Bakıda oturan Şuşanın İcra başçısı

O, Qarabağ  uğrunda yox, şəxsi biznesini qorumaq naminə fəaliyyət göstərir!.. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Bu da təbiidir, çünki onun daşıdığı məsuliyyətli vəzifələr ən yaralı problemimizlə bağlıdır. O, həm Azərbaycan tarixinin incilərindən olan tarixi bir ərazinin icra başçısı, həm də Dağlıq Qarabağ azərbaycanlılarının lideridir. Ancaq təəssüf ki, Bayram Səfərovdan eşitdiyimiz xəbərlər, XuralTAC əməkdaşlarına yetişən informasiyalar heç də ürəkaçan deyil, daha çox Bayram Səfərovun şəxsi biznesi ilə əlaqədardır. Nə yazıq ki, Qarabağ problemi ilə məşğul olmalı olan və Şuşada fəaliyyət göstərməsi gözlənilən və gərəkən Bayram Səfərov nə Milli problemlərlə məşğul olmar, nə də Qarabağ torpağında deyil. Bayram Səfərov oturub Azərbaycanın paytaxtında, Bakının mərkəzində, dəbdəbəli binalarda və fəaliyyət sahəsi olaraq da tamamilə biznes sahəsini seçib. İndi Bayram Səfərov Qarabağ torpaqlarının alınmasına yox, özünə hektarlarla torpaq sahələrinin alınmasına güc qoyub. Redaksiyamıza gələn və bizə şikayət edən qarabağlı döyüşçülərdən bəziləri onun fəaliyyətinə üsyan püskürdülər. 

Məlumatlara görə, Bayram Səfərovun Binəqədi rayonunda, Gülüstan qəsəbəsində, fərdi yaşayış evlərinin arasında aqlay daş plitələr istehsal edən sexləri fəaliyyət göstərir. Novxanı yolunun üzərində yerləşən bu sexlərin hamısı Bayram Səfərovuna məxsusdur və bu sexləri onun adamları işlədir. Hektarlarla sahə Şuşa İcra Hakimiyyətinin başçısı tərəfindən zəbt edilib və burada açıq havada sexlər açılıb. Sexlər yeni tikilmiş yaşayış evlərinin arasında yerləşir və zəhəri camaatın həyətinə tökülür.

Bayram Səfərov bununla kifayətlənməyərək ərazidə mal-qara ferması da saxlayır. Fermanın yaxınlığında şamaxılı bir şəriki ilə böyük gön-dəri sexi açıb. Əhalinin aramsız şikayətlərindən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sexə gəlsələr də, müəmmalı şəkildə çıxıb gediblər. Yerli sakinlərin söylədiklərinə görə, burada vəziyyət dözülməzdir. Mal-qaranın natəmizliyi, daş mişarlarının səsi, dərinin üfunəti, daşın tozu, gecələr batıb-qalan iri KamAZ-ların gurultusu əhalinin rahatlığını əlindən alıb. İnsanlar etiraz edəndə, Bayram Səfərov «gəlib burada ev tikməyəydiniz» deyir.

Qarabağ uğrunda mübarizə aparmaqdansa, Binəqədidə hektarlarla torpaq alan Bayram Səfərov bu torpaqları Hacı Madərin bacısı oğlu Şahsuvardan alıb. Külli miqdarda vəsait xərcləyən icra başçısı bununla Binəqədidə nüfuzu olan deputatın adından da istifadə edir. Bu da əsasən qarabağlı məcburi köçkünlərin ciddi etirazlarına səbəb olur. Qarabağ döyüşlərində iştirak edən, Şuşanın qorunmasında müstəsna xidmətləri olan bir müharibə veteranı bunları söylədi: «Bayram Səfərovun 21 otaqlı tövləsi var. Əhalinin suyunun ağzını kəsib tövləsinə, orada saxladığı mal-qaraya istiqamətləndirir. Yanına gedib dərdini danışan, xidmətlərini sadalayan döyüşçülərə, «mən burada anket doldurmuram» deyir. Qarabağın Ağdərə bölgəsindən danışanda «Mardakert» deyir və problemdən nə qədər uzaq olduğunu sübut edir. Ağdərəni görməyib axı. Biz Şuşa uğrunda döyüşəndə Bayram Səfərov Binə hava limanında özünə gün ağlayırdı. Şuşa «RAYPO»sundan gətirdiyi pulları burada alverə yatırırdı.»

Şuşa işğal olunanda Bayram Səfərov «RAYPO»nun sədri olub. Məlumatlarda deyilir ki, Şuşa uğrunda döyüşlər qızışanda bir çoxları kimi o da şəhəri yarımçıq qoyub qaçıb. Zaman-zaman hava limanında önəmli postlara gələn Bayram Səfərov aeroportda ticarət mərkəzləri əldə edib. Bununla da mərhum prezident Heydər Əliyevin xəttinə düşüb. Heydər Əliyevin təyyarələrinə onun yemək verdiyi deyilir. Bayram Səfərovun işlərinə onun qardaşı Kamil Səfərov nəzarət edir. Şuşa Şəhər İcra Hakimiyyətinə isə Ələkbər Səfərov adlı qardaşı nəzarət edir. XuralTAC-ı məlumatlandıran mənbə deyir ki, Şuşa İcra Hakimiyyətinə gedən şikayətçi bir daha getmir, çünki heç bir ümid yeri yoxdur. Bayram Səfərov insanları qəbul etmir, şikayətçilər binanın birinci mərtəbəsində tualetin yanında xeyli gözlədikdən sonra çıxıb gedirlər. Sakinlərdən biri beləcə də dedi: «Polis nəzarətində icra hakimiyyəti olar? Kimi kimdən qoruyurlar? Bayram Səfərov insanları tualetin yanında yerləşən balaca bir gözləmə otağında qəbul edir. Heç endirib öz otağında da qəbul etmir.»

Bayram Səfərovun şəhərin və ölkənin ən müxtəlif yerlərində obyektlərinin olduğu söylənilir. Bakıda bir neçə şadlıq evi fəaliyyət göstərir. Bir müddət bundan əvvəl Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən və Milli Qəhrəman Rövşən Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkını da Bayram Səfərovun ələ keçirdiyini yazmışdıq. Doğrudur, Bayram Səfərov yazımızdan sonra məlumatı təkzib etməyə çalışsa da, araşdırmalarımız onun doğru demədiyini ortaya çıxardı. İndi Binəqədidə məskunlaşan sakinlərin XuralTAC-a verdikləri məlumatların işığında Bayram Səfərov haqqında yazdıqlarımızın tamamilə doğru olduğu meydana çıxır.

Bütün bu qanunsuzluqlar haqqında yerli sakinlərin və şuşalıların şikayət etmədiyi qurum qalmayıb. Prezident Administrasiyasından Fövqəladə Hallar Nazirliyinə qədər hər yerə məktublar göndərilib, imdad dilənib. Ancaq qurumlardan gələnlər də bir daha gəlmirlər və Bayram Səfərovun geniş nüfuzu qarşısında susqunluq nümayiş etdirirlər.

Bayram Səfərov özünü Azərbaycanın hakim ailəsinə qohum hesab edir və əslən Cənubi Azərbaycanın Sərab vilayətindən gəldiyini söyləyir. O, hər yerdə Mircəlal Paşayevlə qohum olduğunu deyərək, Mehriban Əliyevanın adından istifadə edir və qarabağlı olmadığını dilə gətirir.

XuralTAC

Redaksiyadan:

Yazıda adı çəkilən şəxs və qurumların da münasibətlərini dərc etməyə hazırıq. Məxsusən Bayram Səfərovun mövqeyi bizim üçün maraqlıdır. Biz deyilənlərə onun münasibətini öyrənmək üçün Şuşa Rayon İcra Hakimyyətinə dəfələrlə müraciət etsək də, onunla əlaqə saxlaya bilmədik.

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button