Baxçadan öyrədilən hüquqlar…

Vüqar Abbasov

Niderlanddan xüsusi olaraq “Xural” üçün

Nə zamandan bəri müxtəlif yerlərdən “oradan maraqlı yazılar yaz” – deyə təkliflər gəlirdi. Məni isə “haradan” yox, “nədən yazım” sualı düşündürürdü. Ona görə yox ki, mövzu azlığıdır, əksinə, mövzunun çoxluğu, vaxtın azlığındandır mənim “şikayət”im. Burada o qədər mövzu var ki…

Söhbəti uzatmayaq, keçək mətləbə. Avropanın əksər ölkələrində, o cümlədən Niderlandda demokratiyadır (guya ki, yeni bir şey dedim).  Bugünkü yazımda uşaqlara baxça yaşlarından öz haqlarını qorumağı, seçib-seçilmənin nə demək olduğunu öyrətmələrindən qısaca yazmağa çalışacam.

…Düz 3 il öncə oğlumu və qızımı onlar üçün (elə mənə də) yeni və qəribə mühitdə məktəbə apardım. Başa düşüldüyü kimi burada, Niderlandda. Həmən məktəb gəlmə uşaqlar üçün nəzərdə tutulmuşdu. İlk tanışlıqdan sonra müəllim sinif otağındakı boş oturacaqları göstərib: “harada istəyirsən otur”- dedi (ilk danışıqlar ingilis dilində getdiyindən, uşaqlara tərcüməçilik etməli olurdum). Oğlum öz sinif otağında fərqinə varmadan istədiyi yerdə oturdu. Bura onun getdiyi ilk məktəb idi və seçim hüququ verildiyinin fərqinə varmadı. Qızım isə öz sinif otağında sıxıla-sıxıla məndən soruşdu: “Mən seçə bilərəm harada oturmağı?” Bu, onun üçün ilk məktəb deyildi. Azərbaycanda “boyun ucadır” deyə ilk dərs günündə həvəslə tutduğu ön sıradan arxaya atmışdılar, siniflərinin əlaçısı (sonradan) olmasına baxmayaraq. Bu, qızıma verilmiş ilk seçim imkanı idi… Sonradan iki məktəb dəyişdilər, indi də normal, adi, yəni holland uşaqlarının oxuduğu məktəbdə oxuyurlar. Ancaq yenə də seçim imkanları tanınır. Təbii ki, məktəbdaxili qaydaların yol verdiyi çərçivədə. Məktəbdə uşaqlara öz hüquqları – istər ailədə, istər dövlətdə -, çox aydın izah olunur. Dünyada baş verən siyasi və iqtisadi məsələlər belə məktəbdə uşaqlarla (onların başa düşəcəyi tərzdə) müzakirə olunur, fikirləri soruşulur. İnanın ki, bəzən Hüsnü Mübarək, Qəzzafi və s. haqqında bilmədiklərimi (hələ internetdən oxumağa vaxt tapmadığım məlumatları) uşaqlardan eşidirdim. Hazırda məktəbdən tətilə buraxılıblar. Bəzən deyirəm ki, “nə olar tətildə olanda, bir az da dərs oxuyun”. İnsafla desək, bir söz demirlər, oxuyurlar. Ancaq dodaqlarının altında “axı bizim tətil hüququmuz var” deyə mızıldanırlar (mən də öz-özümə düşünürəm ki, buna görə bizim millətə demokratiya vermirlər də). Məktəbə xüsusi forma geyinməyə ehtiyac yoxdur. Seçim səndədir, nə istəyirsən geyin. Sinifdə xüsusi oturuş qaydası da yoxdur, əndazəni keçmədən necə istəyirsən otur. Məktəbə təkcə elm öyrədilən yer kimi deyil, həm də ünsiyyət qurmağı, hüquqları öyrədilən yer kimi baxırlar (Bir şeyi etiraf edim ki, bəzi holland uşaqlar belə bu demokratiyanı düzgün qiymətləndirmirlər və çox da düzgün olmayan yollara düşürlər ki, bu cür şagirdlər dünyanın hər yerində var). Məktəbdə hər hansı tədbir keçiriləndə müəllim, direktor – fərq etmədən uşaqlara, uşaqlar da valideynlərə qatışırlar, yaxşı mənada. Buradakı direktorlar (bütün vəzifə adamları) bizdəki kimi özlərini xüsusi (lap aydan gəlmiş kimi) adamlar hesab etmirlər. Onlar da özlərini haqlı olaraq adi insan kimi görürlər. Bu ayrı söhbətin mövzusudur ki, buradakı məktəblərdə olan şərait bizim hansısa bir məktəbdə olsa, şübhəsiz, o məktəbin illik təhsil haqqı bir neçə min manatla hesablanardı. Məktəblərdə hansısa tədbirə pul yığmaqdan isə söhbət gedə bilməz. Əksinə, məsələn, bizim uşaqların oxuduğu məktəbdə uşaqlara (bütün məktəbdəkilərə) həftədə üç dəfə pulsuz meyvə verilir məktəbdə yemək üçün. Xərcini sponsorlar çəkir, valideynlər meyvələri təmizləyir və uşaqlara paylayırlar. Hələ mən ildə bir neçə dəfə məktəb tərəfindən təşkil olunan məktəb gəzintilərini demirəm…

O ki qaldı buranın təhsil sisteminə, bu, ayrı mövzunun söhbətidir.

…Oğlum burada futbola gedir. Uşaqlara məşq etmək üçün yaradılan şərait heç bizim milli komandaya yaradılmayıb (sonra deyirik ki, nə üçün həmişə məğlub olurlar). Sezon finalında iki klubu birləşdirmək təklifi oldu. Təklif hər iki klubun oyunçuları, yəni uşaqlar arasında səsə qoyuldu. Əməllicə səsvermə keçirildi: səsvermə bülletenlərini hər bir uşaq gizli şəraitdə, xüsusi ayrılmış hücrələrdə doldurub qutuya atdılar. Səslər də həmən komissiyanın iştirakı ilə sayıldı və qərar verildi. Sonra uşaq soruşur ki, ata, sən Azərbaycandakı seçkilərdən danışırsan. Burada nə var ki? Gör necə sadədir, buradan səs verdik, buradan da nəticəni bildik. Qutunu da elə burada açıb saydılar… İndi gəl bu uşağa başa sal ki, bizdə qutunu açıb səsi sayan bu qaydada saymır axı…

Bilmirəm, “Mustafa”mı deyə bildim , yoxsa eləcə “mus, mus” dedim. Ancaq hər halda çalışdım. Maraqlandıran sualları vugarabbasov@hotmail.com email adresinə göndərə bilərsiniz.

 

P.S. Yazını qızıma və oğluma oxudum. O qədər şey saydılar ki, ata, bu yadından çıxıb, o yadından çıxıb… Yalnız bunu qeyd etmək istədim ki, məktəbdə bütün kitablar, dəftər, qələm, karandaş və hətta karandaş yontan belə pulsuz verilir…

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il


 


 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button