Bakıda külək getdikcə şiddətlənir, xeyli fəsadlar törədib

Səhər saatlarından etibarən başlayan şiddətli şimal küləyi Bakıda və Abşeron yarımadasında bir sıra fəsadlar törədib.Bunu sosial şəbəkələrdə yayılan fotolar da təsiq edir. Belə fotolardan birindən məlum olur ki, güclü külək Xırdalan şəhərində “Köhnə bazar” adlanan ərazidə dayanacağı aşırıb. Külək həmçinin paytaxt ərazisində bir neçə evin damını qoparıb.

Xətai, Binəqədi və Yasamal rayonlarında onlarla ağac aşıb. Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədov jurnalistlərə bildirib ki, onlara axşam saatlarına qədər cəmi 21 ağacın aşdığı haqda məlumat daxil olub. Biri istisna olmaqla onların hamısı hündür və sağlam ağaclar idi.

Aşan ağaclardan biri “Mercedes” markalı avtomobili əzib. Nəsimi rayonunda aşan ağac elektrik xəttini qırıb. Yasamal rayonunda isə ağac ağaşaraq köhnə tikiliyə zərər vurub. Habelə sosial şəbəkələrdə yayılan məlumatlara görə külək nəticəsində yol nişanlarınının yerindən qopması, tikinti meydançalarının ətrafına çəkilmiş müvəqqəti hasarların dağılması halları baş verir.

Hazırda külək getdikcə şiddətlənməkdədir və proqnozlara görə gecə saatlarında küləyin gücü daha da artacaq. Bu baxımdan fəsadların da artacağı qaçılmazdır.

Belə vəziyyətdə xüsusən yeni tikilən çoxmərtəbəli yaşayış binalarının həndəvərləri, habelə şüşə üzlüklü binalar və şüşələnməsi yarımçıq olan göydələnlər təhlükəli ola bilər. Habelə güclü küləyin nisbətən hündür avtomobilləri aşırması da mümkündür.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button