Baş həkimi xəstə, müavini poçtalyon olan xəstəxana

20 saylı Birləşmiş Şəhər Xəstəxanası, yoxsa şəxsi biznes mərkəzi?!

 Azərbaycan səhiyyəsi olduqca bərbad vəziyyətdədir. Zaman göstərdi ki, bu sahəyə kimlərin leqal və ya qeyri-leqal əl qoymaları vəziyyəti zərrə qədər də dəyişmədi. Əli İnsanovun zamanında da səhiyyədə rüşvət adına talançılıq tüğyan edirdi, Oqtay Şirəliyevin nazirliyi dönəmndə də vəziyyət dəyişməz olaraq qalır. Hələ bir az da pisdir. Azərbaycan həkiminin adına ləkə gətirəcək elə hadisələr baş verir ki, dillə ifadəsi belə mümkün deyil. Gör vəziyyət hansı həddə çatıb ki, pul verə bilməyən nəinki dirini, hətta ölünü belə xəstəxanalar girov saxlayırlar. Bir müddət öncə tanışlarımdan birinin yaxın qohumunun, doğuş prosesi zamanı yol verilmiş səhlənkarlığın nəticəsi olaraq dünyaya gələcək körpəsi ölü doğulub. Şokda olan gənc ailəyə yaxınlaşan həkim “filan qədər pul verin, uşağı hazırlayaq, aparın dəfn edin” deyə heç nə olmamış kimi hətta ölü doğulan körpə müqabilində belə rüşvət istəyib. Mən inanmıram ki, bu insanlar həkim kimi and içiblər. Yox, əgər and içiblərsə, onda yəqin ki, Hippokrat qəbrində çoxdan karuselə dönüb. Bu, nəinki həkim davranışı, hətta ən acımasız qatilin belə etməyəcəyi vicdansızlıqdır. Əgər ortada ölü doğulmuş bir məsumun nəşi varsa və hələ də rüşvət düşünülürsə… Bunu düşünmək belə dəhşətldir. Amma Azərbaycan həkimi bunu edib. Bəlkə bu gün də edirlər. Sadəcə, insanlar abırlarına qısıldıqca, bu cür nadanlar daha çox abırdan gedirlər.

 Mən poçtalyonam

 Paytaxtın Xətai rayonunda yerləşən saylı Birləşmiş Şəhər Xəstəxanası və həmin xəstəxananın poliklinikası ilə bağlı redaksiyamıza uzun zamandır ki, davamlı şikayətlər gəlməkdədir. Lakin zaman baxımından həmin tibb müəssisələrinə baş çəkə bilmirdik. Nəhayət, şeytanın qıçını qırdıq. Əsasən, şəkər xəstəliyi olan soydaşlarımız bu poliklinikada özlərinə qarşı bütün tibb personalının neqativ mövqedə olmasını bildirirdilər. Bu da səbəbsz deyil. Həmin xəstələr dövlət tərəfindən müəyyən preparatlar və dərmanlarla hər ay pulsuz təmin olunmalıdırlar. Nəzərə alsaq ki, şəkər xəstəliyi insanın əsas daxili orqanlarının sıradan çıxarılması prosesini demək olar gizli şəkildə aparır, xəstəlikləri öncədən müəyyən etmək üçün mütəmadi olaraq müxtəlif təyinatlı həkimlərin yoxlamasından keçməli, mümkün olan bütün ehtiyat tədbirlərini görmək tələb olunur. Şəkərli xəstələrdən rüşvət formasında pul ala bilməyəcəklərini öncədən bilən həkimlər demək olar ki, onları başlarından edirlər. Bundan başqa, dərman və digər preparatları almaqda da olduqca zorluqlar çəkən xəstələri baş həkim Yusif Bağırov ümumiyyətlə gözdən çıxarıb. Edilən şikayətlər divara söylənilmiş kimi təsirsiz qalır.

Redaksiyamıza daxil olan şikayətlərdən birində təqdim olunan ərizəyə əlavə olunmuş şəkərin miqdarını göstərən testin verilməsi ilə bağlı həkim göstərişi qeyd olunan sənədi də götürüb poliklinikaya gəldim. Özümü xəstə yiyəsi kim təqdim etdim. Hər şeyin canlı şahidi olmaq istəyirdim. Kimə müraciət edəcəyimi xeyli soraqlayandan sonra kifayət qədər laqeyd bir xanımı nişan verdilər.

–         Şəkər aparatı üçün test lazımdır – deyib həkimin yazdığı göndərişi tibb bacısına uzatdım. Laqeydliklə aldı, ötəri nəzər salıb konkret olaraq:

–         Yoxdur –deyib mənə qaytardı.

–         Bəs həkim bunu niyə yazıb?

–         Onu həkiminizdən soruşun.

–         Rəhbərliklə görüşə bilərəmmi?

Əli ilə saymazyana açıq qapını göstərdi. Bu, baş həkimin müavini İkram Eminovun xidməti otağı idi. Qapıya yaxınlaşıb:

–         İcazə olar, həkim? – deyən kimi, başını yuxarı qaldırmadan telefonla kiməsə məsləhət verən bu şəxs uzun-uzadı danışandan sonra içəri keçməyimə icazə verdi.

–         Mənə test lazımdır.

Baş həkimin müavini içəridən uca səslə adını yadda saxlaya bilmədiyim bir xanımı səslədi. Bir az öncə söhbət etdiyim xanım idi. İstəyimi həmin xanıma deyən kimi:

–         Elnarə icazə vermir – cavabını aldı.

–         Yoxdu qardaş, gələn ay gəl – müavin söylədi.

–         Həkim, bu test xəstə üçün çox vacibdir, ən azı gündə bir-iki dəfə şəkərin miqdarı ölçülməlidir. Nəzarətdə saxlamasan, adam ölə bilər. Apteklərdən də axtarmışam, tapa bilmirəm.

–         Vallah, mən heç nə edə bilmərəm, Elnarə icazə vermir.

–         Axı bu Elnarə kimdir, baş həkimdir?

–         Yox, “medsestradır”.

–         Əgər burada qərarları sadə bir tibb bacısı verirsə, bəs onda siz kimsiniz?

–         Mən poçtalyonam, hara qovurlar ora da qaçıram.

Saçı-saqqalı ağarmış, xarizmasız və prinsipsiz bu adamla danışmaq artıq məndə ikrah hissi yaradırdı. İnsan görəsən, nəyin müqabilində bu qədər özünü aşağılaya bilər? Həkimin otağından çıxan kimi saçını-qaşını rəngləyib, 65-ni gizlətməyə çalıçan bir tibb bacısı hövlank mənə yaxınlaşıb soruşdu:

–         Maşın sizindir?

–         Bəli.

–         Tez götürün oradan, indi baş həkim gələcək.

–         Axı mən yolu bağlamamışam.

–         Baş həkim maşınını məhz orada saxlayır.

Xanımın ədalı və yaltaq canfəşanlığı baş həkimin müavinindən aldığım mənfi enerjini bir az da artırdı. Bura sanki bir tibb müəssisəsi deyil, qara magiya ilə məşğul olanların məkanı idi.             

 

Bir testə görə gəlmisən?

 

Poliklinikadan çıxıb yolun digər hissəsində, lakin kifayət qədər gözdən uzaq bir yerdə olan 20 saylı Birləşmiş Şəhər Xəstəxanasına gəldim. Dövlət müəssisəsi sayılan xəstəxana demək olar ki, uzun illərdir fəaliyyət göstərmir. Sovetlər dönəmində tikilən, hal-hazırda isə tələblərə qətiyyən cavab verməyən bu tibb müəssisəsinin saxlanılması sadəcə büdcə qənimlərinə sərf edir. Hər iki tibb müəssisəsinə – xəstəxanaya və poliklinikya rəhbərlik edən baş həkim Yusif Bağırov kifayət qədər yaşlı və xəstədir. Bunu sonradan bildim və gördüm. Qəribədir, Azərbaycan hökuməti tərəfindən yaş senzinin məhz hansı məqsədlə ortay atılması bu günə kimi hələ də ictimaiyyət üçün qaranlıqdır. Çünki senz adlı ələyin gözündən hələ ki, bütün sahələrdə sıravilər keçirlər.

Köhnə qəbiristanlığı xatırladan xəstəxananın həyətinə daxil olanda qara rəngli “Prado” markalı avtomobilin yanında yaşlı bir kişi ilə orta yaşlı ağ xalatlı xanım söhbətləşirdi.

–         Baş həkimlə necə görüşə bilərəm? – sualımı eşidən xanım laqeydliklə xəstəxananın həytindəki tikilini göstərdi. İçəri daxil olub üstünə “katibə” yazılmış otağa daxil oldum. Bura əslində, qızlar pansionatını xatırladırdı. 4-5 nəfər gənc xanım çay içə-içə deyib, gülürdülər.

–         Mən baş həkimlə görüşmək istəyirəm.

–         Nə məsələdi – bəzəkli bir xanım əda ilə soruşdu.

–         Şəxsi məsələdi.

–         Gözləyin – deyib içəri keçdi və həmən də geri qayıtdı.

–         Yoxdu, indi gələr.

–         Bəyəm otağından çıxanda burdan keçib geçmir?

–         Arxadan da qapı var.

Təxminən 5-10 dəqiqə gözləyəndən sonra həmin xanım məni içəri dəvət etdi. Otağa daxil olanda gözlərimə inanmadım, kresloda əyləşən şəxs bir müddət öncə baş həkimi soruşduğum xanımın yanındakı kişi idi.

–         Salam, niyə həyətdə sizi soruşanda baş həkim mənəm demədiniz? Bu qədər məni gözlətmək çoxmu vacib idi?

–         Gəldim ki – saymazyana cavab verdi.

Dialoqu çox uzatmaq istəmədim. Adam onsuz da buğda yeyib cənnətdən çıxmışdı. Çətin nəfəs alan, olduqca xırıltılı səslə danışan baş həkimə istəyimi bildirdim. Düyməni basıb katibəsini çağırdı:

–         Elnarə burdadır?

Ya Rəbbim, sən səbr ver. Axı bu Elnarə kimdir ki, hər kəs bu xanımı axtarır? Bir az keçmədi ki, arıq, ortaboylu, lakin ədalı, təxminən 25-26 yaşlarında, əynində ağ xalatı olmayan bir xanım otağa daxil oldu:

–         Elnarə, test var? – deyə baş həkim soruşdu.

–         Var, amma aparatla bir yerdə verilir.

–         Aparat var, sadəcə test lazımdır. Bu da həkimin göndərişi – deyə bildirdim.

–         Verə bilmərəm.

–         Xanım, şəkərə nəzarət olunmasa, adam ölə bilər – deyə xahiş etdim.

–         Verə bilmərəm.

–         Cavan oğlansan, bir test üçün durub gəlmisən o boyda yolu? – deyə baş həkim gəlməkdə böyük günah etmişəm kimi məni qınadı.

–         Həkim, sizdən dövlətin öz vətəndaşına verdiyini istəyirəm, sizə aid olan nəyi isə yox.

–         Sən belə elə, get beşmərtəbənin yanına. Onun anrı tərəfində bir aptek var…

–         Mən jurnalistəm, sadəcə araşdırma aparıram.

–         Əgər orada tapmasan, get Yasamala…

–         Mən jurnalistəm.

–         Vallah test yoxdu, gedib sənə test alan deyiləm ki? Mən özüm də şəkərəm, 450-500 ilə gəzirəm, gör özün haradan tapırsan.

Ya Rəbbim, adama dəfələrlə az qala bağıraraq “mən jurnalistəm” desəm də, qəti başa sala bilmədim ki, məqsədim edilən şikayətləri real olaraq araşdırmaqdır. Sanki hər dəfə söylədiyim təqdimata bu qoca baş həkim laqeydliklə – “Prado”mdakı jurnalistsən – deyə cavab verirdi. Sağlam adam belə bu xəstəxanada şəkər olar. Adam ya əsl artist idi, ya da artıq beyni bir istiqamətdə çalışırdı. Bu barədə sonra.

Xəstəxanadan çıxıb yenidən poliklinikaya qayıtdım. Apardığım araşdırma nəticəsində məlum oldu ki, Yusif Bağırovun rəhbərlik etdiyi poliklinikada heç bir xidmət pulsuz deyil. Dişin çəkilişi 5-6 manat, müalicəsi 20 manat, terapevtin qəbulu 5-20 manat, analizlər 2-5 manat və s. civarında “qiymətləndirilib”. Həkimlər hər ay baş həkimə haqq verirlər. Məzuniyyətə çıxanlar belə cəmi 7-10 gün istirahət edib baş həkimin aylığını düzəltmək üçün yenidən işləyirlər. Hər həkim otağını məhz özü şəxsi vəsaiti hesabına təmir etdirir. Həkimlərə hər hansı preparat verilmir. Bütün lazım olan avadanlıqlar həkimlərin özləri tərəfindən alınır. Xəstələrə yazılan reseptlərin hətta kağızını da həkimlər xəstənin özünə aldırırlar. Onu da qeyd edək ki, poliklinikanın binasında qəribə də olsa türk geyimləri dükanı və internet klub da fəaliyyət göstərir. Poliklinikada çalışan həkimlər konkret özəl klinikalar və apteklərlə işləyirlər. Çünki həmin müəssisələr həkimlərə göndərdikləri hər xəstəyə görə faiz verirlər.

20 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı araşdırmalarımız davam edir. Xəstəxanada olanda onu da öyrəndik ki, “poçtalyon İkram Eminov” baş həkimin müavini kimi əmrsiz fəaliyyət göstərirmiş. Onun əmri yalnız oktyabrın 12-də verilib. Hesab edirik, məqalədəki faktları Səhiyyə naziri Oqtay Şirəliyevin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəylinin oxuması çox vacibdir.

Mövzuya qayıdacağıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button