçmağa məcbur edir. Çünki uşağa bu davranışına görə məktəb avtobusuna minməyə icazə vermirlər. Ata bunu videoya çəkir və paylaşır. Başqa bir videoda ata eyni səbəbdən öz qızını 8 km soyuqda yeriməyə məcbur edir. Çünki qızı başqa məktəbliyə sataşırmış”.

Bu nümunələri videoları təqdim etməklə göstərən B.Hacıyev qeyd edib ki, Azərbaycanda bu gün intihar edən qızın durumunda olan çox məktəblilər var:

“Bəzilərinə öz yaxın çevrəmizdən şahid olmuşuq, bəzilərini eşitmişik. Çox təəssüf ki, Təhsil Nazirliyi (oradakı dostlar inciməsin) bu sahədə lazımlı iş aparmır, məktəblərdə müəllim və direktorlar da qoşulurlar uşaqlara və hansısa uşaqları ələ salır, sıxışdırır və həyatlarını məhv edir, həyat boyu silinməsi çətin psixoloji travmalar yaşadırlar.

Cəmiyyət isə başqalarının həyatlarına, ailələrinə, geyim tərzlərinə, həyat tərzlərinə, seçimlərinə burun soxmaqla, bu problemi daha da dərinləşdirir. Valideynlər övladlarını sinif yoldaşlarını pisikdirmək, sıxışdırmaq, lağlağı etmək kimi bu iyrənc davranışdan çəkindirmək üçün sərt addımlar atmaq əvəzinə, ən pis halda onlara dəstək verərək, ən yaxşı halda isə susaraq bunlara töhfə verirlər”.

B.Hacıyev vurğulayıb ki, bütün bu yanlışların nəticəsində Elina adlı gənc bir qız həyatını itirdi:

“Hələ mən xəstəxanadan yayılan videolarda həkimlərin biganəliyi, etinasızlığı, qeyri-peşəkarlığı, reanimasiyada meyitin nəzarətsiz qoyulub, uşağı xilas edib-etməmək məsələlərini qoyuram bir kənara. Ən azından, ailələr, məktəblər və dövlət bu gündən etibarən çox ciddi dəyişikliklər etməlidirlər ki, Elina bu iyrənc davranışın son qurbanı olsun”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button