Baxıcı

Hüsamə bin Sərxan
husamasarxan@mail.ru

FİRONLAR DA ÖLÜRLƏR

1. Fironsuz dünya?!

Dünya daha bir fironu ilə vida(ş)laşdı. Bu vidalaşmadan dünyanın yaxın perspektivdə nə qazanacağı bəlli olmasa da, itirəcəkləri şəksizdir. Fironsuz dünya… Təsəvvür etmək belə çətindir. Canavarsız meşə ola bilmədiyi kimi, fironsuz dünya da mümkün deyil. Bu, cəngəllik qanunlarına ziddir. Bir də axı fironları yaradan Allah deyil, biz insanlarıq. Bütün hallarda sevinməyə heç bir səbəb və əsas görmürəm. Bəlkə də buna görədir ki, dünyanın ən hiyləgər və ağıllı hakimiyyətinə sahib İsrail, fironun istefasına münasibət bildirməyin hələ tez olduğunu bəyan etdi. Çünki yəhudilər qədim tarixdən bəlli olan bir həqqiqəti çox yaxşı bilirlər: “Misirli çörəksiz-susuz yaşaya bilər, amma fironsuz mümkün deyil.”

2. Bizə Firon lazımdırmı?

Şükür Tanrıya, bizdə firon-miron yoxdur. Hər il 40 gün sərasər yezidə, firona o qədər lənət oxuyuruq, nəinki özləri, heç ruhları da həndəvərimizdə fırlana bilmir. Ola bilsin, “müxalifət”imizin bu lənətlərdən xəbəri yoxdur. Mən də söz tapdım da danışmağa. Guya xəbərləri olsaydı, nə edəcəkdilər? “Azadlıq aşiqi” Nemət Pənahlı nə vaxtdır “içəri”də can əlləşdirir, amma şəkli bərkgedən “müxalifət” qəzetlərinin 3-cü səhifəsinə düşmür. Mən bu cür hərəkəti çox anlaşılmaz və eybəcər etiraf hesab edirəm. Nəyin etirafı olduğunu xırdalamayacam. Çünki hamınız bilirsiniz. Amma bir məsələni hökmən deməliyəm: “Allah heç millətə belə bır müxalifət qismət eləməsin. Bu cür müxalfəti olan millətə firon-zad lazım deyil.”

2. Hakimiyyətin Firon problemi

Əgər bir balaca dərindən fikirləşsək anlayarıq ki, millətimizin yox, əslində, hakimiyyət mənsublarının dəhşətli firon problemi mövcuddur. Birinin oğlu-qızı, başqa birinin arvadı-məşuqəsi, digərinin kürəkəni-gəlini, yaxud bacanağı-qaynı, əlqərəz, “yavayerinin hansısa qırağı” elə iddialardadırlar ki, firon onların yanında adi qladiatora oxşayır. Onlar hər gün vətəndaşların təməl hüquqlarını pozur, bilərəkdən, ya bilməyərəkdən vətandaş cəmiyyətində özbaşınalığa, başıpozuqluğa, ayrı-seçkiliyə, mənəviyyatsızlığa stimul yaradırlar. Məncə, korrupsiyayla mübarizəyə başlamazdan
öncə, bu məsələni çözmək lazım idi. Onsuz da bu mübarizə heç bir nəticə verməyəcək. Bir qrup binəva-fağırı xosunvay edib, günahını da Misir fironunun kürəyinə yüklədəcəklər. Hələ bu harasıdır? Pensiyaya çıxmaq üçün tələb olunan məbləğ 10 minə, hərbi biletin qiyməti 20 minə, ən “cındır” maddələrdən biri hesab edilən 132-ci maddənin dəyəri 5 minə qalxandadır Hüsnü Mübarəkin toyu.

4. Bizdən olmayan Fironlara ismarıc

Toy dedim, yadıma “Xural” qəzetinə çalınan “toy” (belə getsə 40 gün-40 gecə çalınacaq) və qəzetin təsisçiliyi uğrunda ölüm-dirim mübarizəsinə girişmiş Dxarmendra, Xema Malini və Prom Çopra düşdü. Hakim Sevinc Quliyevanın məqsədini isə heç anlamıram. Deyirəm ay brat, görəsən, Əvəz Zeynallı hansı suçun sahibidir ki, başını soxmadıqları “Qaynar Qazan” qalmayıb? Vallah ayıbdı, billah ayıbdı… Hər gün təhqiqat və istintaq orqanlarımızın sayəsində yüzlərlə yanlış və qərəzli maddələr tətbıq edilir. Bu isə o deməkdir ki, yüzlərlə ölkə vətandaşı etmədiyi əməllərə görə, dəmir barmaqlıqlar arxasına göndərilir. Amma bu cür dəhşətli yanlışlıqlara görə, heç bir təhqiqatçını, müstəntiqi cərimələmirlər. Məgər yanlışlığın və qərəzin qurbanına çevrilənlər insan deyillər?! Bəlkə bu millətin qanı, dili, irqi onlarınkından deyil? Əgər belədirsə, qoy desinlər və biz də onları özümüzdən hesab etməyək.

Yazının “Daban”ı:
…Hər şeyin bu qədər sadə olacağını düşünməzdim. Hakimiyyət mənsublarının korrupsiyaya qarşı mübarizəyə start verildikdən sonrakı halını müşahidə etdikcə, başa düşürsən ki, 2003-cü ildən üzü bəri tüğyan edən soyğunçuluq, çapoulçuluq bir qrup xalq düşməninin kapital toplamağına hesablanmış aksiyalar imiş. Əgər belə olmasydı, əzəmətli villaları, holdinqləri, dənizləri, çayları, meşələri Aydan baxanda belə görünən məmur-oliqarxlarımız sevinmək əvəzinə ağlayar, ən azı insanların arasında görünməyə xəcalət çəkərdilər. Söz yox ki, “Dirilər yalandan ağlaya bilir, ölülər yalandan ölmürlər axı.” Amma onlar da öləcəklər!!!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button