Baş redaktor həmkarlarına üsyan etdi: “Bəsdir, mədhiyyələriniz!”

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev özünün facebook statusunda maraqlı fikirlər paylaşıb. Həmin fikirləri xural.com təqdim edir:

“Bu gün turizm-media mövzusunda bir konfrans vardı. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də iştirak edirdi. Konfrans təzə başlamışdı ki, baş redaktorlardan biri nazirə tərif deməyə başladı. Gördüm arxası da gələcək; qabaq sıralarda oturmuş başqa “kolleqalar”dan da söz almaq üçün qurcalananlar var idi. Tez çıxdım. Bəziləri əziz, bəziləri hörmətli həmkarlar, bu tədbirlərdə nazirlərə, icra başçılarına, ümumiyyətlə, hakimiyyət rəhbərlərinə və təmsilçilərinə az mədhiyyə deyin. Bilirəm e, sonra gedib filan-filan xahişlər edəcəksiniz, onun üçündür bu canfəşanlıqlar. Onunla işim yoxdu, Allah bazar ver(mə)sin. Amma imkan verin, fürsətdir, həmin nazirdən soruşaq ki, bu mədəniyyət sahəsi niyə bu gündədir, işçilərin maaşları niyə bu dərəcədə acınacaqlı şəkildə aşağıdır, niyə musiqi mədəniyyətimiz mədəniyyətsiz adamlarla dolub daşır, niyə səhnələrimiz “mavi” rəngə boyanıb? Niyə turizm obyektlərində qiymət yuxarı, xidmət aşağıdır?.. Danışanda naziri tərifləməkdənsə, bu məsələləri qaldırın. Onsuz da belə görüşlərdə çıxışlar da əvvəldən yazılır. Eyni adamlar – yəni sizlər çıxış edə bilirsiniz. Adamlar, bu fürsəti mədhiyyə üçün istifadə etməyin, bir az da problemlərin, dağıdılan Sovetskinin, qırxı çıxmış İçərişəhər abidələrinin dərdini deyin. Mən çox vaxt belə tədbirlərə getmirəm. Təşkilatçılar da çox vaxt inciyir, deyir: “Niyə gəlmirsiniz?” Bir maraqlı lətifə var. Biri rəhmətə gedir. Sorğu-sualdan sonra bunu cənnətə yazırlar. Deyir, onsuz da cənnətə gedəcəm. Bir cəhənnəmə ekskursiyaya gedim, görüm ora necə yerdir, deyildiyi kimi qorxuncdurmu? Ağsaqqal Cəhənnəmin qapısından girən kimi inkir-minkir bunu tutur, biri qır qazanını qalayır, o biri kişinin qolunu burub qazana atmaq istəyir… Ekskursiyaya gələn cənnətlik ağsaqqal qışqırır: “Mən cənnəti qazanmışam, bura özüm elə-belə gəlmişdim, baxmağa”-filan. İnkir-minkir deyir: “Cəhənnəmə heç kim öz xoşu ilə gəlmir, gəlmisənsə, deməli, qır qazanında yanmalısan”… Ağsaqqal nalə çəkir: “Elə belə edirsiniz ki, bura heç kim gəlmir də!”. Mən o ağsaqqalın günündəyəm. Media rəhbərlərinin dövlət rəsmiləri ilə görüşlərinə dəvət edirlər. Getməyəndə inciyirlər, gedəndə də “qır qazan”ında “yandırırlar.”. Allah bizə kömək olsun!”

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. mehz hemin konfransda müsabiqe iştirakşıları mükafatlandırılıb. Orda iştirak edən baş redaktorlardan, o cümleden, Baheddin müellimden xahis ederdim ki, menim yazdığım yazını da, yer verilen yazıları da alıb, oxusunlar ve müqayise elesinler. onda gorecekler ki, men hec de “öz ayranıma şirin” demirem… qiymeti özleri versinler ve sonra da hemkarlar olaraq nazirden soruşsunlar ki, niye jurnalistlere qarşı bele amansız ve edaletsiz mövqe nümayiş etdirildi….

    Vüsal Tağıbəyli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button