Bakıda erməni Alayanı zorla çempion etdilər

Boks üzrə dünya çempionatında rüsvayçı olay

 «Xural» qəzeti özəl mənbələrə əsasən Bakıda keçirilən Boks üzrə dünya Çempionatı ilə bağlı məlumat yaymışdı. 6 oktyabr tarixli sayımızda bildirmişdik ki, Bakıda keçirilən boks üzrə dünya çempionatının 1/4 finalında dəhşətli rüsvayçılıq yaşanıb. 52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə erməni əsilli rus idmançısı Alayana zorla məğlub etdirilib.

Dünya Çempionatında iştirak edən şəxslərdən biri təfərrüatı da danışmışdı. Bildirmişdi ki, 52 kq çəki dərəcəsində yarışan və çox böyük potensialı olan Elvin Məmişzadəyə əvvəlcədən uduzmaq göstərişi verilib. Ancaq E.Məmişzadə deyilənə əhəmiyyət verməyib və rinqə çıxaraq öz rəqibi Alayanı ağır hesabla məğlubiyyətə uğradıb. Buna baxmayaraq, hakimlər Alayanı qalib elan ediblər.

 Süleyman Mikayılovun başını kim kəsmək istəyib?

 Baş verən ədalətsizliklə bağlı ciddi etiraz edən şəxslərdən biri də Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov olmuşdu. Etiraz edən S.Mikayılova yaxınlaşan qara eynəkli, idmançı görkəmli 2 nəfər şəxs ondan gərginlik yaratmamağı və dərhal rinqi tərk etməyi tələb etmişdilər. Onların Süleyman Mikayılova ünvanladıqları «Sənin bu dəqiqə başını kəsib əzizlərinə göndərərik» hədələrini ətrafdakılar da eşitmişdi.

Azərbaycan nümayəndə heyətinin üzvlərinin məsələyə aydınlıq gətirmək üçün təşkilatçılar və heyət sədrinə müraciət etdikləri bildirilirdi xəbərdə. Azərbaycan idmançılarının rəhbəri isə bu məsələdə azic qaldığını etiraf etmişdi: «Mənə zəng edib tapşırdılar ki, Alayan heç bir halda uduzmamalıdır. Məni hədələdilər, dedilər ki, əgər Alayan uduzsa, Bakını bir gecənin içində başınıza yıxarıq!»

 Alayanı qalib etdilər!

 Qeyd edək ki, Rusiya yığmasını təmsil edən Alayanın döyüşdən qabaq soyunma-geyinmə otağına gəlmədiyi də diqqətdən yayınmamışdı. «Alayan qara plyonkalı, Rusiya nömrəli «S-klass» avtomobili ilə Kompleksin qarşısına gətirildi və maşından birbaşa rinqə çıxdı. Yarışdan sonra da birbaşa onu gətirən maşına əyləşib çıxıb getdi» – deyə iştirakçı bildirirdi.

Erməni əsilli rus idmançısı Alayanın zorla çempion ediləcəyini bildirmiş və bu biabırçı olaya rəsmilərin münasibətini tələb etmişdik. Azərbaycanı təhqir edənlər kimlərdir? Bakını bir gecədə başımıza kimlər uçura bilərdi? Erməni əsillilər Bakıda bizə necə meydan oxuya bilərdilər?

Təəssüf ki, bu suallara cavab ala bilmədik. Ancaq dünən Alayan yarışdığı 52 kq çəki dərəcəsində Bakını dünya çempionu kimi tərk etdi.

Görünür, rəsmilərin cavabı elə Alayanın çempion olmasıdır!

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button