“Bandotdel”də məni döydülər, zorlamaqla hədələyəndə dedim ki…”

Teymur Kərimov: “Yuxarıda Prezidentin şəklini asıb, aşağıda alver edirlər, biri Rövşən Lənkəranskinin məzarının yanında foto çəkdirmişdi deyə ora gətirib…”

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimov polis özbaşınalığı haqqında hazırladığı reportajlara görə şərlənərək həbs olunduğunu bildirir.

Bu barədə o, məhkəmədə ifadə verərkən danışıb.

6 aya yaxındır ki, həbsdə olan jurnalist hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Onun işinə Azad Məcidovun sədrliyilə, Əli Məmmədov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası baxır.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunur. Lakin İstək Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Mayın 29-da məhkəmədə prokuror Fariz Rzayev ittihamı elan edib.

İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb.

Teymur Kərimov bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini söyləyib.

Onun sözlərinə görə, Fərrux Ələkbərovu şəxsən tanımayıb, heç vaxt da görməyib. Bir neçə dəfə bu şəxs ona zəng etsə də, əksər hallarda onun zənglərinə cavab verməyib:

Mən onu nə görmüşəm, nə də pul istəmişəm. Əksinə, onun mənə yazdığı mesajlarda təhrik var. Qanuna görə, təhrik də cinayət sayılır. Amma istintaq bunu araşdırmayıb. Niyə?”.

Leyla Almaszadəyə gəlincə, Teymur Kərimov bildirib ki, bu şəxsin özü ona və başqa jurnalistlərə müraciət edərək şikayəti olduğunu deyib:

“Şikayətlənirdi ki, dərnəkdə kondisionerə görə qızı pnevmaniya olub. Onun şikayətindən sonra məktəbə gedib, onların da fikrini soruşduq. Polislər gəlmişdi, elə onların yanında Leyla Almaszadəyə dedim ki, bunu mülki qaydada məhkəməyə verə bilərdiniz, Elm və Təhsil Nazirliyinə şikayət edə bilərdiniz. Əgər nəticəsi olmasaydı, axırda jurnalistlərə müraciət edərdiniz. İndi bu adam necə deyə bilər ki, mən ondan hədə-qorxu ilə pul tələb eləmişəm”.

Teymur Kərimov vurğulayıb ki, onu həbs etmək üçün qurama ittihamlardan istifadə olunub.

Onun sözlərinə görə, həbsindən əvvəl onun özünü hədələyib, cəzalandırılacağı barədə xəbərdarlıq etmişdilər:

Həm “Bandotdel”dən hədələmişdilər, həm də Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev. Səs yazıları da var”.

Foto: Teymur Kərimovun şəxsi arxivindən

Jurnalist dekabrın 11-də necə həbs olunması barədə danışarkən bildirib ki, həmin gün qızını xəstəxanaya aparıb, daha sonra avtomobilinə yağ alıb gedəndə ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb:

Soruşdular ki, sən Teymursan?Cavab verən kimi, məni zorakılıqla maşının arxa oturacağına atdılar. Dedilər ki, guya məni daxili işlər nazirinin qəbuluna aparırlar. “Gənclik” tərəfə çatanda döndü, onda bildim ki, “Bandotdel”ə aparırlar. Bundan əvvəl də bir neçə dəfə çağırıb hədələmişdilər. Orada ya ikinci, ya da üçüncü mərtəbəyə qaldırdılar. Orada bir az döydülər. Qapısında “rəis müavini” yazılmış bir otağa saldılar”.

Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onu əvvəl narkotiklə şərləməyə çalışıblar. Hətta cibinə 3 büküm narkotik də qoyub, çəkiliş də aparıblar. Lakin o, çəkiliş vaxtı həmin narkotikin ona aid olduğunu deməkdən imtina edib.

Teymur Kərimov deyir ki, onu döysələr də, narkotiki üzərinə götürməkdən imtina edib:

Mənə dedilər ki, burada etiraf eləməyən olmayıb, sən də edəcəksən. Sonra fikirlərini dəyişdilər. Biri o birinə dedi ki, jurnalistə narkotik uyğun gəlmir, yaxşısı budur, 182 (hədə-qorxu ilə tələb etmə) ilə göndərək. Polkovnik bunlara deyirdi ki, elə yerinə vurun, üzdə görünməsin. Məni müstəntiqin yanına aparanda dedi ki, “əmrin yuxarıdan gəlib”, yaxşısı budur, özünü döydürmə, sənə 182.1 maddəsini verəcəyik, o da 2 ildən 5 ilə qədərdir. Yenə də razılaşmadım. Məni çox döydülər. Axırda biri gəldi, məni zorlamaq göstərişi verdi. Dubinkanı götürəndə dedim ki, bundansa lap istəyirsiniz, dədəmin də üzünə durum”.

Teymur Kərimov onu da bildirib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona qarşı qanunsuzluqlarla əlaqədar Prezident Administrasiyasına şikayət edəcəyini deyəndə rəis müavini Prezidentin ünvanına nalayiq ifadələr səsləndirib:

Burada daha mədəni şəkildə ifadə edərək deyirəm onun təhqiramiz sözlərini. Dedi ki, onun özünü biz qoruyuruq, neyləyəcək bizə? Məni bir otağa saldılar, orada əməlli-başlı alver gedirdi. Yuxarıda divarda Prezidentin şəklini asıb, aşağıda alver eləyirdilər. Biri Rövşən Lənkəranskinin məzarının yanında şəkil çəkdirib paylaşıb, onu gətirmişdilər, atasından pul tələb edirdilər. Biri bahalı maşın alıb, onu tutub gətirmişdilər ki, bunun “şirinliyini verməlisən””.

İstintaqdakı qanunsuzluqlar barədə danışan jurnalist əlavə edib ki, istintaqda müstəntiqlərin yol verdiyi saxtakarlıqların əsas günahkarı prokurorluq və məhkəmələrdir. Çünki istintaqa nəzarət etməli olan prokurorluq saxtakarlığa, qanunsuzluğa göz yumur, işi olduğu kimi məhkəməyə göndərir.

Məhkəmələr də özlərini görməməzliyə qoyur, qanunsuzluqları təsdiqləyib, hökm çıxarırlar.

Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edir.

Teymur Kərimov 2023-cü ilin dekabrında həbs olunanda əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu.

Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib.

O həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

İstək Totiyevaya da bu maddə ilə ittiham verilib.

Bu maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button