Bayramov NATO sammiti üçün Vaşinqtona gedib

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun zirvə görüşündə iştirak etmək üçün iyulun 9-da Birləşmiş Ştatlara gedib.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər də keçiriləcək.

Sammitə dəvət haqda iyunun 28-də Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen məlumat vermişdi. Tədbirə ümumilikdə 30 tərəfdaş ölkə qatılacaq.

Zirvə görüşündə Ermənistanın xarici işlər naziri də iştirak edəcək.

Sammit iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button