BAXCP sədri ilə ARDNŞ prezidentinin “donqili” söhbəti…

ARDNŞ PREZİDENTİ İLƏ DEPUTAT MM-də TOQQUŞDU

Milli Məclisin mayın 6-da keçirilmiş iclasında iki neft sazişi təsdiq edilib – “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, bp Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında saziş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş.

Deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev ikinci sazişin müzakirəsi zamanı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ünvanına sərt ifadələr işlədib. Qüdrət Həsənquliyev sənəddə adı keçən UQE-LANSER PTİ.LTD şirkəti haqqında heç bir məlumat tapa bilmədiyini söyləyib: “Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin saytı yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”.

Deputat qeyd edib ki, vaxtilə sabiq deputat Pənah Hüseyn də Dubayda qeydiyyatda olduğu iddia edilən “Bahar enerji” adlı şirkət haqda araşdırma aparmışdı və məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur: “Naxçıvanda belə saxta şeyləri “donqili” adlandırırlar. Pənah bəy o vaxt o şirkətin “donqili” olduğunu demişdi. Məndə belə şübhələr var ki, bu şirkət də “donqili” – saxta şirkətdir. Bizə niyə məlumat verilmir ki, bu şirkət Azərbaycandan başqa hansı ölkədə fəaliyyət göstərib?”

Sazişin şərtlərinə də diqqət yönəldən deputat deyib ki, 2 il 3 aydan sonra şirkət istehsalın həcmini 1,5 dəfə artıracaq: “O vaxta qədər isə kontrakt qüvvəyə minəndən etibarən istehsal olunan neftin gəlirindən 75 faizini götürəcək. Belə çıxır ki, bunlar 2-3 il ərzində gəlirin 75 faizini götürəcəklər, sonra həmin pulu Azərbaycana yatıracaqlar. İstehsalat həcmi 1,5 dəfə artandan sonra yenə də 75 faiz gəlir götürəcəklər. Bəs nə qədər investisiya yatıracaqlar – bu barədə söz deyilmədi. Milli Məclis mənşəyi bəlli olmayan bu tipli şirkətlərlə sazişləri təsdiqləyib belə məsuliyyətin altına girməməlidir. Azərbaycan xalqının varidatının bu şəkildə talanmasına imkan verməli deyilik”.

Neft Şirkətinin ünvanına da iradlarını çatdıran Qüdrət Həsənquliyev bu qurumun sahibkarlara xeyli borcu olduğunu deyib: “Mətbuatda yazırlar ki, ARDNŞ xarici ölkələrə 17 milyard dollar investisiya qoymaq istəyir. Bu vəsait Azərbaycana qoyulmalıdır, iş yerləri açılmalıdır. Dövlət Neft Şirkətinin özünün 100 milyonlarla azərbaycanlı sahibkara borcu var, vermir. Onlardan biri ilə bağlı Rövnəq müəllimlə görüşmüşəm, söz verdi, eləmədi. Rövnəq müəllim özü də hansısa şirkətin şoferi olub, sahibkarların vəziyyətini anlamalıdır”.

Rövnəq Abdullayev Qüdrət Həsənquliyevin yalnız xarici şirkətlə bağlı dediklərinə cavab verməklə kifayətlənib: “UQE-LANSER şirkəti 2003-cü ildən Almaniya, Rumıniya, Özbəkistan və Gürcüstanda layihələr həyata keçirib. Həmçinin 2003-cü ildə o şirkətlə birlikdə ekomühəndislik şirkəti yaratmışıq, Azərbaycanda bir sıra ekoloji layihələr həyata keçirmişik. Bu baxımdan Bibiheybətdə görülən işlər – təmizləmə, rekonstruksiya işləri göz qabağındadır. Biz o şirkətin ekoloji layihələrdə təcrübəsi olduğunu nəzərə alaraq bu qərarı vermişik”.

Rövnəq Abdullayev sanballı şirkətlər haqqında “donqili” kimi ifadələr işlətməməyi məsləhət görüb: “Bu şirkət milyard dollara yaxın investisiya planları hazırlayıb. Dünyanın böyük bankları “donqili” adlandırdığınız bu şirkətlərə milyard dollarlıq kreditlər açır. Dünyanın böyük şirkətləri bunların layihələrini yoxlayıb rəy verib”.

“Yeni Müsavat”

Əlaqəli məqalələr

1 şərh

  1. Bu donqullardan neft sirketinde onlarcadir.Qudret muellim ne ucun biri haqqinda danisib maraqlidir.Onlar neft sirketinin canina gene kimi darasib Ona gore de Rovneq muellim 80 min iscini 3 ildir aldadaraq emek haqqinin artrilmasina pul tapa bilmir.Bu ay 80 min adama tehqiramiz maas artimi edib 5 faiz.”Sanli Azerbaycan neftcileri” yarandigi gunden bu qeder alcaldirilib tehqir olunmamisdilar.Zeherli ve aqir seraitde isleyen o iscilerin saralmis.xeste,solgun gozlerine nece baxacaq.Axi o kisi neft senayesinde islemeyib,islemeyibse o iscilerin ne derdini basa dusen deyil,ne halina yanan .O,Qudret muellim demis ele,evveller de donqullarla isleyib,inden sonra da donqullarla is birliyi qurub onlarla isleyecek.Basinizi agritmayin bizde ses coxlugu her seyi hell edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button