Bakılı kəşfiyyatçı Rixard Zorgenin işi haqqında sənədlərdən “gizli” qrifi götürüldü

Yaponiya hökuməti İkinci Dünya müharibəsi illərində hər vəchlə Rixard Zorgenin işi barədə məlumatların KİV-ə sızmasının qarşısını almağa çalışıb. Bu, o zamanlar ölkənin Ədliyyə Nazirliyinin altıncı cinayət şöbəsinə başçılıq etmiş Taydzo Otaya məxsus sənədlərin açıqlanmasından sonra məlum olub.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, sənədlər Otanın yaxınları tərəfindən Dövlət parlament kitabxanasına təqdim edilib.

Zorgenin qrupu 1941-ci ilin oktyabr ayında həbs olunub, onun mövcudluğu barədə ilk xəbəri isə Ədliyyə Nazirliyi yalnız 1942-ci ilin may ayının 16-da verib. Daxili istifadə üçün nəzərdə tutulmuş sənədlərdə sərt senzuranın tətbiqi barədə göstəriş mövcuddur və bununla bağlı Ədliyyə Nazirliyinin mövqeyi əks olunub. Misal üçün, qrupun üzvlərindən biri olmuş Kinkadzu Sayondzi haqqında deyilir ki, onun DİN-dəki vəzifəsi barədə məlumatlar ləğv edilməli, “vacib sirli iş” söz birləşməsindəki “vacib” kəlməsi silinməlidir.

Bu cür təhlükəsizlik tədbirləri onunla bağlı ola bilər ki, Sayondzi imperatorun on müşavirindən biri, bir vaxtlar ölkənin baş naziri olmuş Kimmoti Sayondzinin nəvəsi idi.

“Mayniti” və “Asahi” qəzetlərində mayın 17-də dərc olunmuş məqalələrdə həmin şərtlər artıq icra edilmişdi və bu onun bariz nümunəsidir ki, o vaxtlar KİV-də ciddi senzura tətbiq olunurdu.

Rixard Zorge 1895-ci ildə Bakıda anadan olub. 1914-cü ildə könüllü olaraq alman ordusuna qoşulub və Birinci Dünya müharibəsində iştirak edib. 1919-cu ildə Almaniya Kommunist Partiyasının sıralarına keçib, 1924-cü ildə isə Moskvaya köçərək, SSRİ vətəndaşlığı alıb.

1929-cu ildə sovet hərbi kəşfiyyatının rəhbəri Yan Berzin tərəfindən cxüsusi xidmət orqanlarına cəlb olunub və ölkədən xaricdə tapşırıqları yerinə yetirib. İka Rixardoviç Zonter, Ramzay, İnson və bu kimi digər ləqəblər altında çalışıb. 1930-1932-ci illərdə Çində uğurla fəaliyyət göstərib – agentura şəbəkəsi yaradıb, qiymətli məlumatlar ötürüb. Çindən Almaniyaya qayıdaraq, Zorge hərbi kəşfiyyat və Gestapo ilə əlaqələr qurub, Almaniya Milli-Sosialist Fəhlə Partiyasına üzv olub.

Zorge və onun qrupu Yaponiya ilə SSRİ arasında müharibənin, Avropadakı müharibənin daha da qızışdırılmaması işinə böyük töhfə veriblər. Almaniyanın SSRİ-yə hücumuna 4 ay qalmış Zorge Sovet hökumətinə Böyük Vətən müharibəsinin başlayacağı tarix barədə məlumat ötürüb. 1941-ci ilin oktyabr ayının 18-də Rixard Zorge köməkçiləri ilə birlikdə Yaponiya hökuməti tərəfindən həbs edilib. 1944-cü ilin oktyabr ayının 7-də Tokio həbsxanasında edam olunub.

1964-cü ildə Rixard Zorgeyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button