Baş redaktor ruhunun fəryadını şeirə boşaltdı-MARAQLI

Dünya yaşanacaq yer deyil artıq

bahəddin həziyev

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin ciddi analitik olduğunu cəmiyyət bilir. Amma onun həm də şair olduğunu və yaxşı şeirlər yazdığını çox adam hələ də bilmir. Budur, Baş redaktorun son şeirlərindən birini Bahəddin bəy facebookdakı statusunda paylaşıb. Sanki həm də gündəmi, onun ağırlığını və çətinliyini də dəyərləndirən bu şeir-statusu olduğu kimi xural.com Oxucularının diqqətinə təqdim edirik. Çox maraqlı şeirdir. Diqqətlə oxuyanda, sanki Bahəddin Həziyevin analitik yazısını oxuyursan…

Bahəddin Həziyev yazır:

“Mən şair deyiləm. Sadəcə, bəzən emosiyalar şeir olaraq şəkillənir ürəyimdə. Bu oxuyacağınızı da mükəmməl bir poeziya nümunəsi saymıram. Yalnız ruhumun fəryadı sayıram. Bu yalan dünyaya bir etirazdır, ya nə – bilmirəm. Hökmü verən siz olacaqsınız.

Dünya yaşanacaq yer deyil artıq

Daha su qalmayıb bulaqlarında,
Daha od qalmayıb ocaqlarında.
Dağlarının qarı qaçıb dünyanın,
Bağlarının barı qaçıb dünyanın.
Daha o əvvəlki dadı qalmayıb –
Deyəsən, damarı qaçıb dünyanın,
Dünya yaşanacaq yer deyil artıq.

Halalı haramdan, yaxşını pisdən,
Məzlumu zalımdan ayıra bilmir –
Gözünü qan örtüb qoca dünyanın,
Qanla da nəfsini doyura bilmir.
Dünya yaşanacaq yer deyil artıq.

…Əkəcəm cismimi qara torpağa,
Ruhun qanadında uçub gedəcəm,
Dönüb baxmayacam mən bu dünyaya,
Yel olub yanından keçib gedəcəm.
Nifrət alovunda qovurulmayan,
Kül olub küləklə sovurulmayan,
Çiçəkləri qanla suvarılmayan
Başqa bir dünyaya köçüb gedəcəm.

Tanrım, bu torpağa sən atdın bizi,
Bu qara torpaqdan yaratdın bizi.
Nə olar, üzünü çevir bir kərə,
Əli ətəyində olan kəslərə.
Kimik, nə gündəyik – bax, görəcəksən.
Bir az da ucaya qalx, görəcəksən.
Közərən deyilik öz külümüzdən,
Bu sönmüş ocaqda qala bimirik.
Susan vicdanların boğuq səsiyik,
Quruyan ağacın son meyvəsiyik,
Bu cansız budaqda qala bilmirik.
Tanrı, dadımıza yetiş, dər bizi
Dünya yaşanacaq yer deyil artıq –
Başqa dünyalara pay göndər bizi.

27 noyabr 2015″

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button