Basta.info saytının redaktoru öz həbsini istisna etmir

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli dünən yenidən müttəhim qismində keçdiyi iş üzrə Bakı Şəhər Prokurorluğuna çağırılıb. M.Hacıbəyli bildirib ki, ona qarşı yeni məzmunda ittiham irəli sürülüb. Onun sözlərinə görə, ittiham maddələri eyni qalıb. Lakin əvvəlki məzmunda qrupun tərkibində cinayətkar əməldən söz gedirdisə, hazırda bu formul götürülüb.

O, ittihamı uydurma kimi qiymətləndirərək istintaq qrupuna etiraz edib.

İstintaqın gedişini Turan-a şərh edən redaktor həbsini istisna etməyb. Belə ki, ölkədə düzgün və ədalətli məhkəmə yoxdur. “İttiham üçün əsas olmasa da müstəntiqlər işi məhkəməyə vermək üçün çox tələsirlər”, – o qeyd edib.

Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan “yalan məlumatlar” və “qanunsuz çağırışlar”a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçib.

Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button