BDU sindromu ali təhsildə islahatların ləngiməsinin nəticəsidir

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

Bakı Dövlət Universitetinin rektorunun vəzifəsindən çıxarılması ətrafında gedən müzakirələr bütövlükdə idarəetmə, ayrılıqda isə təhsilin idarə edilməsi sahəsində naqislikləri üzrə çıxartdı. Odur ki, diqqətiniz bir daha təhsil məsələsinə çəkmək istəyirəm. Təhsil mövzusuna çox müraciət etməyimin əsas səbəbi də Azərbaycan gənclərinin bu hüquqdan və imkandan daha çox faydalanmasına xidmət edir. Heç şübhəsiz ki, təhsili və elmi zəif olan dövlət hazırkı dövrdə irəli çıxa və dünyanın aparıcı ölkələrinin siyahısında yer ala bilməyəcək.
Azərbaycan təhsilində başlıca problem idarəetmə ilə bağlıdır. Burda kadrların müsbət rolunu Azərbaycan Dövlət İqtisad Universiteti, Pedoqoji Universiteti, eləcə də Neft və Sənaye Universitetinin nümunəsində görmək olur. Lakin adı çəkilən universitetlərdə də islahatların dairəsi müəyyən çərçivə ilə məhdudlaşır. Çünki bu sahədə idarəetmə sistem özlüyündə düzgün qurulmayıb.
Hazırda çalışdığım Rutgers Universitetində, eləcə də əvvəllər işlədiyim Mərkəzi Avropa, Şimali Karolina, Duke və Princeton Universitetlərinin təcrübəsində gördüyüm örnəklər diqqətə layiqdir. Həmin Universitetlərdə, ümumiyyətlə qərbin mütərəqqi ölkələrinin müasir təhsil sistemində qərarların qəbulunda ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq üzərində qurulub. Burda hesabatlılıq və ictimai nəzarət yalnız rəhbərlik və tələbələr arası münasibətlərdə deyil, Direktorlar Şurası, Qəyyumluq Şurası, Prezident, Universitetin Senatı müstəvisində həm şaquli və həm də üfüqi istiqamətlərdə də müşahidə olunur. Mən hazırkı dərs ilində artıq ikinci dəfədir ki, Universitet prezidentinin hesabatını dinləmiş, növbəti il üzrə strateji plan müzakirələrində iştirak etmişəm. Baxmayaraq ki, Rutgers Universitetinin tələbələrinin sayı 70 mini ötüb, işçilərinin sayı da 26 minə çatır, amma bu prosesdə hər bir şəxsin iştirakı təmin olunur.
Əslində belə bir sistemin qurulması Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkil edilsin. Amma bu sərəncamdan 1 il 6 aya qədər vaxt ötməsinə baxmayaraq bu istiqamətdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Düzdür, Azərbaycanda hələ də publik hüquqi şəxslərin idarə olunması ilə bağlı təkmil hüquqi baza və vahid praktika yoxdur. İndiyə qədər yaranan publik hüquqi şəxslərin təcrübəsi göstərir ki, onların timsalında idarəetmə orqanlarının təşkili, iyerarxiyası, səlahiyyətləri və say tərkibinə münasibətdə fərqlər və ziddiyyətlər vardır, amma buna baxmayarq hesab edirəm ki, maliyyə muxtariyyətinə malik olan ali təhsil müəssisələrinə idarəetmə funksiyalarında ciddi dəyişikliklər edilməli və Universitetlər idarəetmə, akademik baxımdan müstəqilləşməli, onların fəaliyyətində şəffaflıq və hesabatlılıq artırılmalıdır. Əks təqdirdə nə Azərbaycan Universitetləri beynəlxalq reytinqlərdə yer ala, nə də BDU sindromundan da sığortalana bilməyəcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button