Bazar iqtisadiyyatı

 Atalar deyib ki, “Qulaq gündə bir xəbər eşitməsə, kar olar”. Doğrudan da hərdən atalar düz sözlərdə deyirmiş…

Bu günlərdə İTV-yə üç filosofu qonaq dəvət etmişdilər. Həmişəki kimi, bizim kanallarda gedən diskusiyaları mənasız saydığıma görə fikir vermirdim. Amma nə edəsən, evdə səndən başqa arvad da var və o bu verilişlərə baxır. Mən də məcburam səhər yeməyimi rahat yemək üçün bu boş danışıqlara qulaq asam.

Təbi olaraq qonaqlar respublikada gedən önəmli irəliləyişlərdən danışırdılar və bu irəliləyişləri fəlsəfi fikirlərlə əsaslandırırdılar. Filosoflardan birinin sözü məni çaşdırdı, dedi ki, “Sosial yönumlu təhsil”.

A kişi, bizdə təhsil var ki, onun hələ bir sosial yönümlüsü də olsun?!

Bilən adamlardan soruşdum ki, bu, nə deməkdir və bunu nə ilə yeyirlər? Dedilər, bu pulsuz təhsildir. Gülməyin olsun filosoflar, bilmirsiniz ki, pulsuz ancaq tələdə yem olur, o da bilirsiniz də nə üçün. İndi guya qanunla orta təhsil pulsuzdur. Heç məktəblərin adını lisey, gimnaziya, kollec qoyub ada görə yığılan pullardan danışmıram. Birinci sinfə yazdırmaq üçün gətirdiyin altı yaşlı övladını, “n” qədər pul almaq üçün adlarını pedaqoq qoyan yekə-yekə xala və əmilərin imtahan etdikləri zaman, elə sizin bu təriflədiyiniz sosial təhsilin fəsadları yada düşür. Bu yazıq valideyinlərin 9-cu sinifdən sonra hər ay 250- 300 manat xərclədiyi repetitorlar sizin bu sosial yönümlü təhsilə işarədir də…

Məni əsas maraqlandıran və heyrətləndirən filosoflardan birinin Bakının gözəlləşməsi və bu gözəlliyin bizim xarici diplomatiyaya olan xidmətini vurğulaması idi. Görün, bizim qocaman filosof nə deyir: “Bakı gün-gündən gözəlləşir və Bakıya gələn xarici qonaqlarımız bu gözəlliyi görüb bizə hörmətləri qat-qat artır”.

Məzəniz olsun, ay filosof qardaşlar! Hansı gözəllikdən danışırsınız? Bu darmadağın olmuş yollardan? Yoxsa üst- üstə qalaqlanmış binalardan? Ola bilər, qonşu həyatını seyr etmək istəyən manyak üçün bu binalar doğrudan da gözəllik nümunəsidir; ola bilər, hasara alınmış dəniz və parklarımız da gözəllik nümünəsidir. Bəlkə, gözəllik dediyiniz anlayışı biz başqa cürə başa düşürük? Amma hər halda sizin gözəl dediyiniz bu daş yığını inanmıram ki, hansısa estetin ruhuna oxşasın. Oxşamağı cəhənnəm, hər kəsin öz zövqü var, amma innanmıram ki, xaricdən bizə ancaq zövqləri korlanmış insanlar göndərsinlər. Yoxsa Nikola Sarkozi tez qaçıb buradan getməzdi. Axı,Parishəmişə moda və sevgi şəhəri olub.

Deməli, bizim filosofların gözəllik haqqında dedikləri, özü də xarici intelektuallara xitabən, düz deyil. Ən azından modalar və sevgi ölkəsinin prezidenti gözəllik görsəydi, heç olmasa, bir az dayanıb bizə öz sevgisindən danışardı. Amma o bizə fransızların burada yaxşı pul qazanmalarından danışıb, tez-bazar orden verib qaçdı. Hər halda, Karla Bruno ilə evlənən Nikola sübut etdi ki, gözəlliyə o hər şeyi qurban verər.

Nə isə, bu qulaq hələ nə qədər şit və mənasız təriflər eşidəcək, Allah bilir! Bir də bizdə indi bazar iqtisadiyyatıdır. Tərif də bir satlıq maldır. Deməli, tələbat var ki, bu mal belə bərk gedir. Bazar olsun, ay filosoflar!!

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button