Bakının dərdi var!

Nurəddin Xoca

Bu günlərdə yağan yağış Bakı şəhər İcra Hakimiyətininin Bakı şəhərini iflic etdiyini üzə çıxardı. Bakının hansı tərəfinə getsəniz, görərdiniz ki, hər yer göldür, bircə qayıq çatışmır.

Nə oldu? Qışa hazırlıq barədə raportları üst-üstə düzən icra hakimiyyəti, deyəsən, qışdan əvvəl payız gəldiyini unudub. Unudub ki, payızda yağış yağır. Özü də Bakıda belə selləmə yağış çox olub. Amma o zamanlar Hacıbala Abutalıbov kimi Bakı rəhbərliyi yox idi. Ən azından, icra strukturlarının müdaxiləsini görürdük. İndi isə selə batmış şəhəri öz ümidinə buraxılmış gördük. Gərək düz danışaq, bəzi yerlərdə səhərdən yağan yağış barədə ancaq axşam xəbər tutaraq işə başladılar. Amma nə xeyri, köhnə hamam köhnə tas. Yenə kanalızasiya göllələrindən su fəvvarə kimi vurur, yenə maşınlar su gölməçələrində üzürdülər. Dəfələrlə olduğu kimi, yenə yağış görməyənlərə göstərdi ki, Bakı şəhər İcra Hakimiyyətinin verdiyi sözlər yerinə yetirilmir. Deməli, şəhər sakinləri təbiətin fəlakətləri ilə üz-üzə qalırlar. Ona görə də onlar Hacıbala müəllimdənsə, özlərinə ümid etsələr, yaxşı olar. Hacıbala müəllimin dedikləri isə ancaq protokol xatirinə deyilən sözlərdir. Vaxtı gələndə bu sözlər sənəd şəklini alacaq. Axı hər il Bakı şəhəri icra hakimiyyətinə büdcə ayrılır. Bu pulları birtəhər həzmi-rabedən keçirmək lazımdır. Bu da az pul deyil. Mən demirəm ki, hamısı yeyilir, daha doğrusu, hamısını kimsə tək yeyir. Əsla. Bu mümkün deyil. Biz tək pəncərə sistemi tətbiq edən bir dövlətik. Bununla, başa düşən adamlara, çox söz deyilir. Axı biz hamımız reallıqlardan xəbərdarıq. Yağış yağdı, qar yağdı, tufan oldu, sel gəldi, – bunlar hamısı gəldi-gedərdir. Amma yazılar, çıxışlar, sənədlər qalandır. Hətta bizim şəhər məmurları deyərdim ki, təbii fəlakət olanda sevinirlər. Mollalar yas adı eşidəndə sevinən kimi. Axı, bu fəlakətlər zamanı xilasetmə işləri aparılır, sonra bərpa işləri, sonra kompensasiyalar və ilaxır.

Düzdür, həyatda bu dediklərim demək olar ki, kağız üstündə qalır (Puldan başqa.) Nə var ki, yağış yağdı, bir-iki gün sonra hər şey qurtardı. Həyat öz axarına düşdü. Amma bu sadə adamlar üçün. İcra hakimiyyəti isə deyilib görülməyən işləri kağıza köçürüb, onu pul ekvivalentinə döndərməlidir.

Nə isə, yaralarımıza təzədən duz basmayaq. Gözləyək qışı və hazırlıqlı olaq. Bundan sonra bu strukturlar Qurandan don geyinsələr belə, artıq onlara inam yoxdur. Həvəsdi, bəsdi!

Hərdən fikirləşirəm, bir kişi oğlu ola, bu çıxışları toplaya. Bilirsiniz niyə? Axı, kim nə deyirsə-desin, bir ilahi haqq-ədalət var. Bunu dünənə qədər Allaha bəndəlik etməyən çox məmurlar hiss ediblər. Deyirəm, birdən işdir, Haçıbala müəllimə, Allah eləməmiş, Rəfael Allahverdiyevin taleyi qismət olsa, aparıb versin ona. Bəlkə asudə vaxtlarında özü qulaq asıb bir nəticə çıxara. Çünki bizdə məmurlar düz nəticəni vəzifədə olmayanda çıxarırlar. Heyf ki, vəzifəyə gələn kimi hamı hər şeyi unudur. Unutmaq deyəndə, mən heç kimin xəstəliyinə və ya qocalığına işarə vurmuram. Nə olsun, iki gün əvvəl Misir Mərdanovun da 65 yaşı tamam oldu (onu təbrik edirəm, qoca kişidi, təbrikə ehtiyacı var). Təhsildəki bütün 65 yaşlıları təqaüdə göndərdi, özü isə təkpəncərəli sistemin qabaqcıl nümayəndəsi kimi oturub yuxarı başda.

 

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button