Baş Prokurorluqla Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cəmiyyəti çürüdür!

abdulla abdullayevAbdulla Abdullayev: «Etibar Əliyevin son sözü bu olub ki, Abdulla müəllim Elman Rüstəmovun yanına getsin, A.M.A.Y.-ın bütün sənədlərini versin Elman Rüstəmova, kostyumunu da atsın çiyninə, əliboş çıxıb getsin…»

Bütün bu oyunlar A.M.A.Y.-a qarşı qurulub…

Qanuna söykənməyən heç bir sistem etibarlı sayıla bilməz…

İnsanların sabaha, dövlətə və iqtidara inamını itirirlər…

A.M.A.Y. və onun prezidenti Abdulla Abdullayev uzun müddətdir prokurorluq orqanlarının və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hədəfindədir. Bir müddət bundan əvvəl mətbuat konfransı keçirən və ölkənin ali rəhbərliyinə müraciət edən iş adamının problemləri hələ də davam etməkdədir. Ona qarşı dünya tarixində görünməyən və tayı-bərabəri olmayan özbaşınalıq və qanunsuzluq baş verib. Belə ki, qanunlara müvafiq olaraq götürülən normal kreditlər – qarşılığında girov qoyulmasına baxmayaraq birbaşa cinayət predmeti olub. Yəni «Texnikabank»a ödənilməli olan pulların qarşılığında girov olmasına baxmayaraq, bank Baş Prokurorluğa muraciət edib və prokurorluq da imtina etməsi gərəkən mülki işə cinayət işi qaldırıb. «Necə deyərlər, bir dəli bir quyuya bir daş atıb», indi «yüz ağıllı» birləşib o daşı o quyudan çıxara bilmir…

Abdulla Abdullayev eksklüziv olaraq «Xural» qəzetinə verdiyi bu müsahibədə şok faktlar açıqlayır və əslində, dirənişin böyük məntiqini ortaya qoyur. «Qoy baş prokurorluq lap 34 şirkətin hamısının sahibini tutsun, qoy 2000 min Adamı içəri qatsınlar, haqqımı kimsəyə yedirtmərəm» deyir A.M.A.Y. prezidenti. Abdulla Abdullayevi dinlədikcə, adamın içindən qəribə bir istək keçir: «Kaş ki bütün vətəndaşlar öz hüquqlarını belə qoruyaydılar… Qoruya biləydilər…»

B udava bir iş adamının örnək dirənişini gözlər önünə sərir. Diqqətlə oxuyun, diqqətlə oxuyanda gözlər önünə təkcə Abdulla Abdullayevin problemlərinin sərilmədiyini görəcəksiniz. Ortada Azərbaycan və Azərbaycan iş dünyasının bütövlükdə anna problemi dayanıb və onu yalnız Azərbaycan respublikasının prezidenti İlham Əliyev həll edə bilər.

Kim bilir, bəlkə bu müsahibədən sonra prezident İlham Əliyev kardinal dəyişikliklər edəcək?!

Əvvəli ötən sayımızda

Girovlarımıza həbs qoyulub…

– Sizin banka qoyduğunuz girovlar üzərinə həbs qoyulub?

– Tək girovların üzərinə yox, A.M.A.Y.-ın bütün sahələrinə həbs qoyulub. Mən bu pulu qaytarmaq üçün onlardan hansınısa satmalıyam, ya yox? Əgər bütün əmlakımız üzərinə həbs qoyublarsa, biz onu necə sata bilərik? Biz BT-yə müraciət edirik, oradan bizə bildirirlər ki, Baş Prokurorluq sizin əmlakınızı nəzarətə götürüb. Etiraz edirik ki, nəzarətə qoymaq ayrı şeydir, həbs qoymaq ayrı. «Forma 1» vermirlər ki, əmlakımızı satıb «Texnikabank»ın verdiyi kreditləri bağlayaq. Bizi baş prokurorluğa göndərirlər ki, əvvəlcə onlarn razılığını alın. Onlara da müraciət edəndə deyirlər ki, biz razılıq vermirik. Buradan nə nəticə çıxarmaq olar? Demək, bütün bu oyunlar A.M.A.Y.-a qarşı qurulub, deməli, bu iş qurma işdir. Azərbaycanın iri iş adamlarını məhv etmək istiqamətində aparılan oyunların tərkib hissəsidir. Heç bir hüquqi və qanuni əsası olmayan bir işdir. Əgər belə gedərsə, bunun nəticəsi tək A.M.A.Y.-ı yox, Azərbaycanın da ən iri özəl sektorlarını təhlükə altına qoyacaq. Azərbaycanın iqtisadiyyatı təhlükə altında qalacaq. Sadəcə bir qrup var ki, maraqlarını bu yolla təmin etməyə çalışırlar. Amma hər şeydə olduğu kimi bunun da bir hüquqi tərəfi olmalıdır, ya yox? Biz haqqımızı necə və harada tələb edək? Hərdən adam utanır əlavə hər hansı yola əl atmağa.

Məcbur edirlər evin sirrini Avropaya çıxarmağa…

Əgər bu gün Azərbaycanda A.M.A.Y.-ın hüquqları pozularsa, məcburuq ki, bu məsələni xaricə çıxaraq – məcburuq ki, Avropa Məhkəməsinə, BMT-yə, İnsan haqlarının müdafiəsi Konvensiyasına müraciət edək. Biz bu müraciətləri etdikdən sonra artıq məsələ bir qədər də böyüyəcək. Sonra da elə çıxacaq ki, biz evimizin sirrini başqalarının yanında açıb tökdük. Mən deyə bilmərəm ki, adlarını çəkdiyim təşkilatlar Azərbaycanın dostu, qardaşıdır. Azərbaycanın dostu da, qardaşı da özüdür. O zaman bizi niyə bu addımı atmağa məcbur edirlər? Halbuki biz bunu istəmirik. Həlli mümkün olan məsələni süni formada qəlizləşdirmək yolu ilə bizi məhv etməyə çalışırlar. Biz buna necə imkan verək? Əgər ən ali qanunlar kimlərinsə şəxsi maraqları ucbatından pozulmasa, nədən öz evimin sirrini qonşuya çıxarım? Anlamır, dərk etmək istəmirlər ki, biz məsələnin Azərbaycandan kənara çıxmasını istəmirik, vallah, utanırıq. Yoxsa indiyə qədər etdiyimiz müraciətlərə cavab almamağımız səbəbindən məsələni Azərbaycandan kənara çıxarmağa məcbur olardıq. Utanırıq deyək ki, Azərbaycanın Baş Prokurorluğu insanların hüquqlarını pozur, inkişaf etməkdə olan özəl sektorun bir qolunu şəxsi maraqları ucbatından qurban verir. Baş Prokurorluq insanların hüquqlarını, ölkənin ali qanunlarını təmin etməli olduğu halda, əks hərəkət edir, insanların hüquqlarını pozur. Bu gün Baş Prokurorluğun şəxsi maraqları səbəbindən ən iri özəl sektora verdiyi cəza onun məhvinə yönəlib. Bunu düşünəndə adam dəhşətə gəlir. Belə bir sistemi yaratmaqla, sıradan adi vətəndaşların belə hüquqlarnı müdafiə etmək əvəzinə, onu pozmaqla Baş Prokurorluq özünü nüfuzdan salır. Bunu başa düşmürlər, düşmək istəmirlər ki, Baş Prokurorun bu sitsemin tərkibində təlim verdiyi insanlar bir gün gələcək şəxsən onun özünə qarşı bu təlimatlardan istifadə etmiş olacaqlar. Qanuna söykənməyən heç bir sistem etibarlı sayıla bilməz. Sabah özəl sektorun hansındasa bunların öz övladları çalışa bilər, onlara qarşı da eynilə bu addım atılacaq. Çünki bu gün onlara elə gəlir ki, onlar öz maraqlarını təmin etməklə nəsə əldə edəcəklər. Düşünmürlər ki, bu gün bizə etdikləri bir zaman da öz başlarına gələcək. O zaman onlar öz həyatlarına nifrət edəcəklər ki, bu sistemi biz yaratmışdıq, biz qanunları tapdalayıb, şəxsi maraqlarımızı önə çəkdik, ona görə də başımıza bu oyunlar gəldi. Qurani-Kərimdə belə bir söz var – özünə rəva bilmədiyini başqasına rəva görmə. Sənin bu gün bizə elədiklərin, sabah öz başına gələcək. O zaman baxıb görəcəksən ki, artıq hər şey gecdir. Bunlar belə bir sistemi yaratmaqla qanunları bitirirlər. İnsanların qanuna olan etibar və güvənini itirirlər. Qanunla yanaşı, dövlətə olan etibar və güvən də itir.

Dövlətləri həbs etmək olarmı?!

– Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işi hansı fakta əsaslanaraq qəbul edib?

– Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əvvəldən bu işə qanunla baxmadı. Bu İdarə əvvəlcə məhkəmənin lazımi qərar çıxarmasını gözləməli idi. Çünki bu məsələ mülki iş idi və iqtisad məhkəməsinin səlahiyyətinə daxil olan məsələ idi. Biz bankdan kredit götürən zaman girov qoymuşuq və məhkəmə qərar çıxardığı təqdirdə, həmin girovları satdırıb bankın kreditlərini qaytara bilərdik. Heç məsələ də bu həddə qədər ağırlaşdırılmazdı. Baxın, dövlətlər də bir-birindən kredit alırlar, bir çox dövlətlər var ki, bu gün də dünyanın ən iri maliyyə qurumlarından kredit götürürlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bu gün də iqtisadi böhranları aradan qaldırmaq üçün saysız-hesabsız güzəştli kreditlər verirlər. Niyə? Ona görə ki, onların verdikləri bu kreditlər hesabına həmin dövlətlərdə iqtisadiyyat inkişaf etdirilsin və dünyanın iqtisadi düzəninə bu böhranlar təsir göstərməsin. Elə hallar da olur ki, bu dövlətlərin bir çoxu həmin kreditləri qaytara bilmirlər. Azərbaycanda gedən prosesin məntiqi nəticəsi olaraq o zaman hansı addım atılmalıdır? Beynəlxalq maliyyə qurumları həmin dövlətləri millətləri ilə bir yerdə həbsə atmalıdır? Çünki bir krediti ki, dövlət götürüb, hər bir halda onun millətlə də bir bağlılığı var. Bizim baş prokurorluğun məntiqi ilə o zaman bütün dövləti və milləti həbsə atdırıb, onu nə harasa çıxmağa, nə işləməyə, nə yatmağa, nə durmağa imkan verməməlidirlər? Belə bir durumda bu millət həmin kreditləri nə cür geri qaytara bilər? Əksinə, ona imkan vrmək lazımdır, hətta pis vəziyyətdədirsə, ona mütəxəssislərlə, əlavə kreditlərlə yardım etmək lazımdır ki, ayağa durub həmin kreditləri ödəyə bilsin. Bizim Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaratdığı sistemi əgər bütün dünyaya təqdim etsələr, dünya məhv olar.

Mülkiyyət hüquqlarımızı pozurlar…

Bütün dünyada vahid qanun var, o da mülkiyyət qanunudur. Bu qanun dünyada, dövlətlər arasında qorunan qanundur. Bu gün əgər biz Avropa Məhkəməsinə müraciət etsək ki, bizə bu dövlətdə fiziki zərbə vurublar, ola bilsin ki, işimizə 5-10 ildən sonra baxsınlar. Lakin müraciət etsək ki, bizim mülkiyyətimizi qeyri-qanuni olaraq əlimizdən alırlar, zorakılıq yolu ilə mülkiyyət hüquqlarımızı pozurlar, ilk növbədə bu işə baxacaqlar. Çünki bütün sivil dünya mülkiyyətin qorunması haqqında eyni qanuna – mülkiyyətin toxunulmazlığı prinsiplərinə söykənir. Fərdlərin zorakılğa məruz qalması və yaxud da hüquqlarının pozulması mülkiyyət hüquqlarının pozulması qədər əhəmiyyət kəsb etmir. Dünyaya maraqlı olan şəxsi mülkiyyətin qorunmasıdır. Bütün hüquqlardan öndə gedən məhz bu məsələdir. Özü də əgər söhbət özəl sektorda çalışan insanların mülkiyyət hüquqlarından gedirsə…

Baş Prokurorluqla Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəmiyyəti çürüdür…

Bir jurnalist kimi siz də maraqlana bilərsiniz ki, Avropa Məhkəməsində hər il daha çox hansı işlərə baxılır, hansı işlər əsas götürülür? Azərbaycanda özəl sektorun inkişafı Baş Prokurorluqla Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əlinə verilib. Onlar da cəmiyyəti çürüdürlər. Mülkiyyətsiz cəmiyyətdə mülkiyyətinə güvənə bilməyən bir şəxs sabahına da güvənə bilməz. Əgər bir adam gecə-gündüz bilmədən çalışıb öz zəhməti hesabına bir sektor yaradırsa və onu inkişaf etdirərək müəyyən nailiyyətlər əldə etməyi bacarırsa, onu məhv etmək, əldə etdiyi mülkiyyəti əlindən almaq əvəzinə, əksinə, ona dəstək olmaq lazımdır. Çünki onun əldə etdiyi nailiyyətlər tək onun özünə deyil, dövlətə də xeyir gətirir. Yoxsa həmin adamın əlindən mülkiyyətini almaqla, arxada gələn minlərlə belə iş adamını ölkədən didərgin salmaq kimin maraqlarına uyğun gələ bilər? Əgər iş adamları A.M.A.Y.-ın aqibəti ilə qarşılaşacaqlarını gözləri önünə alacaqlarsa, bu ölkədə hansı özəl sektorun inkişafından söhbət gedə bilər? Onlar da təbii olaraq öz bacarıq və qabiliyyətlərini başqa ölkələrdə həyata keçirəcəklər və bundan da Azərbaycan itirəcək. Nədi-nədi, Baş Prokurorluqda bəzi adamlar var ki, öz maraqları ilə dövlətin maraqlarını qarışdırıblar. Belələrini cəzalandırmaq belə azdır. Qanunun aliliyinə, dövlətə hörmət etməyən belə məmurların vəzifə səlahiyyətləri məhdudlaşdırılmalıdır. Yoxsa bir-iki nəfərin şəxsi marağından ötəri bu dövlət inkişaf etməz, insanların narazılıqları hər addımbaşı arta bilər.

İnsanların sabaha, dövlətə və iqtidara inamını itirirlər…

İnsanların sabaha, dövlətə və iqtidara inamını itirirlər. Cəmiyyətin güvəndiyi yer onun Qanunu, Konstitusion hüquqlarıdır. Əgər qanunlar, konstitusyon hüquqlar pozularsa, belə bir cəmiyyət ümidsizliyə məhkumdur. Özlərini qanunun üzərində hiss edənlər anlamırlar ki, qanunu onlar yazmırlar. Qanunu cəmiyyətin seçdiyi millət vəkilləri yazırlar ki, cəmiyyət özünü yaşadığı dövlətdə təhlükəsiz, təminatlı, güvəncdə, haqlı və hüquqlu hiss etsin. Qanunu yazanlar onun üçün yazırlar ki, millətin gələcəyini qorusunlar. Qanunlar pozulanda insanlar ümid və güvənclərini itirirlər. Beləliklə, cəmiyyətin gələcəyi məhv olar. Millətin gələcəyi məhv olsa, insanlar mənəviyyatlarını, şərəflərini itirərlər. Bu gün qanunu pozanlar sabah övladlarının başına gələcəkləri düşünməlidirdlər. Gərək indidən bunu görələr. Görmürlərsə, deməli, onların tanun tətbiq etməyə haqqları yoxdur.

Əgər dövlətin hər hansı bir qurumu, elə Baş Prokurorluq hər hansı bir problemi «həll etmək» üçün özündən icad etdiyi «maddə»yə bağlayanda, cəmiyyətin hüquqları tapdananda, təbii olaraq cəmiyyətin də öz ölkəsinin qanunlarına hörməti, güvənci, etibarı itir. Nəticədə cəmiyyət narahat duruma düşür və çıxış yollarını özü axtarmağa başlayır. Belə bir böhran vəziyyətində ölkənin iş adamlarını yıxmaq dərəcəsində müflisləşdirməyə yönəmiş siyasət aparmaq nə bu dövlətə olan sədaqətdən, nə də dövləti idarə edən iqtidara olan sədaqətdən xəbər vermir. Təsəvvür edin ki, Yunanıstanda iqtisadi böhran zamanı külli miqdarda borc topladı və buna baxmayaraq, dünyanın maliyyə qurumlarından kedit aldı. O, bu krediti nə üçün aldı? Ümumiyyətlə, borcu olan bir dövlətə bu maliyyə qurumları nədən kredit verdilər? Ona görə ki, dövlət yıxılmasın, əldə etdiyi yeni kredit vəsaitləri hesabına ayağa qalxsın və yerdə qalan borclarını da ödəyə bilsin, özünü krizisdən çıxarsın.

Dövlət düşməni korrupsionerlər…

Bizdə isə, dövlətin düşməni olan korrupsionerlər iş adamlarına problemlər yaradırlar, üstəlik qorxudurlar ki, heç nəyi sata bilməzsiniz, çünki bütün bunları əlinizdən alacağıq, sən də əliboş çıx get. Ötən dəfə verdiyim müsahibədən sonra mənə zəng vurmuşdular və soruşmuşdular ki, malınızı əlinizdən almaq istəyirlər? Mən də demişdim ki, onu gedin Elman Rüstəmovdan və Zakir Qaralovdan soruşun. Nə üçün belə demişdim? Çünki mənim iki işçim «Texnikabank»ın sədri Etibar Əliyevin yanına gedərək ona təklif ediblər ki, bizim bankdan götürdüyümüz vəsaitin qarşılığında qoyduğumuz girovları götürüb realizə edin. Etibar Əliyevin son sözü bu olub ki, Abdulla müəllim Elman Rüstəmovun yanına getsin, A.M.A.Y.-ın bütün sənədlərini versin Elman Rüstəmova, kostyumunu da atsın çiyninə, əliboş çıxıb getsin.

– Belə çıxır ki, bunların sizdən istədikləri kreditlərin qaytarılıb-qaytarılmaması məsələsi deyil, sizdən A.M.A.Y.-ı istəyirlər?..

Sonu gələn sayımızda

Hazırladı:
XuralTAC

Il: 9, Sayı: 017(425), 01-07 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button