BBC «Avroviziya-2012»ni boykot edə bilər!

 Anar Məmmədli: “«Avroviziya» bizim üçün bir fürsətdir

Şahvələd Çobanoğlu: «Qələbəni ictimai-siyasi mənfəətə çevirmək lazımdır

 Rövşən Hacıbəyli: “İnsan haqları və əsas azadlqlarının təmin olunmasına nail olmağa çalışacağıq

Aylar düşündüyümüzdən daha sürətli keçir. Artıq «Avroviziya-2012» müsabiqəsinə 7 aydan da az müddət qaldı.

  • Azərbaycan müsabiqə hazırlığında hansı mərhələdədir?
  • Təməli bu günlərdə qoyulan «Avroviziya» müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan məkanın tikintisi 7 aya başa çatacaqmı?
  • 7 aya tikilən bina tələblərə cavab verəcəkmi?
  • Qafqazın ən iri və «analoqu olmayan inkişafda» olan şəhəri Bakı təxminən 30 min qonağı qəbul etməyə hazırdırmı?
  • Üst-üstə cəmi 1500 turist yerləşdirməyə güclə yetən Bakı 30 min qonağı harada yerləşdirəcək?
  • Dövlət bu problemin öhdəsindən necə gələcək?
  • Sökülüb böyrü üstə qoyulan və hər küçəsi qazıq-qazıq edilən Bakı 7 aya təmirdən çıxa biləcəkmi?

Bu və bu kimi suallara birmənalı cavab vermək mümkün deyil və təəssüf ki, bəzən bədbin tonlar daha tez-tez səslənir. Nəzərə alanda ki, Avroviziya müsabiqəsi azad ölkələrin azad mahnı yarışması kimi dəyərləndirilir və insan haqlarının pozulduğu ölkələrdə belə müsabiqənin keçirilməsi qəbul edilmir, onda beynəlxalq təşkilatların insan haqları məsələsində o qədər də ürəkaçıcı hesabatlar hazırlamadığı Azərbaycanda «Avroviziya-2012»nin, ümumiyyətlə, keçirilməsi sual altına düşür.

Bu narahatlıqlar içində tanınmış media və qeyri-hökumət təşkilatı nümayəndələrindən ibarət Avroviziya müsabiqəsi ilə bağlı bir qurumun da yaranması və geniş kampaniyaya başlaması «Xural» qəzeti olaraq «Avroviziya-2012»ni müzakirəyə oturtmaq qərarımızı sürətləndirdi.

Beləliklə, «Avroviziya-Bakı» QHT-nin nümayəndələri, tanınmış jurnalistlər Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu, o cümlədən Anar Məmmədli və Rəsul Cəfərov Avropanın ən nəhəng mahnı yarışması barədə fikirlərini bölüşürlər…

  «Avroviziya» bizim üçün bir fürsətdir

 Anar Məmmədli:

 – Biz bu paradoksu ortaya qoyub, ilk növbədə Azərbaycanda insan hüquqlarının pozulması məsələsinə Avropa Birliyinin diqqətini artırmağa çalışmaqla Azərbaycan hakimiyyətinə öz sözümüzü deyə bilərik: Avropa ailəsinin növbəti ildə Azərbaycana gəlişi bizim üçün həm də fürsətdir. Hakimiyyət çalışmalıdır ki, korlanmış imicini yaxşılaşdırmaq üçün müəyyən addımlar atsın.

Kiçik bir haşiyə çıxmaq istəyirəm: Son günlər «Wikiliks»də də məlumat açıqlandı. Orada rəsmilərin dilindən deyilən və altından xətt çəkiləsi ifadələr var, məsələn, «Azərbaycanda bəzi jurnalistlər, beynəlxalq təşkilatlar və bəzi QHT-lər ölkənin xaricdəki imicini, nüfuzunu ləkələməyə çalışırlar». Diqqət edin: Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlər var və azad mətbuat bu problemləri araşdırıb, təhlil edib, ictimailəşdirdiyi üçün hakimiyyət bu SOS siqnallarına dəstək olmaq əvəzinə,  bu problemləri dünya ictimaiyyətinə çıxardığı üçün mətbuatı Azərbaycanın nüfuzuna xələl gətirməkdə ittiham edir. Halbuki Azərbaycanın imicini ləkələməyə çalışan, bunun üçün əlindən gələni etməyi əsirgəməyən tamamilə başqa insanlardır. O baxımdan biz düşündük ki, «Avroviziya-2012» mahnı müsabiqəsi keçirildiyi müddətə qədər bu kampaniyanı aparmaq lazımdır.

 Kampaniyamızı beynəlxalq təşkilatlar dəstəkləyir

Bu kampaniya bir çox beynlxalq təşkilatlar tərəfindən çox maraqla qarşılanıb, onların bəziləri də artıq reaksiyalar verməyə başlayıblar. Avropa Şurasının üzvü olan bir sıra ölkələrdən bu məsələ ilə bağlı bizə dəstək məktubları gəlməkdədir. İnsan Hüquqları və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Norveçdə görüşlər keçirdi, hətta «Avroviziya» Təşkilat Komitəsilə, həmçinin Almaniyada  «Avroviziya» Təşkilat Komitəsinin nümayəndələrilə görüşdü. Eyni zamanda, «Avroviziya»  mahnı müsabiqəsini təşkil edən qurumun özünün – Avropa Yayım Birliyinin nümayəndələri ilə də təmasları oldu. Yəni artıq «Avroviziya» Təşkilat Komitəsinin də xəbəri var ki, Azərbaycanda bir qrup insan belə bir kampaniyaya başlayıb və mənə elə gəlir ki, biz qarşımıza qoyduğumuz hədəflərə çatacağıq.

 Hansısa ingilisə pul verib mahnı yazdırmaq olmaz?

 Şahvələd Çobanoğlu:

– Azərbaycanın «Avroviziya-2011» mahnı müsabiqəsində qalibiyyət qazanmasına kimlərsə böyük uğur kimi baxa bilər, kimlərsə mənasız hadisə kimi qiymətləndirər, kimlərsə orada səslənən mahnıları ciddi və ya qeyri-ciddi hesab edər… Amma özlüyündə bu hadisə Avropa miqyaslıdır və Avropada bir sıra ənənələri olan İctimai Televiziyaların birləşdiyi Avropa Yayım Birliyinin təşkil etdiyi bir müsabiqədə qələbə çalmaq böyük hadisədir. Biz bu hadisəyə bir neçə baxımdan bir fürsət kimi baxdıq. Yəni biz istənilən hadisədən Azərbaycanın xeyrinə istifadə etməyə çalışmalı deyilikmi?

Təbii ki

– Biz istənilən hadisənin Azərbaycanın, ümumilikdə Avropanın xeyrinə olduğuna çalışmalıyıq. Yəni bu bir Avropa hadisəsidirsə, nüfuzlu bir hadisədirsə, bundan nə bəhrə götürmək olar? Biz bu məsələ ilə bağlı ciddi şəkildə düşündük və açığı hadisənin özünü sevinclə qarşıladıq. Bizim sevincimiz Azərbaycan hakimiyyətinin rəsmilərinin «iqtidarın böyük qələbəsi» kimi qələmə verdiyi və buna uyğun şəkildə keçirdiyi sevinclə eynilik təşkil etmir. Biz heç ona da əhəmiyyət vermədik ki, müsabiqəyə çxarılan mahnının milli musiqimizlə heç bir əlaqəsi yoxdur və o, xaricdə hansısa ingilisə pul verilərək yazılıb, bu haqda irəli sürülən ittihamlara da qoşulmadıq.

 Qələbəni ictimaisiyasi mənfəətə çevirmək lazımdır

 Hətta müsabiqədə SMS-lərin pik nöqtəyə çatması üçün hansısa təşkilat işlərinin aparılması haqda gəzən söhbətlərə də əhəmiyyət vermədik. Sadəcə, biz Azərbaycanın bu müsabiqədə qalib gəlməsinə məmnunluqla yanaşdıq və onun tək musiqi sahəsində əhəmiyyətini yox, ictimai-siyasi əhəmiyyətini də qabartmaq istədik. Bu qələbədən Azərbaycanın ictimai-siyasi faydalarını güdməyə çalışdıq. İlk yaranan sual Azərbaycan üçün həmişəlik gündəmdə qalacaq və biz də hər zaman bu arqumentdən istifadə etməliyik. Yəni Azərbaycan hakimiyyətinin nümayəndələri hər zaman Avropadan gələn tənqidi hesabatlara birmənalı olaraq belə münasibət bəsləyib ki, bütün bunlar ölkəmizə qarşı qərəzdir. İndi sual ortaya çıxır – o qərəzli Avropa niyə birinci yeri Azərbaycana verdi? Necə ola bilər ki, bir ölkəyə qarşı qərəz nümayiş etdirib, onu hesabatlara daxil edəsən, sonra da bu ölkəni Avropada çox nüfuzlu olan bir mahnı müsabiqəsində qalib edəsən? Niyə «qərəzli» Avropa buna mane olmadı? Belə çıxır ki, insan haqları ilə bağlı Avropanın təqdim etdiyi bütün tənqidi hesabatlar indiyədək Azərbaycan rəsmiləri tərəfindən yanlış qiymətləndirilib. Əslində bu, Azərbaycana Avropa Evinə daxil olsa da, onunla özünü ayıran və onunla hər zaman konfrantasiyada saxlayan, bundan faydalanmaq istəyən siyasi demoqoqluğa verilən cavabdır. Biz gördük ki, Avropa həqiqətən də bizim yazılarımızdaki, fikirlərimizdəki – tarixi mətnlərdə, düşüncələrdə olduğu kimi – adamların can atdığı ölkələrin birliyidir. Doğrudan da orada ədalət var, doğrudan da o Evə inteqrasiya Azərbaycana fayda verə bilər. Gördük ki, heç Azərbaycanın özünün belə yaxşı tanımadığı iki gənc Avropanın keçirdiyi hansısa müsabiqədə qalib gələ bilər. Deməli, oranın ədaləti var və o ədalətdən bizim ölkədə də olmalıdır. Biz anlayırıq ki, əgər bu müsabiqə qaydalara uyğun olaraq növbəti dəfə Azərbaycanda keçiriləcəksə, ondan ictimai-siyasi faydaları özümüzə qarşı yönəldə bilərik.

 Kim deyir ki, Avropa yaşam tərzi antimilli modeldir?

 Anar bəyin də qeyd etdiyi kimi, bir ölkə yalnız Avropa musiqisində, geyimdə, dəbdəbədə, texnologiyanın son nailiyyətlərinin əldə edilməsində avropasayağı ola bilməz, biz mahiyyət etibarilə avropasayağı ölkə olmalıyıq. Bu cür ölkə olmaq heç də bəzilərinin köhnədən bizə təbliğ etdiyi, guya bizim ənənələrimizi dağıdacaq, guya bizi dəyişdirəcək deyil. Bu yaşamağın modelidir. Hansı ki, o model milli xüsusiyyətləri də özündə saxlamağın yeganə modelidir. Tarix sübut etdi ki, avtoritar modellər, Avropada olmayan, Avropanın imtina etdiyi modellər çoxdan öz ömrünü başa vurub. Artıq yalnız azad modellər milli xüsusiyyətləri saxlamağa qadirdir. Avropada mövcud olan avtoritar modellər isə hətta milli xüsusiyyətləri də ləğv edir, xalqların tarixi ənənələrini dağıdır, onların keçmişini alt-üst edir. Hətta belə deyək ki, o xalqlar öz ölkələrindən imtina etməyə hazır olurlar. İnsanlar istənilən vaxt öz ölkələrindən daha demokratik ölkələrə köçüb getməyə hazırdırlar.

 Beynəlxalq mətbuat Azərbaycanı sərt tənqid edir

 İndi kampaniyanın necə qurulması detallarına qayıdaq. Biz çalışmalıyıq ki, bu problemləri qabartma səviyyəsi yüksək olsun və Azərbaycan hakimiyyəti bundan təsirlənsin. Artıq ölkədən jurnalistlərin axını yaranıb. İlk günlər dünya mətbuatı da yazdı ki, Azərbaycan elə bir ölkədir ki, zəngin neft yataqları var və bu yataqlar hesabına ölkəyə ildə milyardlarla avro pul gəlir, amma bununla belə siyasi məhbusları var, jurnalistlər həbs olunur və sairə. Belə ciddi məqalələr dərc olundu və bu gün də davam edir. Kimin bizə nə ad qoymasından asılı olmayaraq, biz Azərbaycanın həqiqətən Avropa Evinə daşımalıyıq. Bu isə ilk növbədə o deməkdir ki, Azərbaycan azad ölkə olsun, milli mnliyinə, xüsusiyyətlərinə, folkloruna, öz müqəddaratına sahib bir ölkə olsun; iqtisadiyyat həqiqətən də çiçəklənsin, Ordumuz həqiqətən güclü orduya çevrilsin… Yəni Azərbaycan görüntü üçün deyil, həqiqətən də bütün standartları özündə cəmləşdirən güclü bir dövlət olsun. O baxımdan biz bu müsabiqədən sadəcə yararlanmaq istəyirik. Biz əvvəlcədən də apardığımız işin yeni formaya keçməsi məqsədilə bu kampaniyaya başlamışıq.

Əslində biz nə istəyirik? Azərbaycan neçə illərdir Avropa Evinə girdiyini bəyan edir. Azərbaycan insanı «Avropa qapıları» istehsal edir, evlərini Avropasayağı təmir etdirir…

– «Wikilikes»də yazır ki, prezidentin hətta unitazı qızıldandır

Azərbaycanda ev tikəndə göz yumurlar, içinə girəndə başına uçururlar

– Bəli. Biz Avropa ölkələrindən təmir üçün materiallar, məişət malları, avtomobillər gətiririk. Hər şey gətiririk, amma demokratiya gətirmirik. Biz istəyirik ki, Azərbaycana hər şeylə yanaşı demokratiya də gətirə bilək. Bu kampaniyaya başlamaqda məqsədimiz də odur ki, Azərbaycan sözün əsl mənasında Avropa ölkələrindən birinə çevrilsin. Bütün demokratik şərtlərə Azərbaycanda da əməl olunsun. Avropanın hər hans bir yarışının keçirildiyi ölkədə siyasi məhbus, azad düşüncəli insanların həbsxanaya qapanması hadisəsi olmamalıdır; Avropa yarışması keçirilən ölkədə ictimai birliklərin qeydiyyatı ləğv olunmamalıdır, öz hüquqları uğrunda mübarizə aparan insanlar «istefa», «azadlıq» kimi şüarlarına görə polislər tərəfindən döyülməməlidir, həbs olunmamalıdır. Bu gün adamlara imkan verilir ki, özlərinə ev tiksinlər, tikəndən sonra da başlarına uçurdurlar. Bütün dünyada xüsusi mülkiyyət toxunulmazdır, Azərbaycan vətəndaşı isə ən elemenntar hüquqlarından belə öz ölkəsində istifadə edə bilmir. Avropa yarışması keçiriləcək deyə, qanunlara riayət etməkdənsə, hakimiyyət daha da qaba şəkildə vətəndaşların üzərinə yeriyir, onu haqq etmədiyi vəziyyətə çatdırır, müflisləşdirir, zavallılaşdırır. İnsanlar artıq nə edəcəklərini belə bilmirlər, onların etiraz səsini bu ölkədə eşidən yoxdur. Biz bu kampaniya ilə göstərmək istəyirik ki, Avropa görsün, hansı ölkəyə gəlir, hansı ölkə özünü Avropa Evinin üzvü hesab edir. İnanırıq ki, bu yolla Avropanın hakimiyyətə yönəlmiş təzyiqlərini artırmaq mümkün olacaq. Bu yolla biz həm də hakimiyyətin diqqətini Azərbaycan vətəndaşlarına yönəltmək istəyirik. Onlar da insanların real vəziyyətinə yuxarıdan aşağı baxmağı tərgidib, onlara bu ölkənin hakim xalqı, eynihüquqlu vətəndaşı kimi baxmalıdırlar.

«Avroviziya-2012» istisna deyil

 – «Eurovizion – 2012» nin Azərbaycanda keçirilməsi sizə hansı şəraiti, hansı imkanları  verir ki, siz onu fürsət şəklində dəyrləndirirsiniz?

Rövşən Hacıbəyli:

 – Məsələn, müsabiqədən dərhal sonra – bu ilin iyun ayında Avropa Şurasının baş katibi hüquq müdafiəçilərilə görüşdə dedi ki, artıq Azərbaycana diqqətimiz artır. Həmçinin iyun ayında Avropa komissiyasının sədri Borozzo İlham Əliyevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında dedi ki, bu müsabiqə ilə bağlı o bizi təbrik edir və biz də bilməliyik ki, bundan sonra Azərbacana qarşı diqqət artacaq. Daha sonra isə Avropa Yayım Birliyinin məsul şəxslərinin bu barədə fikirləri elə deməyə əsas verir ki, həqiqətən də Azərbaycana diqqət artıb və avropalılarn özləri də buna bir frsət kimi baxırlar. Təxminən avqustun ortalarında Yayım Birliyinin Məşvərət Qrupunun rəhbəri, vaxtilə məşhur jurnalist olmuş şəxs açıqlama verdi ki, 1956-cı ildən keçirilən bütün müsabiqələrdə söz azadlığına, insanların hüquq və azadlıqları daxil olmaqla bütün fundamental hüquqlara hörmət edilib, 2012-ci il də istisna deyil. Yəni ona görə də mən bu fürsət məsələsilə bağlı deyə bilərəm ki, bu müsabiqə Azərbaycana həm əlavə diqqətin artırılmasıdır, həm daha ciddi işlərin görülməsinə bir şansıdır, yəni ötəri deyil, həqiqi nəticələr əldə olunana qədər müəyyən işlərin görülməsi üçün yaranmış imkandır. Eyni zamanda da bizim özümüzün də qoyduğumuz məqsədlər var ki, insan haqları və əsas azadlqlar təmin olunsun, onlara da müəyyən mənada nail olmağa çalışacağıq.

 Yarışmadan imtina üçün çağırışlar edəcəyik

 Şahvələd Çobanoğlu: – Ümumi diqqət Azərbaycana qarşı ilk gündən yaranıb. Bütün Avropa qurumları istər-istəməz Azərbaycanın hazırlığı ilə, Azərbaycanın durumuyla məhz bu məsələyə görə xüsusi olaraq maraqlanır. Üstəlik, Azərbaycana bir çox ölkələrdən müsabiqəyə qatılmaq üçün nümayəndələr, sənətçilər gəlməlidir. Təbii  ki, bu da müəyyən mənada Azərbaycan hakimiyyətinə qarş təzyiq imkanları deməkdir. Bunu heç də gizlətmək lazım deyil. Açıq demək lazımdır. İndi Azərbaycanda siyasi məhbuslarn artdığı bir dönəmdir. Qarşıdakı zaman kəsiyində Azərbaycan hakimiyyəti addımlar atmadqca həmin sənətçilərə, həmin ölkələrə çağırışlar da olacaq ki, müsabiqədə iştirak etməkdən imtina etsinlər. Artıq bütün dünyada avtoritar ölkələrdəki mahnı yarışmalarına, mükafatların təqdimat mərasimlərinə qatılmamaq ənənəsi var. Bir çox müğənnilər, ölkələr, mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər belə məsələlərdə prinsipial mövqe sərgiləyirlər. Yadınızdadırsa, Rusiyanın baş naziri Vladimir Putinə Almaniyada mükafatın verilməsindən imtina edildi. Müxtəlif vaxtlarda olimpiada mükafatlarından imtina halları olub və sairə. Təbii ki, biz bu şeyləri çəkinmədən deməliyik. Azərbaycan hakimiyyəti ölkəni geriyə sürükləyəcək, Azərbaycan hakimiyyəti vətəndaşların, xalqın haqlarını pozacaq, hüquq və azadlıqlarını əlindən almağa çalışacaq, özünün istədiyi kimi hakimiyyəti əldə saxlamaq üçün ölkədə avtoritar rejim yaradacaq deyə ona bu cür təzyiqləri etməyə çalışmamalıyıq? Əksinə, biz istənilən halda, istənilən təzyiqlərdən istifadə etməliyik ki, Azərbaycan yaxşılığa doğru dəyişsin. Azərbaycan bu cür dəyişə bilər. Bizim tələb etdiyimiz və bizim təzyiqlərimiz nticəsində dəyişməsi Azərbaycanı gücləndirəcək, Azərbaycan irəli aparacaq.

 Avroviziya başağrısına çevrilə bilər

 Siz böyük bir işə başlamısınız, bu məsələ də prezidentin xanımının başçılığı ilə yaradılmış bir qurumun nəzarəti altındadır. Bu həm də bir siyasi məsələdir. Hədəqorxu, özünüzə qarşı təpki görmüsünüzmü? Başqa bir sual. Sizin keçirdiyiniz kampaniyanın nəticəsi olaraq «Auroviziya – 2012» müsabiqəsinin Azərbaycanda keçirilməsinin qarşısı alına bilərmi?

 Anar Məmmədli:

 – Bizim bu kampaniyaya başlarkən atdığımız ilk addım, «Auroviziya – 2012» müsabiqəsinin Təşkilat Komitəinin sədri Mehriban Əliyevaya etdiyimiz müraciət məktubu oldu. Biz ona bildirdik ki, bu məsələ ilə bağlı onunla görüşmək və ortaya qoyduğumuz altı məsələni müzakirə etmək istəyirik. O altı məsələ bunlardır: 1) siyasi məhbuslar; 2) ölkədə siyasi azadlıqlar, sərbəst toplaşmaq, söz və ifadə azadlığı; 3) İTV-də siyasi plüralizmin təmin olunması; 4) mülkiyyət hüququnun təmini; 5) viza məsələsinin yumşaldılması, liberallaşdırılması; 6) vəkillərlə bağlı məsələ, məhkəmə-hüquq islahatlarının aparılması.

Biz bu altı müraciətlə Təşkilat Komitəsini tanış etmək, o cümlədən Mehriban Əliyeva ilə görüşmək istədiyimizi bildirdik. Bizim işimiz hələlik çağırış, təqdimat işləri ilə bağlıdır ki, biz hakim dairəni əvvəlcə ölkədə mövcud olan bu problemlərdən insanların narahat olduqlarını çatdırmağa çalışdıq. Azərbaycan üçün «Auroviziya – 2012» yarışması başağrısına da çevrilə bilər. Çünki Avropada xeyli sayda hüquq-müdafiə təşkilatları var ki, onlar Azərbaycanda gedən proseslərə birmənalı yanaşmırlar. Onlar Avroviziya məsələsinə də belə baxırlar: Azərbaycan o ölkədir ki, illərlə insan hüquq və azadlıqlarının təmin olunması uğrunda aparılan mübarizəyə hakimiyyət tərəfindən heç bir reaksiya verilməyib.  İndi isə bu ölkədə Avropanın ən nüfuzlu mahnı müsabiqəsi keçiriləcək.

Bir növ onlar üçün də fürsətdir

– Bəli… Bəli… Onlar bizim apardığımız kampaniyadan qat-qat artıq iş görürlər.

Sarkozi İlham Əliyevə təsir etmək üçün gəlir

– Məsələn, bizim Sərhədsiz Reportyorlarla görüşlərimiz oldu. Onlar bildirdilər ki, Sarkozi ilə İlham Əliyevin oktyabr ayında görüşü gözlənilir. Və biz Sarkoziyə də məktub göndərəcəyik ki, İlham Əliyevlə keçirilən görüşdə bu altı məsələni onun qarşısında qaldırsın. Təklif olundu ki, onlar dəstək üçün Fransada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirə bilərlər. Çexiyadan bizə müraciət etdilər ki, onlar bizə dəstək ola bilərlər və təbliğat apara bilərlər. Təkcə bu ölkələr yox,  Ukrayna, Polşa da bizə dəstək ola biləcəklərini söylədilər.

Yəni beynəlxalq dəstək təbii olaraq yarandı

– Bəli. Biz gözlədiyimidən də artıq beynəlxalq dəstək gördük.

 Azərbaycan hakimiyyətindən gözlənilməz dəstək

 Rövşən Hacıbəyli:

– Üstəlik Azərbaycan hakimiyyətinin özü də bizə xüsusi dəstək verdi. Lela Yunusun ofisini uçurmaqla yenidən bütün diqqəti özünə cəlb etdi və bizim nə qədər haqlı olduğumuzu dünya ictimaiyyətinə çatdırdı.

(Gülürlər)

Anar Məmmədli: – Həm də hakimiyyət Leyla Yunusu laməkan etməklə təbii bir şərait də yaratdı ki, o Avropa ölkələrini çox rahatlıqla gəzsin. Norveç, Almaniya və İngiltərədə artıq olub və dünya mediasının – «Franspress», «Assosiayted» İnformasiya Agentliyi, o cümlədən Türkiyə mətbuatı bizim bu kampaniya haqqında dolğun məlumatlar yaymağa başladı.

 

Şahvələd Çobanoğlu: – Biz ilk dəfə onun şahidi olduq ki, bütün dünya mətbuatı bizim kampaniya haqqında məlumatlar yaydı və «Hürriyyət» qəzetəsinin ingilis və azərbaycan dilində olan nəşrləri Anar bəydən bu məsələ ilə bağlı müsahibə də götürmüşdülər. Adətn belə məsələlərlə bağlı türk mətbuatı nəsə dərc etməkdə maraqlı olmur, amma bu dəfə biz bunun tam əksi ilə qarşılaşdıq.

BBC «Avroviziya-2012»ni boykot edə bilər

Davamı gələn saylarımızda

 Hazırladı:

XuralTAC

                                                                                                     “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button