BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir

Bakı Dövlət Universitetin 2 saylı yataqxanasında üç tələbənin zəhərlənmə səbəbi qida mənşəli deyil, toksik zəhərlənmədir.

Virtualaz.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Q.Təhməzli bildirib ki, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: “Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”.

Xatırladaq ki, hadisə noyabrın 21-də baş verib. BDU-nun yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 20 yaşlı Xasmətova Şəkər Faiq qızı həyatını itirib. Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan digər tələbələr- 21 yaşlı Dilrubə Qismət qızı Quliyeva və Həmidə Bünyamiddin qızı İbadova noyabrın 27-də evə buraxılıb.

BDU-nun 2 saylı yataqxanası bərbad vəziyyətdədir, istismara yararsız haldadır və zirzəmisi siçovullarla doludur. Siçovullar yataqxananın dəhlizlərində dolaşır və sosial şəbəkələrdə yayılan məlumatlara görə, zəhərlənmənin səbəbi də məhz onlar ola bilər. Belə ki, yataqxanaya siçovullara qarşı zəhərli pereparatlar səpilir və gəmiricilər bu zəhəri otaqlara, tələbələrin əşyalarına və ərzaqlarına yaya bilərdilər. Nəticədə isə tələbələrin siçan zəhərindən zəhərlənməsi mümkündür. Həyatını itirən tələbə qızda müşahidə olunan simptomlar da qida zəhərlənmə əlamətlərinə uyğun gəlmirdi. Səhiyyə Nazirliyinin ilkin məlumatında gənc qızın ağzından qan gəldiyi açıqlanmışdı. Hansı ki, qida zəhərlənməsində belə simptom müşahidə olunmur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button