Bakıya “Qəhrəman şəhər” adı verilməlidir

qudsi-osmanov

Rusiyanın “Parlament qəzeti”ndə Dövlət Duması yanında Gənclər Parlamentinin ekspertlər Şurasının təşkilatçılığı ilə “İkinci Dünya müharibəsinin tarixinə həsr olunmuş Ümumrusiya testinin” nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. 

Mətbuat konfransında Rusiyanın Dövlət Dumasının sədr müavini, Vahid Rusiya Partiyasından olan deputat Segey Jeleznyak, tarix üzrə “Ümumrusiya testi”nin koordinatoru Mariya Voropayeva, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov və layihənin tərəfdaşı Anton Şpakov iştirak ediblər.

Tədbirdə çıxış edən Qüdsi Osmanov Azərbaycanda bu tədbirin böyük maraqla qarşılandığını söyləyib. Diplomat Bakı şəhərinin “Qəhraman şəhər” adı ilə təltif edilməsi ideyasını səsləndirib: “Sovet dövründə Bakı şəhəri formal olaraq bu fəxri ad ilə təltif olunmayıb, halbuki, bakılıların qəhrəmanlığı olmasaydı, ümumi qələbə əldə olunmazdı. Böyük Vətən müharibəsində cəbhənin neftə olan tələbatının 80 faizini məhz Azərbaycan təmin edirdi”.

Səfir müavini onu da qeyd edib ki, Bakı şəhərinə “Qəhraman şəhər” adı verilmədiyinə görə azərbaycanlılarda ədalətsizlik hissi mövcuddur: “Heç kəs şübhə altına qoymur ki, Bakı neftçilərinin düşmən üzərində qələbədə əvəzolunmaz rolu var, hətta demək olar ki, onların rolu lazımi qədər qiymətləndirilməyib. Sovet dövründə formal olaraq Bakıya “Qəhrəman şəhər” fəxri adı verilməyib. Lakin faktlar onu göstərir ki, Bakı neftçilərin əmək qəhrəmanlığı olmasaydı, bizim ümumi Qələbəmiz əldə olunmayacaqdı. Ona görə də, Bakıya “Qəhrəman şəhər” adı verilməlidir.

Böyük Vətən müharibəsinin əvvəlində Azərbaycanda 3 milyon 400 min əhali yaşayırdı, lakin altı yüz mindən çox, yəni, hər beşinci adam, müharibənin ayrı-ayrı cəbhələrində vuruşurdu. Sovet hərbi maşınlarının 80 faizi isə Azərbaycan yanacağı ilə doldurulurdu. Hətta əfsanəvi “Katyuşalar” üçün mərmilər Bakıda hazırlanırdı. Baxmayaraq ki, Bakı “Qəhrəman şəhər” adı ilə təltif olunmayıb, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 9 May – Qələbə günü – Azərbaycan Respublikasının rəsmi dövlət bayramları təqviminə daxil edilib”.

Dövlət Dumasının sədr müavini Sergey Jeleznyak isə çıxışında xarici dövlətlərdə bu testə marağın böyük olduğunu söyləyib: “Test imtahanının keçirildiyi xarici ölkələr sırasında Avstraliya, Azərbaycan, Belçika, Belarus, İsrail, Ermənistan, İran, Kanada Norveç, Polşa, Özbəkistan, Ukrayna, İsveç və Yaponiya olub”.

Rusiya parlamentinin vitse-spikeri testin faktiki olaraq bütün qitələrdə keçirildiyini vurğulayıb.

Qeyd edək ki, 23 aprel tarixində Rusiya ərazisində və 13 xarici ölkədə ilk dəfə olaraq İkinci Dünya müharibəsinin tarixinə həsr olunmuş “Ümumrusiya testi” keçirilib. Həmin tədbir ilk dəfə Azərbaycanda da təşkil olunub. Tədbirdə Bakının ayrı-ayrı məktəblərin şagirdləri və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button