BDU-nun Qazax filialında 18 tələbənin zəhərləndiyi bildirilir
Yayımlandı: 11 Oktyabr 2024 17:14
“İki tələbənin vəziyyəti orta ağır qiymətləndirilir”
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsinin zəhərləndiyi bildirilir.
Universitetdən Meydan TV-yə hadisənin oktyabrın 10-da baş verdiyi deyilib.
“Tələbələrin hansı səbəbdən zərərləndiyi məlum deyil. Hazırda vəziyyətləri yaxşıdır, artıq evə buraxılıblar”, – filialdan bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə deyilib ki, oktyabrın 10-da saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”, – TƏBİB-dən Meydan TV-yə bildirilib.
“Turan” yazır ki, tələbələr filialın bufetindəki dönərdən zəhərləniblər.