Balqabaqla qabağa getmək arzusu…

Yaxın günlərdə “Hünər Group”un nəzdində yeni bağça fəaliyyətə başlayacaq. Körpə fidanlarımızın tərbiyəsi ilə məşğul olacaq bu yeni müəssisə “Brave Kids” adlanır. Şirkətin piar meneceri, əziz tələbə yoldaşım Nəsimi Paşayevin sayəsində bağçaya bu cür dəbdəbəli ad tapmaq mümkün olub.
Sosial şəbəkə iştirakçıları, xüsusilə də jurnalistlər milli ad seçmədiyinə görə “Hünər Group”u tənqid edirlər. Hamı bir-birindən soruşur: niyə “Buta”, “Qönçə”, “Fidan” yox, “Brave Kids”? Mənim təxmini qənaətim budur ki, “Buta”, “Qönçə”, “Fidan” özündə milli çalarları ehtiva edir. Görünür, “Hünər Group”un rəhbərliyi hesab edir ki, Bakıda “Buta” adlı yeni bağçanın fəaliyyətə başlamasıyla bağlı xəbər insanlarda maraq oyatmayacaq. Qeyri-ixtiyari olaraq, adamın gözünün qabağına uşaqlara çatmalı olan ətin, yağın, düyünün, şəkərin satıldığı tərbiyə müəssisəsi gələcək. Kasıb ailələrin övladları olan uşaqların ətsiz şorbaya qonaq edildiyi bu cür bağçalar Bakıda çoxdur. “Hünər Group” biznes strukturudur. Onlara pul lazımdır. Azərbaycan brendi isə pul gətirmir…
Ötən il sosial problemlərin müzakirə olunduğu verilişlərin birində Türkiyədən gəlmiş xanım doktorla yanaşı əyləşmişdim. Cavan qız idi, ağzından süd iyi gəlirdi. Bir saat ərzində ağzına gələni danışıb, çıxıb getdi. Verilişdən sonra aparıcıya öz iradımı bildirdim: “Onun işlədiyi xəstəxana Türkiyədə ilk yüzlüyə belə daxil deyil. Bu ağılla onu Ankarada, İstanbulda məşhur xəstəxanalarda tibb bacısı vəzifəsinə də götürməzlər”.
Cavabı belə oldu: “Əsas odur ki, xaricdən gəlib. Camaat Azərbaycan həkimlərinə inanmır”.
Həmin vaxt telekanallarımızda İrandan gəlmiş bir həkimin reklamı gedirdi. Jurnalist marağı gec gəldiyi üçün həmin həkimin kimliyi ilə maraqlandım. Ərdəbildə yaşayan müəllim dostum sorğuma belə cavab yazdı: “Burda onu it yerinə də qoymurlar”.
Amma nə olsun? Öz ölkəsində it yerinə qoyulmayn həkimin qəbuluna düşmək üçün Bakıda bir həftə vaxt sərf etmək lazım gəlir. Çünki xaricdən gəlib. Azərbaycanlı olduğu üçün özündən qat-qat savadsız adamların əlinin altında işləyən həkimlərin sayı-hesabı yoxdur…
Alış-veriş etməyə həvəsli olduğum üçün evə lazım olan gündəlik tələbat mallarını özüm alıram. Dünən baş çəkdiyim ticarət mərkəzində həm 1 manat 99 qəpiyə, həm də 2 manat 67 qəpiyə mandarin satılırdı. İki yanaşı yeşikdəki məhsulun fərqli qiymətə satılması diqqətimi cəlb etdi. Səbəbini soruşanda, satıcı oğlan əlini bir kiloqramı 2 manat 67 qəpiyə satılan mandarinin üstünə qoyub, belə dedi: “Bu məhsul Türkiyədən gəlib”.
Maraq güc gəldiyi üçün paltar satılan şöbəyə daxil oldum. Kişi alt paltarının hamısı Türkiyə və Çindən gətirilmişdi. Köynək və şalvarlar da türk, İran və Çin malları idi. Corabların da etiketinə baxdım. Biri də Azərbaycanda istehsal olunmamışdı. Dünəndən bəri bir sual mənə rahatlıq vermir: biz o qədər aciz adamlarıq ki, özümüzə tumuş da tikə bilmirik?
İki il sonra müstəqilliyimizin 30 ili tamam olacaq. 28 ildə bir cüt corab istehsal etmək çoxmu çətindir? Hazırda biz dünya bazarına hansı məhsulumuzu çıxara bilirik? Varmı elə bir məhsul?
Bir ay əvvəl Kürdəmirdən qayıdanda dostum yolun kənarında meyvə satan adamların yanında maşını saxladı. Piştaxtada alma, armud, heyva və nar düzülmüşdü. Almanın mənşəyi ilə maraqlananda, satıcı İrandan gətirildiyini dedi. Özümdən asılı olmayaraq, bir addım geri çəkildim. Yerli mal axtardığımı başa düşən satıcı bir qədər kənarda yan-yana düzdüyü balqabaqlardan birini qucağına alıb, mənə yaxınlaşdı: “Müəllim, öz məhsulumuzdur. Dadına söz ola bilməz”.
Balqabaqla nə qədər qabağa gedə bilərik? Bax, günün əsas sualı budur…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button