Baş Prokuror: Qarabağ separatçılarının istintaqı yekunlaşıb

Yayımlandı: 24 İyun 2024 14:23

“Onların haqqındakı cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək”

Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin işi üzrə istintaq başa çatıb. Onların haqqındakı cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Bu barədə Baş prokuror Kamran Əliyev məlumat verib.

“Onların ölkə daxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub. Vəkil və tərcüməçi ilə təmin ediliblər. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”, – Kamran Əliyev bildirib.

Kamran Əliyev. Foto: Baş Prokurorluq

2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra Qarabağda separatçı rejimin bir sıra vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib. Onların arasında yuxarıda adları çəkilənlərlə yanaşı, keçmiş “dövlət naziri” Ruben Vardanyan və başqaları da var.

Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.

Həbsdə olanların bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button