Baydenlə Tramp debata çıxdı

Yayımlandı: 28 İyun 2024 16:37

Prezidentliyə namizədlər bir-birini ittiham edib

Amerikada prezidentliyə namizəd Co Bayden və eks prezident, hazırki namizəd Donald Tramp arasında ilk debat baş tutub.

Hər iki namizəd bir-birlərinə qarşı sərt mövqe nümayiş etdirib.

Tramp çıxışı zamanı Baydenin qəbul edilən zəif tərəflərinə toxunub. Bildirib ki, immiqrasiya, inflyasiya qorxu yaradacaq həddədir.

“Ölkəmiz böyük iqtisadiyyata malikdir. Digər ölkələr bizi təqlid edirdi”, – deyən Tramp istehza ilə “hər şey yaxşı idi” – söyləyib.

“Mən əvvəllər heç bir prezidentin belə danışdığını eşitməmişəm. Dünya bizə paxıllıq edir. Mənə Amerika Birləşmiş Ştatları ilə yer alqı-satqısı etməyən bir böyük ölkənin adını verin”, – Bayden bir anda söyləyib.

Bayden əlavə edib ki, ölkəsi onun rəhbərliyi zamanı “COVID 19” pandemiyasının gətirdiyi tənəzzüldən üzüağ çıxıb. İnflyasiya azalıb, yaşlı amerikalılar üçün dərman qiymətləri ucuzlaşdırılıb.

O, yenidən prezident olarsa, sosial proqramların maliyyələşdirilməsini dəstəkləmək üçün yüksək gəlirli amerikalıların vergilərini artıracağını bildirib.

Tramp isə bildirib ki, iqtisadi yüksəlmə vergilərin azaldılması ilə onun rəhbərliyi dövründə olub. O, Baydeni qeyri-qanuni miqrasiyaya göz yummaqda, buna təşviq etməkdə günahlandırıb. Bildirib ki, bu, aşağı gəlirli amerikalılara zərər verir.

Tramp çıxışı zamanı anti-immiqrant ritorikasından istifadə edərək, Baydeni immiqrasiya ilə bağlı tənqid edib.

“O, sərhədlərin açılmasını istəyir. Bununla ya ölkəmizin məhv olmasını, ya da həmin insanları seçici kimi götürmək istəyir?”– deyə Tramp Bayden haqqında bildirib.

Bayden isə cavabında “araşdırmalar göstərir ki, immiqrantlar orta hesabla ABŞ-da doğulmuş vətəndaşlara nisbətən daha az cinayət törədir”, – deyib.

Müzakirənin ən qızğın hissəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı olub.

Tramp bildirib ki, əgər o, prezident olsaydı, Rusiya Ukraynanı işğal edə bilməzdi. Həmçinin bildirib ki, Amerika ordusunun Əfqanıstandan “rüsvayçı kimi” getməsi Putinə Ukraynaya hücum cürəti verib.

“Sənin siyasətin üçüncü dünya müharibəsinə aparır”.

Bayden isə cavabında deyib ki, Trampın Ukraynaya kömək etmək istəməməsi Putini NATO-ya üzv ölkəni işğal etməyə şirnikləndirəcək:

“Əsl bu zaman üçüncü dünya müharibəsi başlaya bilər”.

Debatda daha çox son illərin yüksək inflyasiyası, qadınların abort hüququ, miqrasiya, Ukraynaya yardım, çoxuşaqlı ailələrə dəstək, iqlim dəyişikliyi ilə mübarizənin müzakirəsi təklif edilb. Lakin hər iki namizədin bu sualların üzərindən keçdiyi bildirilib. Onların hər ikisi 90 dəqiqəlik debat ərzində öncədən hazırladıqları çıxışları səsləndiriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button