Baş redaktor həbs edildi

ramin bayramovSəbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçən məhkəmə prosesində  islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramova 2 aylıq həbs cəzası verilməsi barədə qərar verilib. Bu barədə RATİ-yə baş redaktorun vəkili Elçin Namazov məlumat verib.

Vəkil E.Namazov həbs qərarının tamamilə qanun pozuntusu olduğunu  bildirib:

“Adətən bu kimi işlərin istintaqı polislər tərəfindən aparılır, baş redaktor barəsində aparılan istintaq isə MTN tərəfindən aparılıb. Məhkəmədə də silah və narkotik ittihamı ilə başladılan işin MTN-də aparılması hakim və prokurorun də təəccübünə səbəb oldu. Baş Prokurorluqda qanunların icrasına nəzarət idarəsinin prokuroru Elçin Əliyev özü də etiraf etdi ki, bu maddələrlə istintaqını MTN aparmamalıdır. O, bizə dedi ki, bu barədə rəhbərliyə məruzə edəcək… Biz bununla bağlı hakimə də etirazımızı bildirdik. Hakim də etiraf etdi ki, bu, qanuni deyil” deyə bildirən vəkil əlavə etdi ki, müdafiə tərəflərinin əsas məqsədi istintaq aidiyyətinin pozulmasına görə işin MTN-dən alınıb DİN-ə verilməsidir və məhkəmənin bu qərarından apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, avqustun 11-də  ruhani Abgül Süleymanov,  jurnalist islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Arif Qəniyev saxlanılıblar. MTN və Baş Prokurorluğun avqustun 12-də yaydığı məlumatda bu şəxslərin  Azərbaycana qarşı düşmənçilik fəaliyyətində şübhəli bilindiyi qeyd olunur. Məlumatda qeyd edilir ki, R.Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, bu silaha aid səsboğucu, 8 ədəd patron, 2 ədəd “F-1”  əl qumbarası, 2 ədəd bu qumbaralar üçün alışdırıcı və 13 qram həşiş tapılıb. Məlumata görə,  A.Qəniyevin isə  üzərindən 19 qram həşiş və ona məxsus maşından 1 ədəd “Makarov” tipli tapança, 5 ədəd “PM” patronu aşkarlandığı deyilir. MTN və Baş Prokurorluğun sözü gedən məlumatında A.Süleymanovun da üzərindən  23,7 qram həşiş aşkar edilərək götürüldüyünü bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button