Banklar 57 minə yaxın tələbənin “qənimi”nə çevriləcək?!

Dövlət "təhsil tələbə krediti"ni dəstəklədi

Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb. Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır:
“Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavriat, 10851-i magistratura, 34392 nəfəri subbakalavriat üzrə təhsil alır. Bunlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Həmin tələbələrin 40465 nəfəri bakalavriat, 5426 nəfəri magistratura, 10317 nəfəri isə subbakalavriat üzrə təhsil alır”.

Tələbə kreditinin qaytarılmasında kimlərə möhlət veriləcək?

“Təhsil tələbə krediti uzunmüddətlidir. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır”.

Onun sözlərinə görə, təhsil dövründən sonra iki illik möhlət verilir ki, həmin tələbə əmək bazarına keçid etsin. Bəzi hallarda təhsil tələbə kreditinin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.

Bunlar aşağıdakılardır:

-Yuxarı təhsil səviyyəsində əyani təhsil

– həqiqi hərbi xidmət,

– məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması),

– işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti”.

Kreditin sığortalanan halları təhsil krediti götürən tələbənin ölümü və əmək qabiliyyətinin tam, yaxud qismən itirilməsi zamanı olur.

Tələbə təhsil kreditlərinin verilməsində faizlərin hesablanmasında və kreditin qaytarılmasında ediləcək güzəştlərin detalları barədə məlumat verən İdris İsayev təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunacağını deyib.

Onun sözlərinə görə, kreditə görə faizlər müvafiq qaydada hesablanacaq.

Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

– ÜOMG-si 71 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü Kreditə görə faiz hesablanmır.

– Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və Yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və Yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişindən azad olunur.

Nazir müavini bildirib ki, standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir: “ÜOMG-si 91 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunacaq.

“Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.

İdris İsayev onu da bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.

İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb: “Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə əgər tələbə universiteti bitirdikdən sonra Təhsil Tələbə Kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq”.

O əlavə edib ki, TTK-nın veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: “Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər”.

Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərə başlanılıb

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button