Bakını başımıza yıxırlar, İlham Əliyev!

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Nə günə saldınız bu məmləkəti? Niyə belə etdiniz? Qarşınızda günahmı işlətmişdi bu məmləkətin insanı? Beləmi təhvil almışdınız ölkəni? Yediniz bitirdiniz hər şeyi. Müqəddəs olası nələrsə qaldımı? Qürur deyə bir anlam var, bəylər. Qazmayın o lənətə gəlmiş neft quyularını. Oradan bədbəxtliyimizin səbəbi olan neft çıxacaq, qürur yox. Qazanmayın o qan qoxuyan milyonları. Çıxarın əlinizi cibinizdən bəylər, əl saxlayın, cibinizdəki avrodur. Qürur nə neft quyusunun içərisindədir, nə də cibinizdə. Axtarmayın. O, insanla doğulur. Nə sınır, nə də ki ölür. Adama şəcərə ilə gəlib yetişir. İnsan ölsə belə qüruru ölmür. Yeddi arxa dönəndən gələn, yeddi arxa dönənə də yetişir.

Niyə məmləkətdə çaqqallar özünü aslan zənn edirlər, ya Rəbbim? Hansısa kimyası bozuk erməniyə görə “Bakını başınıza yıxaram” demək nə? Cümlə-aləm bir yana, Siranuşun gədəsi bir yanamı? Bizə artıq öz məmləkətimizdə postamı qoyurlar? Nə günlərə qaldıq, ya Rəbbim? Artıq qarşımıza dikilib bizə kafamı tuturlar? Var get yoluna, bə adam. Bizi ağalığımızı buraxıb kabadayılığa zorlama.

Buna nə sözün, İlham Əliyev? Sənin prezident olduğun ölkəni, doğulduğun, yaşadığın şəhəri dağıtmaqla təhdid edirlər. Həm də kimə görə – bir erməni dığasına görəmi? Yenə də susursan?

Şəhidimin yarası sızladı, İlham Əliyev.

Qarabağım qan ağladı, İlham Əliyev.

Balası diri-diri bətni parçalanaraq çıxarılan ananın naləsi yenə də ərşə qalxdı, İlham Əliyev.

Namusunu, ismətini qoruyub özünü qayadan atan qızın ruhu gəlib dur, qarşıla, İlham Əliyev.

Süngüyə taxılan körpəm ağlayır, burax, sən Allah, burax gedim Qarabağıma, İlham Əliyev.

Viranə qalan bir komanı, bayquş ulayan bir evi yurd edim özümə.

Eheyy Əlif, Allahverdi, Fred Asif, qalxın sizə qurban, qalxın məzarlarınızdan. Buranı hər kəsin cəhənnəminə çevirdilər. Qalxın birlikdə gedəyin. Məni o viranə yurdda tək qoymayın.

Səbr vermə bizə, ya Rəbbim. Səbr Sənin adındır, Ulu Tanrım. Adından imtina et, Ya Rəbbim.

Ulan hırpo, bir erməniyə görə məmləkətimi başımamı yıxacaqsan?

Ulan, sən bu məmləkəti nə zənn edirsən?

Ulan, bu məmləkət ananın viranə daxmasıdırmı yıxasan?

Yıxmasan…

Yenədəmi susaq, İlham Əliyev? Nəyə xatir? Qardaşım, lənətə gəlsin o boksu da.

Eheyyy, Kəmaləddin Heydərov, Allaha and olsun ki, bütün ömrümü sənə xidmətdə keçirərəm, sana kafa tutanın karşısına dikilərəm, amma tap, tap bu məmləkəti dağıtmaqla hədələyəni, abi. Nə olar, tap. Qardaşım, səndən para-pulmu istəyirəm, vəzifəmi istəyirəm, mal-mülkmü istəyirəm, mənə partiya qurmu deyirəm, ya qəzet açmı söyləyirəm. Yox abi, vallahi də yox, billahi də yox. Qoy saydıqlarımın hamısı sənin olsun. Amma sən bu məmləkəti hədələyəni tap. Bu bir qürur məsələsidir, Heydərov. Yox, əgər tapmasan, həm bu dünyada, həm axirətdə iki əlim yaxandadır.

Lap birini kəssəniz belə.

Öldürün məni. Sən Allah öldürün. Yalnız ölu ilə diri arasında konuşma olmaz. Burası yaşanılası yer deyil. Öldürün məni!

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button