Baytarlıq Xidmətində qanunsuzluqlar var!

Baytarlıq Xidməti

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində qanunsuzluqların olduğunu iddia edən bir qrup şəxs mətbuat konfransı keçirib

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bir qrup əməkdaşı qurumda qanunsuzluqlar, saxtakarlıqlar və qeyri-qanuni işdən çıxarılmaların baş verdiyini iddia edir.

apa.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən xidmətin ümumi sektorunun müdiri Eldəniz Zeynalov xidmətin rəisi vəzifəsini icra edən Azər Süleymanovun onlara təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, A. Süleymanov heç bir səbəb olmadan onu istefaya göndərmək istəyir: “Bir gün Azər Süleymanov məni öz otağına çağırdı və işdən getməli olduğumu bildirdi. Mən isə buna etiraz etdim və nöqsanım olmadığı halda istefa ərizəsi yazmayacağımı dedim. Mən ərizə yazmadığım üçün o, qısa müddətdə iki struktur dəyişikliyi etdi və iki sektoru birləşdirib, bir şöbə yaratdılar. İndi bizə xəbərdarlıq edirlər ki, artıq yanvardan işə çıxmayım. Mənə məktub veriblər ki, guya ixtisara düşmüşəm”.

E. Zeynalov yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Qulluğu Komissiyasına, Prezident Administrasiyasına və digər qurumlara müraciət etdiyini deyib. O qeyd edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Baş mütəxəssis Səbinə Sadıqova da A. Süleymanovun ondan istefaya getməsini tələb etdiyini bildirib.

Xidmətin böyük məsləhətçisi Zemfira Kazımova işdəki mühitdən narazılığını bildirərək, həyatına təhlükə olduğunu qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Azər Süleymanov bildirib ki, haqqında deyilənlərin heç birinin əsası yoxdur. Onun sözlərinə görə, DBNX-da aparılan struktur islahatı ilə əlaqədar olaraq ümumi sektor ləğv olunub: “Eldəniz Zeynalova xəbərdarlıq məktubu verilib və ona başqa sektorda baş məsləhətçi vəzifəsi təklif olunub. Lakin o, bizə cavab vermir. Eldəniz Zeynalov işdən çıxarılmayıb”.

Rəis müavini qeyd edib ki, Səbinə Sadıqovanın da ştatı struktur islahatı ilə bağlı olaraq ixtisara düşüb: “Səbinə Sadıqova texniki işçidir. Bizdə brusellyoz-vərəm üzrə ekspedisiya var, orada həmin vəzifə Səbinə Sadıqovaya təklif olunub. O da Eldəniz Zeynalov kimi bizə cavab vermir”.

A. Süleymanov Zemfira Kazımovanın söylədiklərini isə böhtan adlandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button