Bakıda tuthatut başlayıb!!!

02 aprel10:55

Çevik Polis Alayı “Torqovı”nı üzük qaşı kimi dövrəyə alıb…

”Qafqazinfo”nun məlumatına görə, İctimai Palatada təmsil olunan siyasi partiyaların Fəvvarələr Meydanında razılaşdırılmamış mitinqi gözlənildiyi üçün artıq səhər saatlarından nəinki Fəvvarələr Meydanı, eləcə də bütün tərəflərdən “Torqovı”nın giriş-çıxışlarında polis postları qoyulub.

“Torqovı”ya daxil olan şəxslərə ciddi nəzarət olunub. Bundan başqa, Sahil metrosunun giriş-çıxışında polis əməkdaşları, xüsusi ilə Çevik Polis Alayının ekipləri xidmət aparıb.

Demək olar ki, mitinqin keçiriləcəyi ərazi başdan-başa Çevik Polis Alayının əməkdaşları tərəfindən üzük qaşı kimi dövrəyə alınıb.

12:05

Sumqayıtda polis içərisində 18 nəfər olan sərnişin avtobusunu saxlayıb. Səbəb avtobusda Sumqayıt Gənclərinin Hüquqi Marifləndirilməsi birliyinin rəhbəri Elçin Məmməd və üzvləri Seymur Şirinov, AXCP fəalı Elçin Həsənovun olması olub. Polislər avtobusu bütün sərnişinləri ilə birlikdə 4-cü polis bölməsinə aparıblar. Avtobusu 90 AV 929 nömrə nişanlı PPX və 10 YP 610 nömrəli DYP maşınları müşaiyət edib.

***
Respublika üzrə rayonlararası polis postlarına rayonlar üzrə müxalifətçillərin siyahıları paylanılıb. Postlara həmçinin əlavə polislər cəlb olunub. Sərnişin daşıyan nəqliyyat vasitələri postlarda saxlanılıb, sərnişinlərin sənədləri həmin siyahı ilə tutuşdurulub ki, rayonlardan Bakıya müxalifətçi gəlməsin.

“Azadlıq” qəzetinin əməkdaşları eyni mənzərə ilə Sumqayıtın bütün giriş-çıxışlarında da rastlaşıblar.

XuralTAC-a KXCP-dən daxil olan məlumatlara görə, KXCP Sumqayıt şəhər şöbəsindən sədr Şakir Məmmədov, Ali Məclis üzvü Gülağa Adgözəlli, Ələddin Abdullayev, Məmmədiyyə Məmmədov və Musavat Partiyasından Oqtay Tahirov Bakıya gələrkən 90 AL 142 dövlət nişanlı PPX polis maşını tərəfindən saxlanılaraq polis idarəsinə aparılıblar.

KXCP-nin Neftçala rayon şöbəsinin üzvləri Kərimov Rahət və Ali Məclis üzvü Müşviq Abdullayev 2 aprel mitinqində iştirak etmək üçün Fəvvarələr meydanına yaxınlaşarkən polislər tərəfindən həbs ediliblər.

KXCP-nin Nərimanov rayon şöbəsinin üzvü olan Bayraqdar Elman Türkoğlu polislər tərəfindən həbs edilib.

KXCP Şirvan şəhər şöbəsinin sədri Əli Bəşirli və Şükür İzzətoğlu Şirvan şəhər polis idarəsinə aparılıblar. Polis rəsinin müavini İsmayıl Qasımov onları 2 aprel mitinqinə getməmələri ilə bağlı xəbərdarlıq edib.

12:52

Müsavat Partiyası bir qrup üzvünün saxlanması barədə məlumat yayıb

Salyandan Bakıya gələn sərnişin avtobuslarının hərəkətinə maneələr yaradılıb…

Bu barədə APA-ya Müsavat Partiyasından daxil olmuş press-relizdə bildirilib. Müsavat Partiyası Bakının Əzizbəyov rayonunda Niyaz Nəsirovun, Biləsuvarda isə Əlipənah Rzalı, Rüstəm Rüstəmov, Rahim Axundov və Səhhət adlı şəxsin polis tərəfindən saxlanıldığını bildirib.

14:17

Pənah Hüseyn tutulub

Bakının Fəvvarələr Meydanında İctimai Palatanın keçirdiyi sanksiyalaşdırılmamış aksiya başlayandan sonra ərazidə həbslər aparılıb…

“Mediaforum” saytının əməkdaşı xəbər verir ki, polis əməkdaşları Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyni və jurnalist Şahvələd Çobanoğlunu saxlayıb.

Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polis əməkdaşları aksiyaçıları kütləvi surətdə saxlayıb avtobuslara doldurublar.

Müsavat Partiyasının yaydığı məlumata görə, tutulanlar arasında KXCP üzvü Fikrət Cəfərli, müsavatçılar Cavanşir Əliyev, Azad Həsənov, Dünyaxanım Vahabova, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli də var.

Polis müxalifətə qaz buraxıb

Müxalifətin aksiyası başlayıb və hazırda şəhərin mərkəzində gərginlik hökm sürür…

“Malakan bağı”nın ətrafında “Qaz-53” markalı yük maşınında dəbilqəli və dəyənəkli polislərin hazır vəziyyətdə gözlədikləri müşahidə olunub. Natəvanın heykəlinin yaxınlığında “Hunday” markalı 6 iri avtobus salonu polislərlə dolu dayanıb gözləyir. Bundan başqa, ətrafda çoxlu mulki paltarlı polislər keşik çəkir. BŞBPİ-nin rəis müavini Yaşar Əliyev Fəvvarələr meydanına gəlib. Meydanda aparılan bütün əməliyyatlara o rəhbərlik edir. Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı, operator Mehman Kərimli Fəvvarələr meydanında çəkilş aparmağa başlarkən, BŞBPİ rəis müavini Yaşar Əliyevin birbaşa göstərişi ilə təzyiqə məruz qalıb. Polislər ona çəkilş aparmaq imkanı verməyiblər.

Fəvvarələr meydanına gələn küçələrin hamısında müxalifət fəalları həbs edilib. 100-dən artıq adam saxlanılıb. Polislər gözyaşardıcı qazdan istifadə ediblər.

«Malakan» bağının yaxınlığında 50-dək «İstefa!» çığıran aksiyaçını polislər dəyənəklə döyüb avtobusa doldurublar. Daha sonra qaz buraxıblar. Bir qədər sonra isə onları yenidən döyməyə başlayıblar. “Azadlıq” radiosunun əməkdaşları polislərin əlində travmatik tüfəng olduğunu deyiblər. Saxlananların sayı 50-dən yuxarı olub.

Yürüş edən gənclər saxlanılıb

”Azadlıq” Radiosunun məlumatlarına görə, Ruhulla Axundov küçəsində 8 polis avtomobili yolu kəsib, həyətlərə doluşan gəncləri döyə-döyə maşınlara mindiriblər. Gənclər şəhərin müxtəlif istiqamətlərində aksiyanı davam etdirirlər. Onların arasında saxlanılanlar var.

Yüzlərlə gənc Nizami küçəsindən Rəşid Behbudov adına Mahnı Teatrına kimi, daha sonra Heydər Əliyev heykəli olan bağa kimi yürüş edib.

Onlar “Azadlıq” prospekti ilə irəliləyərək, «İstefa!», «Azadlıq!» qışqırıblar.

Polislər zirehli geyimdə olduğundan onları axıradək izləyə bilməyiblər.

Nəsimi heykəli yaxınlığındakı yeni tikilinin şüşələri sındırılıb.

Jurnalistlər təxribatçıların bir neçəsini tanıyıblar, onların bəzisinin mülki geyimli polislər olduğunu deyiblər.

Polislər onları axıradək şüşəni sındırmağa qovmayıblar və KİV-ə bunun təxribat olduğunu deyiblər.

Arif Hacılı tutulub…

Mərkəzi Univermaq istiqamətindən «Fəvvarələr meydanı»na daxil olmaq istəyən Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, onun qardaşı Mustafa Hacıbəyli, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və daha 15 nəfərə yaxın müsavatçı saxlanılıb.

Onları əliavtomatlı əsgərlər döyə-döyə avtobusa mindirərək naməlum istiqamətə aparıblar.

AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna deyib ki, əliavtomatlı əsgərlər 13 nəfər aksiyaçını zorla avtobusa mindirərək hazırda naməlum istiqamətə aparıb.
Əsgərlər salona qaz buraxıblar, içəridəkilərin halı pisləşdiyindən pəncərələri açmaq istəsələr də, əsgərlər imkan vermir.

«Fəvvarələr meydanı»nda mülkigeyimli, üstündə vəsiqəsi olmayan 10-a yaxın adam çəkiliş aparıb.

Nizami küçəsində 56 saylı binanın qarşısında mülkigeyimlilər əl-ələ verib yolu bağlayıblar. Onlar «Fəvvarələr meydanı»na gedənləri buraxmırlar. AzadlıqRadiosu onların kimliyi ilə maraqlansalar da, özlərini təqdim etməyiblər.

Kitab oxuduğu yerdə tutulub…

«Fəvvarələr meydanı»nda bir nəfər kitab oxuduğu yerdə tutulub. O, aksiya iştirakçısı olmadığını desə də, onu Post Patrul Xidmətinin maşınına oturdublar.

İctimai Palatanın icazəsiz aksiyası ərəfəsində AXCP sədri Əli Kərimlinin evi qarşısında növbəti dəfə aksiya keçirilib.

Partiyanın mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, 50-60 nəfər hakimiyyətyönlü gənc Ə.Kərimlinin evinin qarşısında aksiya keçirib. Polis sonradan əraziyə gəlib və aksiya müdaxilə olmadan dağılıb.

«Fəvvarələr meydanı»na aparan yollar da bağlanıb. Bu ərazidə işləyənlər də xeyli sorğu-sualdan sonra buraxılır. Polis bunu «ərazidə dövlət tədbiri» keçirilməsiylə izah edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button