Bakıda Elçibəyin anım mərasimi keçirildi

elcibey anim23.06.2013

Tədbiri giriş sözü ilə Əbülfəz Elçibəyin kürəkəni, İctimai Palatanın Koordinasiya Şurasının üzvü  Aqil Səmədbəyli açıb.
Müsavat Divanının üzvü, BDU-nun professoru Almaz Əliqızı çıxışı zamanı mərhum Elçibəyin türkün qüdrətini özünə qaytaran bir siyasətçi kimi tanıdığlnı bildirib: “Elçibəy Sovet idioiloji sisiteminin tüğyan etdiyi bir vaxtda türkün əzəmət və qüdrətini bütün dünyaya  bəyan etdi. Elçibəy bu ulu millətin hər zaman dünyaya sahib olduğunu vurğulayırdı. Türk mədəniyyətinin yenidən dünyada nüfuz qazanmasına çalışırdı. O hər zaman  bu millət üçün çalışdı. Özünü heç bir zaman düşünmədi”.

Növbəti çıxışçı porfessor Cəmil Həsənli isə Elçibəyi mücahid kimi xatırladığını bildirdi: “20-ci əsr Azərbaycan tarixinin çox önəmli şəxsiyyətlərindən birinin doğum gününü qeyd edirik. Elçibəy böyük bir yol getmiş və özündə olduqca böyük mübarizə əzmi daşıyan bir mücahid olub. Əbülfəz bəy 60-70-ci illərdə müstəqil fikir daşıyıcısı olan bir gənclik ordusu yetişdirib. Gəncliyin müstəqil həyata hazırlamasında Əbülfəz bəyin bir müəllim kimi böyük rolu olub. O heç vaxt jurnal yoxlamazdı. Çünki onun dərsini hər kəs səbirsizliklə gözləyirdi. Mən çalışırdım ki, onun bütün mühazirələrində iştirak edim.  Onun tələbələrə dediyi mühazilərlər milli davada bizlərə çox böyük kömək göstərib. Elçibəyin içərisində böyük bir tür sevgisi olub. Elçibəyin sadəliyi onu bu millətə daha da yaxınlaşdırdı. O bir daha sübut etdi ki, müstəqil olmaq azad olmaq deyil. Əbülfəz bəy bu mübarizənin hər zaman arxasında yox, önündə olacaq”.

Çıxış edən görkəmli şair Ramız Rövşən Əbülfəz bəyin kimliyinin bu millətin kim olduğunu göstərdiyini bildirdi:”Əbülfəz bəyi sevirsən, ya sevmirsən- bu parol kimi bir şeydir. Bəyi sevməyənlər, millətini sevmir. Elçibəy tanındıqça sevilir. O böyü müəllim və alim idi. Mən onunla çox vaxt  mübahisələr etmişəm. Müxtəlif sahələri əhatədə edən bizim mübahisələrimiz zamanı o hər zaman mənə bunu deyirdi “şair, həyəcanlanma”. Əbülfəz bəy Azərbaycan qadınına da, kişisinə də fərd anlaşıyını qazandırdı. Onun sadəliyi ətrafına yığışanlar günü-gündən artırdı. Onun işığı var və hər zaman olacaq”.

Ramiz Rövşən 64-cü ildə Əbülfəz Elçibəy haqqında yazdığı şeri də səsləndirdi:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Bilirsən Tanrı da öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan tanrı sənə,
Bir ev tikib saray eylər.

Professor İsmayıl Musayev çıxışı zamanı Elçibəyin keçdiyi həyat yoluna nəzər saldı: “Bu gün Elçibəy yolu deyirlər. Çoxları heç bunun nə olduğunu bilmir. Həm müxalifət, həm də iqtidarla olanlar özünü bu yolun yolçusu hesab edir. Buna əsla imkan verməməliyik. Biz Elçibəyi olduğu kimi qəbul edirik. Bu hakimiyyət ona qarşı repressiyanı hələ də davam etdirir. Azərbaycanda bir çox yeniliyin əsasını qoyan Əbülfəz Elçibəy haqqında məktəb dərsliklərində bir cümlə belə yazılmayıb”.

Elçibəyin prezidentliyi dövründə Azərbaycanın Türkiyədə baş konsulu Abbas Abdulla onu həsrətlə andığını vurğuladı: “Onun ruhu yalnız müstəqil və demokratik Azərbaycanın yenidən qurulması ilə  şad olacaq”.

Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı isə çıxışı zamanı bunları dedi: “Elçibəy ona görə dahi idi ki, onda cazibə qüvvəsi var idi. O ilk  dəfə görüşdüyü insanın sevgisini qazanırdı. O sağlığında milli davanın mücadələsini edən bir şəxs idi və bir çox təşkilat yaratmışdı. O qeyri-standart düşünməklə dahiliyini bizə göstərirdi. Bu gün hesabat günüdür. Bizlər hər birimiz onun ruhu qarşısında hesabat veririk”.

İP KŞ üzvü Mehriban Vəzir isə  Elçibəyin görmək istədiyi Azərbaycanın təməlinin Milli Şuranın yaranması ilə qoyulduğunu bildirdi.

Milli-azadlıq hərəkatının veteranlarından olan Rafiq İsmayıl  Elçibəylə birlikdə keçirdiyi tələbəlik illərindən danışdı: “Mən onunla tələbə olan vaxtı bir yataqxanada yaşamışam. Onunla birgə siyasi fəıaliyyətimizin rüşeymlərini ortaya qoymuşuq. Bizim universitetdə lider tələbələri hər kəs çox yaxşı tanıyırdı. Onlardan biri də Əbülfəz Elçibəy idi. “Azərbaycan baharı”nın əsasını Əbülfəz bəy qoydu. Həmin bahar milli demokratik qüvvələrin sayəsində bu gün də davam edir. İnanıram ki, Elçibəyin siyasi kursunu mənimsəmiş çox dəyərli siyastəçilərimiz ölkəmizi işıqlı bir gələcəyə qovuşduracaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button