Baş prokurorluq korrupsiya ilə bağlı mübarizəni gücləndirib

bash-prokurorluq-amaliyyat-mushavirasi02.08.2013

Bu iddia ilə baş prokuror Zakir Qaralov avqustun 2-də keçirilən geniş əməliyyat müşavirəsində çıxış edib

Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov deyib ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və onun hər bir regionunun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət tədbirləri təşkil edilib.

Prezident iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlərin yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulayıb.

O da qeyd edilib ki, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi Forumuna (Davos Forumu), ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın süni peyki olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, dünya standartlarına uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub.

Hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrasına istiqamətləndirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin müəyyən edilən müddətlərdə və keyfiyyətli icrası məqsədi ilə konkret tapşırıqlar verilib.

Cari ilin birinci yarısında daxili işlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınmış 10 min 929 cinayətin 86,9 faizinin açılması təmin edilib.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adamöldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində bir bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.

Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı “kəsərli və yüksələn xətlə” mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Prezidentin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha “səmərəli və çevik” olub. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “161 – Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 3237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilib, onların iştirakı barədə qərarlar qəbul olunmaqla yoxlamalar aparılıb və 2 cinayət işi başlanılıb. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2013-cü ilin birinci yarımilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən prokurorluq orqanlarının, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olub. Həmin qurumlar tərəfindən 4 min 647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button