Başı xarab polis məhkəmədə ifadə verdi!

 Vicdan məhbuslarının məhkəməsi davam edir…

 Dünən Səbail Rayon Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Politologiya dərsliklərinə salınacaq çıxış”

 Hakim Famil Nəsibov təklif etdi ki, ittiham tərəfinin sübutlarına baxış davam etdirilsin. Tərəflər bunu etiraz etmədilər. Bundan sonra Arif Hacılının 2011-ci il fevralın 26-da İctimai Palatanın iclasındakı çıxışı nümayiş etdirildi.

Videomateriala baxışdan sonra ona qeydlər verildi. Dövlət ittihamçısı A.Hacılının videomaterialdakı çıxışında ciddi fəaliyyətə başlamağın zəruri olduğunu deməsini və ilk növbədə icazəli, sonra isə icazəsiz aksiya keçirilməsini təklif etməsini ittihamın sübutu kimi məhkəmənin diqqətinə çatdırdı. A.Hacılı isə bildirdi ki, çıxışından imtina etmir, gələcəkdə politologiya dərsliklərinə salınacaq çıxış hesab edir:

– Həmin çıxışı qeyd olunduğu kimi fevralın 26-da etmişəm. Hesab edirəm ki, ölkədə fundemental demokratik dəyişikləri istəyən hər bir həqiqi vətənpərvər çıxışımı dəstəkləməlidir. Hesab edirəm ki, İctimai Palata fevralın 26-da verdiyim təklifi dəstəkləməməklə bağlı səhv qərar verib. Bizə İctimai Palata adından bu tələblərlə aksiya keçiməyə icazə verilməsə də, Müsavat Partyası dediyim vaxtda, təkliflərimə uygun formada aksiya keçirdi. 12 martda Müsavatın keçirdiyi aksiyada isə heç bir qanun pozuntusuna, cinayət hadisəsinə rast gəlinməyib. Biz  əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyəti ilə dəfələrlə  danışmışıq, icazə verilməsinə israr etmişik. Onlar əvvəlcədən aksiya keçirmək üçün tövsiyyə olunan yerlərdən biri kimi “Təbriz” kinoteatrının qarşısını göstərirdilər. Biz də həmin yerdə aksiya keçirmək istəyimizi bildirdik. Amma bizə Bakı şəhər İcra Hakimiyyəti absurd bir cavab verdi. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Ramazanovun imzaladığı məktubda deyilir ki, həmin ərazidə aksiya keçirmək olmaz, ona görə ki, orada aksiya keçirilsə, aksiyada iştirak etmək istəməyənlər də aksiyaya qatıla bilərlər. Bir daha vurğulayıram ki, “Təbriz” kinoteatrının qarşısında aksiya keçirmək barədə tövsiyyəni əvvəlcə elə Bakı Şəhər İcra Hakimiyyəti tövsiyyə edirdi. Sonradan isə absurd cavab verildi. Lakin həmin absurd cavabda belə Fəvvarələr Meydanında aksiya keçirmək olmaz kimi qanunsuz tələb də yoxdur”. F.Qəhrəmanlı  dövlət ittihamçısına ittiham aktı ilə daha diqqətlə tanış olmasını tövsiyyə etdi. Bildirdi ki, A.Hacılının məhkəmədə nümayiş olunan çıxışında 2 aprel aksiyasından söhbət getmir:

– Arif bəy çıxışında 12 mart aksiyasından danışır. Nümayiş olunan videoda bizə verilən maddənin dispozisiyası yoxdur. T.Abbaslı isə bildirdi ki, videomaterial sadəcə cinayət işinin qovluqlarının artırılması üçün işə əlavə olunub:

– Əgər Arif bəyin çıxışındakı fikirlər cinayət tərkibi yaradırsa, onda müxalifətçilərin 80 faizi də burada bizimlə olmalı idi. Çünki hamı fundemental azdlıqların, söz və mətbuat, sərbəst toplaşma azadlıqlarının gerçəkləşdirilməsindən danışır, bunu tələb edirlər. 233-cü maddənin tərkibini yaradan hər hansı bir hərəkətimiz olmayıb.  “Mənim başım xarabdır” Videoya qeydlər veriləndən sonra zala aksiyanın dağıdılmasında iştirak edən Nəsimi Post-Patrul Xidmətinin (PPX) əməkdaşı Məcid Yusifov dəvət olundu. Bu polis əməkdaşı sentyabrın 16-da keçirilən məhkəmə iclasında dava saldığına görə zaldan çıxarılmışdı. Həmin gün sərbəst ifadə verdiyindən ona M.Məcidli sualar ünvanladı:

–     Aksiyada xəsarət almısız?

–     Bəli.

–     Nə xaəsarət almısız?

–     Kəllə beyin travması.

–     Harada müalicə olunmusuz?

–     DİN hospitalında.

–     Yanınıza kim gəlib?

–     7 gün reanimasiyada olmuşam, sonra da dost-tanışlar yanıma gəliblər.

–     Reanimasiyada olanda yanına kimsə gəlib?

–     Yox.

–     Dəqiq bilirsən?

–     Bəli.

–     Bəs “Azərbaycan” qəzetində 6 apreldə müsahibən çıxıb. Bu müsahibəni sən verməmisən?

–     Mənim başım xarabdır.

–     Sənin başın necə xarabdır ki, müsahibə vermisən?

–     Yadımda deyil.

–     Ittiham aktı ilə tanış olmusan?

–     Hə.

–     Müsahibəndə demisən ki, başınız cırılıb, 7 tikiş qoyublar. Burada isə kəllə beyin travması aldığınnı deyirsən. Niyə ziddiyyətli danışırsan?

–     Mən qəzet yazmıram.

–     İzah edin ki, niyə ziddiyyətli danışırsız?

–     Demirəm.

Hakim:

–     A kişi, sən necə polis əməkdaşısan. Axı sənə o dəfə izah olundu ki, suallara cavab ver, suala qarşı sual vermə.

Vəkil Nemət Kərimli şahidin dediklərinin yalan olduğu üçün onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını və sonda hakim müşavirə otağına gedərkən M.Yusifovun yalan danışdığına görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi qərardad çıxarılması barədə vəsatət verdi. Digər təqsirləndirilən şəxslər və vəkilləri də vəsatəti dəstəklədilər. T.Abbaslı M.Yusifovun psixiatrik ekspertizadan keçrilməsi üçün əlavə vəsatətələ çıxış etdi. Hakim N.Kərimlinin vəsatətini heç bir izah vermədən rədd etdi, T.Abbaslının vəsatətinin yazılı olmadığını əsas gətirərək qəbul etmədi. Bundan sonra iş üzrə zərərçəkən kimi tanınan “Bank Standart”ın nümayəndəsi Fuad Əliyev zala dəvət olundu. Sərbəst ifadəsində dedi ki, aprelin 2-də 13-14 arası onların inzibatı binasının şüşəsini mitinqçi kütlədən kənarda 2-3 nəfər sındırıb. Bunun nəticəsində onlara 600-700 manat ziyan dəyib. A. Hacılı təklif etdi ki, onların haqsız, günahsız yerə həbsdə olmasına səbəbkarlardan biri olmamaq üçün nümayəndə gedib rəbhərliyi ilə danışıb iddadan geri çəkilməyi təklif etsin. Nümayəndə razılaşaraq prosesi tərk etdi. Bundan sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 2 aprel aksiyasından qabaq “Obyektiv TV”-yə verdiyi müsahibə nümayiş etdirildi. Bu çıxışda F. Qəhrəmanlı açıq şəkildə dinc aksiya planlaşdırdıqlarını deyir. O, müsahibəsində göstərir ki, onlarda hakimiyyətin öyrətdiyi adamların aksiya günü  təxribat törədəcəyi, vətəndaşların obyektlərinə xəsarət yetirəcəkləri barədə informasiya var.

Fuad Qəhrəmanlı da çıxışında təqdim olunan videoda əleyhinə yönələn heç bir faktın olmadığını söylədi. O, dedi ki, ilk andan mitinqin dinc və sivil keçirilməsində maralı olmublar: “Biz sadəlövh adamlar deyilik ki, bilməyək ki, törədilən istənilək zorakılığa görə hakimiyyətin güclü təzyiqləri ilə üzləşəcəyimizi bilməyik. Zorakılıq bizim siyasi düşüncəmizə yad ola fəaliyyətdir. Bizi belə əməli etməkdə, planlaşdırmaqda suçlamaq absurdur”. Məhkəmənin sonunda müdafiə tərəfi növbəti prosesdə şahid kimi dindirmək üçün Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, meriyanın əməkdaşı Zaur Ramazanovu, İP KŞ-nın üzvləri İsa Qəmbər, Əli Kərimlinin, İP üzvləri Tofiq Yaqublu və Mustafa Hacıbəylinin məhkəməyə çağırılması barədə vəsatət verdilər. Proses sentyabrın 23-ü 10:00-da davam etdiriləcək.

Xural”qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button