Bayılda sürüşmə zonasında son durum: əhali kirayə pulu tələb edir- Reportaj, Fotolar

Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir.

Dünən günorta saatlarında Teleqüllədən 200-300 metr aşağıda baş verən torpaq sürüşməsi nəticəsində yamaca yaxın məsafədə yerləşən 3 evə ciddi ziyan dəyib. Evlərdən ikisi uçub, birinin isə üstünə işıq dirəyi aşıb. Hadisə baş verdikdən sonra müvafiq qurumların nümayəndələri əraziyə gəliblər. Əraziyə gələn Səbail rayon icra başçısı Eldar Əzizov sakinlərə bildirib ki, vəziyyət çox ciddidir. İcra başçısının sözlərinə görə, sakinlərə hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların hər gün 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
Sakinlər isə icra başçısının bu fikirlərinə inanmadıqları söylədilər. Onlar musavat.com-a bildirdilər ki, iki həftədən çoxdur kirayə pulu ala bilmirlər:
“Bu sözlər bizə hələ iki həftə öncə verilib. Ancaq ötən günlər ərzində zülm çəkmişik, kirayə pulundan da xəbər çıxmayıb. Elə hər həftənin sonu deyirlər ki, gələn həftə sizə kirayə pulu veriləcək. Məktəbdə də yaşamaq çətindir”, deyə sakinlər bildirdilər.

Sakin Əminə Nuriyeva söylədi ki, camaata köçün deyirlər, ancaq maşın verən yoxdu:

“Mənim evim sürüşmə sahəsindən nə qədər aşağıdadır. Ancaq deyirlər ki, köçməlisiniz. Evi uçanlardan biri Zəngilandan məcburi köçkün İlhamdır. Mən özüm də məcburi köçkünəm. Bizə kirayə pulu da verilməyibsə əşyalarımızı hara çıxarıb aparaq. Heç maşın da vermirlər ki, əşyalarımızı çıxaraq. Camaat nə etsin?”

Sürüşmənin baş verdiyi yerə təhlükəsizlik qaydalarına uyğun olaraq sakinlərdən başqa kimsəni buraxmırlar. Ona görə də evlərə nə dərəcə zərər dəydiyini görə bilmədik. Lakin sakinlər söylədilər ki, ərazidə torpaq sürüşüb, yola tökülüb. Evlər isə yararsız haldadır. Bildirdilər ki, uçan evlərin tikinti konstruksiyaları zəif olub. Ona görə də sürüşmə olan kimi tamamilə uçublar. Həmçinin bu evlər yamacda tikilib. Sürüşməyə yaxın ərazidə yerləşən evlərin sahibləri əşyalarını çıxarıb, yaxınlarının evlərinə aparırlar. Aşağı küçələrdə yaşayan sakinlərə isə bildirib ki, onlar da evlərini tərk edib, 163 saylı məktəbdə yaradılan sığınacaqda gecələsinlər.
Sakin Elməddin Muradlı musavat.com-a bildirib ki, əhaliyə yenə də konkret söz deyilmir:

“Kimin maşını varsa evindən əşyalarını çıxarır. Camaat çətin vəziyyətdədir. Bizə yenə konkret söz deyilmədi ki, kirayə pulu nə zaman veriləcək, əhali nə zaman köçürüləcək. Elə deyirlər ki, evdən çıxmalısınız”.

Ərazidə bütün kommunal xətlər kəsilib. Ona görə də sürüşmə nəticəsində işıq dirəyi aşsa da hər hansı yanğın və digər bədbəxt hadisə baş verməyib. Uçan evlərin sakinləri də mənzildə olmadıqları üçün xəsarət alan da yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov musavat.com-a bildirib ki, sürüşmə sahəsi aktivləşib və hazırda ərazidə çatların dərinliyi 6 metrə yaxındır.(musavat.com)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button