Balın doşab çıxmaqlığı

Bal yarmarkasından xüsusi reportaj…

Həkimlərin bildirdiyinə görə balın ürək-damar, mədə-bağırsağa, eləcə də insanın iradəsinin möhkəmlənməyinə, bədəninin gümrahlaşmasına böyük xeyri var. Bu səbəbdən də balın, daha doğrusu, sağlamlığımın dalınca Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Komitəsinin təşkil etdiyi bal yarmarkasına üz tuturam. İlk öncə onu qeyd edim ki, yarmarka Xətai rayonunda, Bakı kinoteatrı ilə üzbəüz açıq havada keçirilir. Bura daxil olduqda hər tərəf göz oxşayır. Bir yandan balın qoxusu, digər tərəfdən ağ xalat geyinmiş arıçılar və  bazarın təhlükəsizliyini qoruyan polis briqadasını görəndə adam sevinməyə bilmir. Ancaq təəssüf  ki, təmiz balı yedikdən sonra insanın boğazı necə acışırsa eləcə də, yarmakarka barəsində məlumat öyrəndikcə mənzərə dəyişir. Zaqatala, Qax, Daşkəsən, Gədəbəy, yazılmış lövhələrin yanından keçib Şəki balının qarşısında dayanıram. Heç nə soruşmamağıma rəğmən, satıcı himə bəndmiş kimi, balın xeyirlərindən danışmağa başlayır. Öyrənirəm ki, balın əsasən, iki növü var – cökədən və çiçəkdən yığılanlar. Bunlar rənginə və dadına görə bir-birindən fərqlənir. Hər birinin özünə xas, gözəl qoxusu var. Birdən ağlıma balın qiymətini soruşmaq gəlir. Arıçının “iyrimi manat” deməsini eşidəndə duruxuram. Çünki bura gəlməmişdən yarmarka barəsində kiçik araşdırma aparmışdım. Bildiyimə görə, komitə burada satılacaq bütün balların qiymətinin standart olaraq on beş manat olacağını bildirmişdi. Bu fikirlərimi orta yaşlı, ağ saçlı satıcı ilə bölüşürəm. O da cavabında: “A bala, kimdi təmiz balını on beşə satan? Sən dediyin yarmarkanın öz mallarıdı, hansı ki, içinə  “pesok-mesok” qatıblar”. Burfda barmağımı dişləməməyim demək olar ki, mümkünsüzdü. Deməli, yarmarkada kimlərinsə marağı var və bu marağın adı “yarmarkanın öz balı”dır. Hər ethimala qarşı dayıdan soruşuram ki, bəs bala il ərzində nə qədər xərc çəkirsiniz? O da başlayır giley-güzəra. “Eh, heç deyiləsidir? Bunun dərmanlanmağı var, bir yerdən digərinə köçürülməyi var, hələ öz əziyyətimizi demirəm.”

Digər ballara baxmaq adı ilə Şəki balı ilə sövdələşib uzaqlaşıram. Özümü verirəm Qax balının yanına. Bu arıçıdan da çatan kimi məsləhət alıram. “Hər səhər bir qaşıq bal mədə ağrısına xeyirdi”. Qorxumdan birinci qiymətini soruşuram. Cavabında on beş manat eşidəndə şübhələnirəm. Bəlkə bu da dayının dediyi tərkibinə “pesok-mesok” qarışdırılmış “yarmarkanın öz balı”ndandı? Qiymətin belə ucuz olmasının səbəbini soruşanda satıcı deyir ki, “neyniyə bilərəm ki, məcbur edirlər ki, on beş manata satım. Mən evimdəcə kilosunu heç olmasa iyirmi manata satıram.Vallah, heç əziyyətimə də dəymir”. Qax balı ilə də sağollaşıb arı tək qonuram Zaqatala balının piştaxtasına. Artıq təcrübəli olduğum üçün satıcını danışmağa qoymuram. “Xala, bu təmiz baldı” deyə soruşuram. Xala deyə müraciət etdiyim, belinə şal bağlanmış 45-50 yaşlarındakı xanım başlayır and-amana. Bütün balalarının başını saydıqdan sonra öz balını bəh-bəhlə tərifləyir. Ancaq mən hələ də balın təmiz olmağına inanmıram. Xala inanmsızlığımı görüb balı süzməyə başlayır.” Bax ay bala, bal ki qırıldı, deməli təmiz deyil. Görürsən ki, mənim balım elə hey süzülür”. Daha etiraz etmək üçün bir söz tapa bilmirən. Ancaq birdən yadıma düşür ki, komitə nümayəndəsi mətbuatda deyib ki, bütün balların təmizliyinə zəmanət verən sertifikatları var. Tezbazar zaqatalalı xaladan soruşuram ki, “bəs sizin sertifikatınız varmı?” Xala duruxur və cavab verir ki, “baldan nümunə götürüb, aparıblar laboratoriyaya. Bir azdan sertifikat gətirib verərlər” Yenə ağlıma bir sual gəlir ki, görəsən hələ ki, keyfiyyətinə əmin olmadıqları balın hansı haqla  satışına icazə verirlər. Artıq məndə şühbə yaranmağa başlayır ki, birdən keyfiyyətindən asılı olmayaraq yarmarkadakı bütün ballara sertifikat verərlər. Söhbəti uzatmamaq, daha bir neçə and eşitməmək üçün bu şübhələrimi xala ilə bölüşmürəm. Yarmarkadan bal almaq barəsində bir daha fikirləşməyi qərarlaşdırıram. Satıcılardan bir xeyir çıxmayacağını görüb, məsləhət almaq üçün alıcılara yaxınlaşıram. Onların hamısından da eyni cavabı eşidirəm. “Onsuz da heç yerdə təmiz bal yoxdur. Burada heç olmasa ucuzdu. Uşaqlarımız da heç olmasa balın dadını bilirlər”. Alıcı deyə yaxınlaşdığım insanlardan biri isə baldan deyil, yarmarkadan şikayətlənir. Daha sonra bildim ki, sən demə, bu heç alıcı deyilmiş, sadəcə yoldan keçirmiş. Onun şikayəti yarmarkanın yolun ortasında qurulmasından idi. Dediyinə görə, bu yarmarka insanların gediş-gəlişinə maneçilik törədir. Kənardan baxanda dediklərinə haqq verməli oluram. Artıq balın xeyirlərindən imtina edib, heç olmasa sağlamlığımı qoruya bilmək üçün yarmarkadan uzaqlaşıram. Uzaqlaşdıqca, qaralmağa başlayan ağ xalatlı arıçılar, getdikcə zəifləyən bal qoxusu məni düşünməyə vadar edir. Bəlkə də mənim bəxtim yoxdur. Yoxsa camaatın aldığı doşab da bal çıxdığı halda, mənim balım niyə doşab çıxsın ki?!

Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button