BATAQLIQDA BOĞULANLAR

Mahal İsmayıloğlu

 Kiminsə şəkki-şübhəsi varmı ki, bu rejim öz iflasa uğramağı haqqında acı bir sonluqla barışıb. Üzünə oxunan ən ağır ittihamlar da cavabsız qalır. Günahlarını dana bilməyəcəyi qədər tarixin ittihamına boyun əyən, heç bir xilas yolu olmadığından hansısa bir möcüzəyə ümidli olan çarəsiz durumundadır.

Dünyadakı ölkələrin bir qisminin qorxu-hürküsüz, firavan, haqqı tapdanmadan yaşadığını görə-görə getdikcə çevrəsi daralan, sayı azalan avtoritar rejimlərin öz mövcudluğunu təmin edəcəyi puç bir xəyaldır. Əslində, hansısa bir ölkədə insana qənim kəsilən idarəçiliyi qorumaq cəhdləri, olsa-olsa bir vaxt üzə oxunacaq ittihamları daha da ağırlaşdıracaq. Hər hansı bir rejim öz ölkəsinin sərhədlərinə tikanlı məftil çəkib, insanları rəzalətə boyun əyməyə məcbur edə bilər. Ancaq nədən belə alçaldılıb təhqir olunduğunu anlamaq haqqını əlindən ala bilmir. Fiziki sərhədləri dağıdan, toplumları öz azadlıq istəyinə qovuşduran informasiya texnologiyaları ayrıca bir ölkədə istədiyi kimi dövran sürmək istəyənləri məhvə sürükləyir.

Hətta siyasi olaylara baş vurmayanlar da öz ölkəsi ilə özgə ölkə arasındakı fərqi bu savaşda silaha çevirirlər. Avropa nümunəsi bir az uzaq görünə bilər, amma əlimiz və ünümüz yetəcək bir məsafədə olan rüşvətsiz, bütün zəruri tələbat mallarının qat-qat ucuz olduğu, insanların öz torpağı üstündə təhqir olunub alçaldılmadığı Gürcüstan nümunəsi bizim ölkədəki rejimi daim hədəfdə saxlamaq üçün yetərlidir. Ömrünün son günlərini yaşayan rejim “biz niyə elə yaşamırıq” sualına cavab axtarmaq haqqını əlimizdən alacaq qədər güclü deyil.

Qəribədir, bizi sivilizasiya axarından ayrı salan rejim öz günahları qarşılığında nə qədər susursa, indiyəcən onun süfrəsindən qabağına tikə atılanlar bir o qədər əl-ayağa düşüblər. Biz amansız bir tamahın, hüdudsuz korrupsiyanın tapdağı altında qalmışıq, bir qrup “ziyalı” isə mənəviyyat keşiyində durduqlarını xatırladıb, oğurluğu əxlaq normasına çevirənlərdən olmayan mənəvi dəyərləri qorumağı tələb edirlər. Heç olmasa özlərinə sual vermirlər ki, bu qədər vəhşi talana rəvac verənlərin içində namus, ləyaqət adlı işartı qalıbmı? Bu 18 ildə bu ölkədə yaşadığımız müsibətlərin üstünə pərdə çəkmək üçün nələrə əl atmadılar?! Bir nəfəri mifik bir ucalığa yüksəltmək qədər kiçildik, təkcə öz yurdumuza cavabdehlik haqqımız danılmadı, həm də bu torpaq üstündə təhlükəsiz gəzməyin mümkünsüz olduğunu gördük. İndi biz təkcə bu rejimdən bacardıqca ağrısız qurtulmaq haqda yox, həm də bir toplum və dövlət kimi mövcudluğumuzu təhdid təhlükələrini aradan qaldırmaq haqda düşünməyə borcluyuq. Bu günə qədər bizim varlığımızı danan hakimiyyət bizim adımızdan danışıb. Dişini torpağımıza qıcayan düşmənlər isə yaxşı bilir ki, bircə dəfə də normal seçkinin keçirilmədiyi ölkənin başçısı ilə necə rəftar etmək lazımdır. Yoxsa Ziyafət Əsgərovun hamısı total saxtakarlıq nümunəsi olan 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkisini bir demokratiya nümunəsi saymağının qarşılığında Rusiyadan gələn müşahidəçi bu təcrübəni MDB məkanında yaymağı məsləhət görərdimi? Bu qədər saxtakarlığın özü doğrudan da heyrət doğuracaq nümunədir.

Bu rejimin tarix səhnəsindən getməyə hazır olduğunu təsdiqləyən faktlar yetərincədir. Bəs biz bu 18 ildə az qala hər qarış torpağını yalan və yaltaqlığın alaq otu kimi bürüdüyü ölkəni təzədən şumlayıb, bara-bəhərə yetirmək gücündəyikmi? Kim indi xəyal qırıqlığı yaşayıb bunun asan olacağını göz altına alırsa – yanılır. Bizə dəhşətli bir miras qalır.

İki kilometrlik yolun çəkilişinə 65 milyon manat xərcləyən bir hakimiyyət bizi bütün dünyanın istehzası ilə üz-üzə qoyub. Və bütün bunlardan sonra bizim ziyalılar bu rejimi yeni ampluada – milli-mənəvi dəyərlər adlı amorf bir düşüncənin keşikçisi kimi görmək istəyirlər. Sanki bizə bir mümkünsüzlüyü qəbul etdirmək cəhdində bulunurlar: indiyəcən üzünə-gözünə yamanan tüpürcəkləri unut. İndən sonra sənə tüpürən rejim çoxdan unudulan mənəvi dəyərlər adlı mücərrədliyi sənə qaytaracaq.

Suda boğulanla bataqlıqda boğulanın hansı acılar yaşadığını heç olmasa filmlərdə müşahidə edibsinizmi? Suda boğulan əl-qol ata, bir-iki dəfə üzə çıxa bilir. Bataqlıqda boğulan isə onu dartıb aparan gücə bircə anda təslim olur. O bataqlıq indiyəcən yada düşməyən mənəvi dəyərlərin bənzərindədir.

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button