Banqladeşdə müvəqqəti hökumətə “Nobel” mükafatçısı rəhbərlik edəcək
Yayımlandı: 7 Avqust 2024 11:58
Məhəmməd Yunusun tezliklə ölkəyə dönəcəyi bildirilir
Bankir və “Nobel” sülh mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.
Bu barədə Banqladeş Prezidentinin sözçüsü Coynal Abedin bildirib.
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin ilə ölkədə genişmiqyaslı etiraz aksiyaları təşkil edən “Tələbələr ayrıseçkiliyə qarşı” hərəkatının nümayəndələri arasında keçirilən görüşdə Məhəmməd Yunus müvəqqəti hökumətin baş məsləhətçisi seçilib.
Bundan əvvəl də o etirazçıların çağırışına cavab olaraq müvəqqəti hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirmişdi.
M. Yunusun tezliklə Banqladeşə dönəcəyi gözlənilir.
Bankirin hazırda tibbi prosedur üçün Parisdə olduğu deyilir, digər mənbələrə görə isə Beynəlxalq Olimpiya Komitəsinin dəvəti ilə xüsusi qonaq qismindədir.
Coynal Abedin bildirib ki, müvəqqəti hökumətin digər üzvlərinin də adı tezliklə açıqlanacaq.
Avqustun 6-da ölkə Prezidenti Məhəmməd Şahabuddin 300-ə yaxın insanın ölümü ilə nəticələnən etirazlar fonunda hökuməti buraxıb.
84 yaşlı Məhəmməd Yunus bankir və iqtisadçıdır.
O həm də mikromaliyyə və mikrokreditin qabaqcılı adlanır.
2006-cı ildə M.Yunus və onun Grameen Bankı “iqtisadi və sosial inkişaf yaratmaq səylərinə” görə Nobel Sülh Mükafatını alıblar.
İqtisadçı və onun bankı kiçik biznesi stimullaşdırmaq və dünyanın müxtəlif ölkələrində milyonlarla insanın yoxsulluqdan qurtulmasına kömək etmək üçün nəzərdə tutulmuş mikrokredit və mikromaliyyə konsepsiyasını təqdim etməsi ilə diqqət çəkib.
M. Yunus həm də 2009-cu ildən Banqladeş parlamentinə rəhbərlik edən keçmiş baş nazir Şeyx Hasinanın uzun müddətdir ki, tənqidçisi kimi tanınır.
Şeyx Hasina avqustun 5-də kütləvi etirazlar fonunda istefa verib və ölkəni tərk edib.