Baydenin “demokratiya sammiti”: şübhəli məqamlar, ABŞ-ın mənfəəti və geosiyasi maraqları

Qlobal tədqiqat  mərkəzlərindən olan  “Karnegi Fondu”  ABŞ prezidenti Cozef  Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib. Tədbirə dəvət alan dövlətlərdən  hər birini araşdırıb, qeyri-adi görünən məqamların üzərində dayanıb. Fond tərəfindən hazırlanan və  “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən  analitik məqalə ayrı-ayrı beynəlxalq təşkilatların sammiti barədə rəylərinin müqayisəli təhlili üzərində  qurulub.

Bu sırada ilk olaraq “Freedom House” və onun 2021-ci il üzrə  hesabatı diqqət çəkir. Bəlli olur ki,  sammitə  dəvət alan  ölkələrdən  77-si  “Freedom House” hesabatında “azad” (tam demokratik),  31-i  “qismən azad” (yarım-demokratik), 3-ü  isə  “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib.

Fondun  eksperti Steven Feldstein yazır ki, “qismən azad”, yəni “yarım-demokratik”  ölkələrin sammitə gəlişini anlamağa çalışır.  Amma “azad olmayan”, yəni “qeyri-demokratik” ölkələrin “demokratiya sammitində”  görünməsinə şərh verə bilmir. Məlumat üçün qeyd edək ki,  “Freedom House” hesabatında  “qeyri-demokratik” ölkə kimi təsnif edilən, amma  Baydenin “demokratiya sammiti”nə dəvət alan ölkələr Anqola, Konqo Demokratik Respublikası və Zambiyadır.

“Varieties of Democracy”   (V-Dem)  hesabatında isə  “demokratiya sammiti”nə dəvət almış  “qeyri-demokratik”  dövlətlərin  siyahısı bir az da  artırılır. Onların sayı 3-dən 7-yə qaldırılır. Bu sıraya  Anqola, Konqo Demokratik Respublikası, Zambiya ilə yanaşı İraq, Keniya, Malayziya və  Pakistanın da adları əlavə edilir.  Paralel olaraq digər  4 ölkənin iştirakı  mübahisələndirilir.  Mübahisəli ölkələr sırasında Braziliya, Hindistan, Filippin və Polşanın adı  çəkilir: “Son 3 ildə  avtoritar idarəçiliyin artması səbəbindən bu ölkələrin sammitə qatılması   anlaşılmaz görünür” – deyə, məqalədə qeyd olunur.

“Foreign Policy” dərgisinin  təhlükəsizlik məsələləri üzrə eksperti  Eymi Makinnonun “demokratiya sammiti” barədə yazısında  göstərilir ki, “NATO daxilində demokratik durum baxımından Polşa, Macarıstan və Türkiyə təqribən eyni vəziyyətdədirlər. Bunlardan birinin-Polşanın  sammitə dəvət alması, digər ikisinin-Türkiyə və Macarıstanın almaması qeyri-adi görünür”.  Makinnonun sözlərindən  nəticə çıxır ki, sammitə dəvət almaq üçün meyar heç də  ölkələrdəki demokratik durum olmayıb.

“Harvard Kennedi Siyasət Məktəbi”nin (HKSM ) mövzuya yanaşması isə digərlərindən  fərqlidir. O, “demokratiya sammiti”nə dəvət alan ölkələrin durumunu deyil, ABŞ-ın özündə olan  vəziyyəti  təhlil edir. Birləşmiş Ştatlarda demokratik durumu dəyərləndirmək üçün oktyabrın 26-dan noyabrın 8-dək  təqribən 2109 nəfər gənc  amerikalı ( 18-29 yaşlılar) arasında sorğu keçirib. Məlumat üçün qeyd edək ki, Harvard Kenedi Məktəbi  ABŞ-ın iqtisadi-siyasi elitasına yaxın məktəbdir. Sorğuya siyasi-iqtisadi təmayüllü elmlər üzrə təhsil alan, ABŞ-ın bu sahədə gələcək elitasını formalaşdıracaq gəncləri cəlb edib.

HKSM təhlilçilərinin keçirilmiş  sorğudan əldə etdikləri nəticələr maraqlıdır. Respondentlərin  52 faizi bildirir ki, “ABŞ öz daxilində  demokratiya  problemi ilə  üzləşib. Bu sahədə hakimiyyətin siyasəti uğursuzdur”. Sorğuya qatılmış gənclərdən 35 faizi  ABŞ-da cəmiyyətin qütbləşməsindən  narahatdır.  Hesab edirlər ki, “ABŞ-da  ikinci vətəndaş müharibəsinin başlandığını görə biləcəklər”. Gənclərdən 25 faizi inanır ki, “indiki gedişatla ölkə ən azı 2 yerə  parçalanacaq, ABŞ ərazisində yeni bir dövlət müstəqilliyini elan edəcək”.

Ən qəribəsi budur ki, sorğu iştirakçısı olan gənclərin 80 faizi Cozef Baydeni  bəyənməyiblər, onun  demokratiyaya sadiqliyini şübhəyə alıblar .

Sorğunun nəticələrinə istinad etsək, Bayden komandasının demokratik model kimi çıxış etməsi  mənəvi baxımdan  mübahisələndirilir. Mübahisəyə yol açan əsas məqam isə ABŞ-da keçirilən son prezident seçkisi olub. Hansı ki, o seçkidə Bayden prezident seçilib. Son seçkidə səsvermənin nəticələrini dəyişdirmək üçün kifayət qədər saxtakarlıq edildi, yüz minlərlə seçici  saxtakarlıq haqqında fikirlərini  paylaşdı. Seçkidə saxtakarlıq olduğunu bəyan edən sabiq prezidentin-Donald Trampın mediaya  çıxış imkanları məhdudlaşdırıldı, sosial media hesabları qapadıldı. Saxtakarlıq hallarını əks etdirən  videogörüntülər isə  bloklandı. İmpiçment olmayan, legitim prezidentin həm şəxsi, həm də adminstrasiyasına məxsus sosial media hesabları  məhkəmə qərarı olmadan bəziləri iki həftəlik, bəziləri isə həmişəlik bağlandı.  Kapitolidə bütün bunlara  etiraz edən kütləyə silah açıldı, bir neçə nəfər etirazçı öldürüldü.

“Demokratiya sammiti”nin təftişinə həsr edilmiş təhlillərin sayı çoxdur. Əldə edilən nəticə isə birdir: hər kəs düşünür ki, Cozef Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammiti” bir məzhəkədir. Mövzu olaraq demokratiya  önə çəkilir, mahiyyətdə isə ABŞ-ın  strateji maraqlarının təmin edilməsi üçün yollar axtarılır. “Foreign Policy” dərgisinin  eksperti  Eymi Makinnon məqaləsində qeyd edir ki,  “virtual  demokratiya sammitinin keçirilməsində əsas məqsəd Çin və Rusiyanın təsir  gücünə balans yaratmaqdır”.  Müəllif fikrini isbatlamaq üçün Filippini misal göstərir. Qeyd edir  ki, “Filippin prezidenti Rodriqo Duterte öz ölkəsində  ədaləti yox edən,  regionda Çinin aqressiv ekspansiyasına şərait yaradan  liderdir. Hətta  jurnalist Mariya Ressa Filippində  hakimiyyətin zorakılığını ifşa etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb”.  Belə bir ölkə liderini demokratiya sammitinə dəvət etmək o anlama gəlir ki, ABŞ Flippini öz orbitində tutmaq istəyir. Filippin Çini cilovlamaq kontekstində ABŞ üçün strateji müttəfiq rolunu oynaya bilər.

ABŞ-ın  strateji hədəfləri: sammit üzərindən yürüdülən siyasət

“Karnegi Fondu”nun  “demokratiya sammiti”nin hədəfləri   barədə qənaəti  Foreign Policy” dərgisinin  rəyi  ilə uyğundur. Fondun hazırladığı analitik məqalədə açıq tekstlə bildirilir ki, “sammitə dəvətlilərin  seçilib müəyyənləşdirilməsində əsas meyar  ABŞ-ın   strateji maraqları olub.  “Filippin, Ukrayna,  Pakistan kimi ölkələrdə  korrupsiya,  qanunun aliliyinin  pozulması  ilə müşaiyət olunan qüsurlu demokratiyalar var. Bununla belə, onlar ABŞ-ın strateji hədəfləri üçün önəmlidirlər. Çinin  təsirini tarazlaşdırmaq üçün Filippin,  Rusiyaya qarşı durmaq üçün Ukrayna, terrorizmlə mübarizə prosesində isə Pakistan ABŞ-a lazımdır.

Dövlət Departamentinin müvafiq regional büroları  sammitin tərkibini müəyyənləşdirərkən bu amilləri nəzərə alıblar”-deyir “Karnegi Fondu” nun təhlilçisi  Steven Feldstein.

Onun qənaətincə, Macarıstan və Türkiyənin tədbirə dəvət almaması  sadəcə Baydenin bu ölkələrin rəhbərlərinə qarşı olan şəxsi  münasibəti ilə bağlıdır: “Bayden  Macarıstanın baş naziri Viktor Orbanın və  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə yenidən seçilmək şanslarına zərbə vurmaq istəyir. Macarıstanda seçkilər 2022-ci ildə, Türkiyədə isə 2023-cü ildə keçiriləcək. Bu mənada  onlara dəvət göndərmədi. Həmçinin, Filippin və Keniyada  2022-ci ildə  milli seçkilər olacaq. Baydenin texnoloqları bu iki ölkənin mövcud  liderlərini  təşviq etmək məqsədilə Filippin və Keniyaya sammitdə yer ayırdılar”.

Afrika nə üçün önəmlidir?

Qeyd edilən analitik materiallarında diqqət çəkən bir nüans da var. Avropa, Asiya, Latın Amerikası ölkələrinin sammitə dəvət səbəbləri detallı şəkildə incələnsə də, Afrikanın üzərində sükutla keçilir.

Hansı ki, qonaqlar siyahısında   ən ziddiyyətli görünənlər məhz  bu qitədən olanlardır. Düzdür, “Karnegi Fondu”  öz məqaləsində Afrikanın sammitə daha çox liderlə  (19 dövlətin rəhbəri) qatılmasını xüsusi qabardır və şübhəli göstərici kimi təqdim edir. Bu qitədən  “demokratiya sammiti”nə qatılanların seçilib müəyyənləşdirilmə  meyarlarını tapmağa çalışır. Amma qaneedici səbəb göstərmir, etimadlı izahat vermir. Konqo,  Keniya, Zambiya…sırada  olan 19 dövlətin  ABŞ üçün nə önəmi var? Nə üçün  “Karnegi Fondu”,  “Foreign Policy”…  bütün qitələrdən olan dövlətləri detallı  incələyir, amma Afrika üzərindən yarımçıq keçir?

Cavab tapmaq üçün istiqaməti ABŞ-ın peyk təşkilatlarından olan “Amnesty İnternational” verir. “Azadlıqların  müdafiəçisi”  rolunda ixtisaslaşmış “Amnesty İnternational” 2019-cu ildə “azyaşlıların əməyinin  istismarı” üzrə hesabat yayıb. Hesabatda hədəf olaraq  Afrika ölkələri görünür. Onlar  yüz minlərlə azyaşlının əməyini istismar etməkdə qınanırlar. Amma Afrikada 54 dövlət mövcud olsa da, “Amnesty İnternational” sıradan yalnız  30 dövləti  seçib fərqləndirir. Həmin 30 dövlət arasından isə daha çox Konqo Demokratik Respublikasının üzərində dayanır.  30 dövləti digərlərindən fərqləndirib “Amnesty İnternational” ın hədəfinə çevirən səbəb onların mədən  sənayesinə malik olmalarıdır.

Konqo Demokratik Respublikası isə bu mənada daha önəmlidir. Aydınlıq üçün  deyək ki,  planetimizdə  kobalt ehtiyatının tam yarısı Kongo dövlətinin  payına düşür. 2000-ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elm, tibb sahəsində geniş istifadə olunan kobalt,  sonrakı dövrdə cib telefonları, noutbuk  və digər smart qurğular, yüksək texnologiyalar üçün vacib materiala çevrilib.  Hazırda kobalt  elektro-mobillər üçün də vazkeçilməz elementdir.  G-20 dövlətlərinin qərarına əsasən, dünya  2020-ci illərin ikinci yarısından etibarən ənənəvi mobillərdən – daxili yanma mühərriklərindən imtina edəcək, elektro-mobillər erası başlayacaq. Yeni nəsil avtomobillərin batareyası üçün  kobalt istifadə olunacaq.

Bir sözlə, kobalt  21-ci əsrin ən strateji məhsulları sırasındadır.  “Amnesty İnternational” isə azyaşlıları deyil, ABŞ-ın maraqlarını  müdafiə edir. Təşkilat “Azyaşlıların əməyinin mədən sənayesində istismarı”nı şüar edib, Konqo Demokratik Respublikasını hədəfə çevirir, ABŞ-ın maraqlarına boyun əymək üçün ona  təzyiq göstərir. Hesabatda deyilir ki, Konqoda  hər il 40 mindən çox uşaq  mədən sənayesində çalışır, istismar olunur. “Amnesty İnternational”ın bu hesabatı UNİCEF-in indeksinə daxil edilib,  Konqo uşaq əməyinin istismarı üzrə “dünya lideri” kimi təqdim edilib, qlobal ictimai rəyin hədəfinə çevrilib. Uşaq əməyinin istismarı bütün Afrika dövlətləri üçün xarakterikdir. Amma hesabatda vurğu Kongonun üzərinə qoyulub. Təcrid siyasəti  Konqonu əzib- sındırır.   Kredit məhrumiyyəti,  maliyyə sıxıntıları,  risklər çoxalır. Nəticədə Kongo  öz siyasətində korrektələr etməyə, daha doğrusu, ABŞ-a münasibətini dəyişməyə  məcbur olur.  Konqo ABŞ-ın çətiri altına keçir. Ölkənin  mədən sənayesi  transmilli şirkətlər üçün açıq elan edilir. ABŞ-a məxsus  şirkətlər 21-ci əsrin  strateji məhsulu- kobaltın istehsalı üzərində pay sahibinə çevrilir.  2019-cu ildə ABŞ-ın peyk  təşkilatları tərəfindən  ən sərt ittihamla qınanılan, əzilib sındırılan  Konqo  2021-ci ildə ABŞ prezidentinin təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alır.

Analitik materialları izlədikcə bəlli olur ki, Cozef Baydenin Afrikadan “demokratiya sammiti”nə dəvət etdiyi digər 18 dövlətin hər birində ABŞ-ın  kəsişən maraqları var.

Çinin Cibuti və Keniyada  hərbi iştirakını genişləndirməsi aranı qatıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun ( SIPRI) hesabatlarında göstərilir ki, Çin son 10 il müddətində Afrika dövlətlərinin  müdafiə sisteminə daxil olub,  Afrika üçün əsas silah ixracatçılarından birinə çevrilib. Hazırda qitə dövlətlərinin silahlı qüvvələrinin 2/3-i Pekinin istehsal etdiyi hərbi texnikadan istifadə edir. Bu sırada piyadaların döyüş  maşınları, hərbi təyyarələr, gəmilər və atıcı silahlar üstünlük təşkil edir. SIPRI qeyd edir ki, Afrikanın silah bazarında Çinin  payı on il əvvəl 12 faiz idisə, 2020-ci ildə iki dəfə artaraq 26 faizə çatıb.

İndi Çin  ABŞ-dan sonra  qitə dövlətləri üçün ikinci silah ixracatçısıdır. Uqanda, Keniya və Cənubi Sudan  Afrika qitəsində Çindən ən çox silah alan dövlətlərdir. Afrika müdafiə bazarı Çinin son beş ildə silah ixracatının təxminən 25 faizini təşkil edir. Bu baxımdan qitə Çin üçün vacib məkandır.

Cibuti Afrikanın vacib dövlətlərindən sayılır. Çünki planetin marşrut damarlarından biri hesab edilən  Süveyş kanalı yaxından keçir. Xammal mənbələrindən kasad olan Cibuti məhz strateji-coğrafi  mövqeyindən istifadə edərək önəmini artırır.

Çin Afrikanın bu vacib ölkəsində hərbi bazaya malikdir. Düzdür, qeyd edilən baza birgə təlimlər, xaricdə işləyən Çin vətəndaşlarının təxliyəsi, fövqəladə xilasetmə əməliyyatları, strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi sahəsində töhfə vermək missiyası daşıyır. “Digər ölkələrin  hərbi bazaları Afrikaya sadəcə qoşun yeridir, hərbi təlimlər  keçirlərsə,  Çinin hərbi  bazası onlardan  fərqli olaraq  logistika funksiyalarını  yerinə yetirir”-deyir Çin analitikləri.

Amma istənilən halda ABŞ məsələyə fərqli kontekstdən yanaşır, qitədə şəriksiz lider olmaq istəyir.  Çin Afrikanın digər strateji ölkəsində- quru, su,  hava yollarına malik olan Keniyada da  baza yaratmaq istəyir. Onun bu istəyi ortaya çıxandan sonra  ara qarışıb, ABŞ ciddi narahatlıq keçirib. Rəsmi Pekin Keniyada planlaşdırdığı bazanı logistik  obyekt  kimi təsvir etsə də, ABŞ fərqli düşünür. Keniya bazası  Çinin Afrikada  ilk dəniz hərbi obyekti  funksiyasını icra edəcək, ABŞ daxil olmaqla super güclərə qarşı durmaq üçün hərbi logistika rolunu oynayacaq. Çin Afrikanı həm də  öz iqtisadiyyatını genişləndirmək üçün xammal mənbəyi qismində görür.

ABŞ Çinin Keniyada hərbi baza yaratmaq, əlavə olaraq  iqtisadi və investisiya əlaqələrini genişləndirmək iddiası ilə bağlı həyəcan təbili çalır. ABŞ strateqləri deyirlər ki, Amerikanın qlobal seçimlərini məhdudlaşdırmaq üçün Çin özünün bazalarını artırır. İndi Çin özünün  qlobal logistika şəbəkəsi və hərbi obyektləri ilə ABŞ-ın maraq məntəqələrinə müdaxilə edə, bu istiqamətdə  əməliyyatları dəstəkləyə bilər.

Sonra nələr olacaq?

Analitiklər qeyd edirlər ki, Çinin qlobal güc mərkəzi olaraq nüfuzunun artması,  təsir imkanlarının genişlənməsi, Rusiyanın qlobal oyunçu qismində yeni rıçaqlara sahiblənməsi, Türkiyənin əlahiddə güc mərkəzi  formalaşdırması  dünya düzənini dəyişir. Proses ABŞ-ın əleyhinə işləyir. O, nəinki dünyanın super gücü olmaq statusunu itirir, ümumiyyətlə, perspektivi şübhə altına düşür.  ABŞ müqavimət göstərir, prosesi durdurmağa, geri çevirməyə çalışır. Müttəfiqlərini saf-çürük edir. Prinsipial olanları ətrafında sıx birləşdirir. Tərəddüdlü olanlara qarşı təzyiqləri artırır. “Demokratiya sammiti” onun siyasətinə boyun əyənlərin toplantısıdır. Boyun əyməyənləri isə  hədələyir,  şantaj edir.

“Reuters” xəbər verir ki, Ağ Ev bir sıra dövlətlər və siyasətçilərə qarşı yeni sanksiyalar proqramı hazırlayıb. Rəqiblərinə təzyiq elementi kimi bu sanksiyaları geniş çevrədə tətbiq edəcək.  Qeyd olunur ki, Cozef Bayden qarşıdan gələn sammit çərçivəsində iştirakçı  dövlətləri yeni sanksiyalara qoşulmağa razı salacağına  ümid edir. Rəqiblər bu təhdidlərə duruş gətirə biləcəklərmi?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin dekabrın 1-də keçirdiyi brifinqdə deyib: “Demokratiya  sammiti dünyanı yenidən iki düşərgəyə bölmək üçün quraşdırılmış təhlükəli oyundur.  Demokratiya sammiti ölkələr arasında birliyə və əməkdaşlığa töhfə vermir, sülh və sabitliyə yol açmır. Əksinə, dünyada parçalanma və qarşıdurmaya səbəb olan açıq təfriqə, qarşıdurma yaradır”.

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button