Baxıcı

Hüsaməddin Sərxan

Qananlar məclisində anmaz,

Qanmazlar məclisində anar…

“Əgər söz olmasaydı, mövcudatı tanımaq olmazdı”

F.Nəimi

 

Azərbaycan Qadınının ölçü və ülgiyə gəlməz müqəddəslik simvollarından biri olan Nigar Rəfibəylinin yadigarı…

Böyük Azərbaycan şairi və ictimai-siyasi xadimi Rəsul Rzanın gölgəsində böyüyən, lakin qeyri-adi istedadı sayəsində həmin kölgənin altından öz kölgəsi ilə boylanmağı bacaran kölgə sahibi.

Şeiri şairlərdən, kinonu rejissorlardan, fəlsəfəni filosoflardan, siyasəti diplomatlardan daha çox bilən və anlayan adam.

Həm ayoçular, həm ayebeçilər tətəfindən döyülə-döyülə, söyülə-söyülə müdrikləşən, həmişə deməyə sözü olsa da susan, lakin sözü kimi “mənalı” susqunluğu ilə də ədəbiyyat və ədəbiyyat industriyamızın inkişafının anasını ağladan vicdan sahibi.

Qananların məclisində Anmaz, qanmazların məclisində Anar. Sadəcə Anar…

 

xxx

 

Bu yazını yazmağa haqqım çatsa da, çatmasa da, bu böyük yazıçının mənim cükkümüş istəyimdən ehtiyacı olsa da, olmasa da, deməliyəm ki, mən onu heç vaxt sevməmişəm. Daha doğrusu, buna səbəbim olmayıb. 50 illik yaradıcılıq stajına malik, Azərbaycan təmsil janrının üç nümayəndəsindən biri, bəlkə də birincisi, özünəxas publisistik qələmi ilə seçilən dədəm Sərxan Əhmədovu AYB-nin kandarına “buraxmayan” Anarı sevmək, ən azından, qürur məsələsidir ki, mən qürurumdan imtina edib, dədəmə və mənə düşmən gözü və sözü ilə baxanları sevindirə bilməzdim. Axı dədəm AYB üzvü olan təxminən 30-a yaxın cəlilabadlı yazar arasında istedad və intellektinə görə ən azı birinci beşliyə iddialıydı. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, birinci beşliyə özümü layiq bilməsəm də, minimum ikinci onluqda mənim də yerim görünür. Fəqət dədəmə nəsib olmayan bir səadəti, mən də yaşamaq istəmədim. Əks təqdirdə ona xəyanət etmiş olardım.

 

xxx

 

Mən Anarı sevmirəm! Maləsəf nifrət də etmirəm. Nifrət hisslərin ən səmimisi kimi səciyyələndirilsə də, bu hisslə yaşamaq ömür-gününü cəhənnəmdə çürütmək amacından başqa bir şey deyil. Cəhənnəminsə öz əbədi sakinləri var ki, mən o məkanı onlara dar etmək perspektivindən çox ucadayam. Yetər o cəhənnəmə ucadan baxasan. Özgə bir aləmdir, abi.

 

xxx

 

İspaniyada şəhəri xristian ordularına təslim etməli olan ərəb sərkərdəsi, ən uca yerdə durub əlindən çıxan şəhərə baxaraq ağlayırdı. Anası ona demişdi: “Bala, kişi kimi əlində saxlaya bilmədiyin bir şeyə görə arvad kimi ağlama”. Bu sətirlər Anarın “Gecə düşüncələri” adlı ədəbi essesinə aiddir.

Çox düşündüm, çooxxx… Anarın istinad etdiyi bu misalın, özününkü olan taleyinə nə qədər aidiyyatı olduğunu dəqiq təyin edə bilmədim. Amma cüzi də olsa-var.

Təxminən belə bir anlamda: “Azərbaycanda AYıBı qarabağlılara təslim etməli olan azəri nəsrinin sərkərdəsi ən uca bir yerdə durub əlindən çıxan AYB-yə baxıb ağlayırdı. Aşıq Zəlimxan ona demişdi: “Ay Anar, kişi kimi əlində saxlaya bilmədiyin bir şeyə görə Yaqub Zurnaçı kimi ağlama”.

 

xxx

 

Yadıma Çingiz Aytmatovun “Əlvida, Gülsarı” əsəri düşür. Qırmızı imperiyanın yükünü çəkən bu at qocalıb əldən düşür. Ona yem verib yada salan insan əhli tapılmır. Anarın da aqibəti Gülsarının aqibəti kimidi.

 

xxx

 

İnsan ahıllaşdıqca vid-fasonunu da, bu azmış kimi ağıl-kamalını da itirməyə başlayır. Bu gün Anar-Fikrət Qoca cütlüyü ilə Şamo Arif-Əkrəm Əylisli tandemi arasında gedən iyrənc söz atışmalarının mahiyyətinə təsir edən təbii çalarlar şəxsi-insani keyfiyyətləri üstələyir. İstedadları şəxsiyyətlərini üstələmiş bu insanlar, indiki hərəkətləri ilə şəxsiyyətləri adına qalan son qırım-qırıntıları da xərcləyirlər. Hərçənd özünü söz məbədinin fironları hesab edənlərin aqibəti belə sonluğa mübtəla idi. Söz adam deyil ki minib çapasan. Söz Allahdı! Sözün bəndələri də, məbədləri də Söz Allahının ixtiyarında və nəzarətindədi. Sözə xəyanət edənlərin sonu isə rəzalətdir ki, artıq onlar bu sonu yaşayırlar. “Beşinci mərtəbənin altıncı mərtəbəsi”ndə gizlənməklə, yaxud “Qınamayın məni” deməklə, o sondan qaçmaq olmaz.

 

xxx

 

Söz çörək olmasa da, onun da halalı-haramı olur. Haram çörək yeyib halal sözə sahib olmaq mümkünsüzdür.

 

xxx

 

Mən bu sarsaq və mənasız söz savaşında, iki əli üstələyən “üçüncü əl oyununda” iştirak edən bütün tərəflərə qarşı tərəfsizəm. Tərəfində durduqlarım ədəbiyyatımızda, ictimai-fikir tariximizdə xüsusi çəkisi və mövqeyi olan mərhum insanlardır ki, onların ruhları, xatirələri ilə alver “predmet”i kimi davranmaq AYB-nin işi yox, sadəcə ayıbıdır.

 

xxx

 

“Bir şəm ki, həqdən yana, heç bad ilə sönməz”.

O, bir kürddü, ölər, fəqət sözündən dönməz.

Anar müəllim yaman yava yerə ilişib. “Ayı qanacaq”, amma şam (o) qanmayacaq. Onu qandırmağa Ziyanın ayıqandıran oğlu Anar lazımdır, abi.

 

xxx

 

Bu yazını yazmaqda məqsədim Anarı dəstəkləmək idi. Fəqət alınmadı. Çünki yazını yazdığım məkan və zaman kəsiyində əlahəzrət Söz Allahının nəzarəti və diqtəsi altındaydım.

 

xxx

 

“…Bir günəş qalacaq qana batmamış…

Bir köhlən sahibsiz qalıb çapacaq…”

“Qaraçı qadının falı”, Çingiz Aytmatov.

 

Bəs sən nə edəcəksən, Anar müəllim?!

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button