“Belə qərara gəlmişəm ki, Azərbaycan vətəndaşlığından imtina edim”

Hüseyn Abdullayev (Quska) Azərbaycan ictimaiyyətinə müraciət etdi

Xural.com-a hazırda 10 saylı CÇM-də cəza çəkən Hüseyn Abdullayevin (Quska) ictimaiyyətə müraciəti daxil olub. Xural.com müraciəti olduğu kimi təqdim edir:

 

Birmənalı olaraq siyasi motivli ittihamlarla məhkum edilmişəm

 

“Dəyərli həmvətənlərim və bu çətin günlərimdə mənə mənəvi dəstək olan bacı, qardaşlar!

Bildiyiniz kimi mən tamamilə saxta və birmənalı olaraq siyasi motivli ittihamlarla məhkum edilmişəm və uzun müddətdir ki, azad edilmirəm. Bir dənə də olsun sübut olmadan, ya da hansısa bir şahid ifadəsi göstərmədən mənə hökm oxuyublar. Birləşmiş Millətlər Təşkilatının “Əsassız həbslərlə bağlı İşçi Qrupu” da həbsimin, həm də zorla Azərbaycana verilməyimin qanunsuz olduğunu müəyyənləşdirmiş və Almaniya dövlətindən siyasi sığınacaq almış bir şəxsin Bakıya təhvil verilməsinin İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsinə, eləcə də Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta zidd olduğunu təsbit etmiş və dərhal azad edilməyimlə bağlı qərar çıxarmışdır. Buna baxmayaraq, beynəlxalq təşkilatların etibarlı bir tərəfdaşı olduğunu, həmçinin Azərbaycanın hüquqi bir dövlət olduğunu bəyan edən iqtidar həmin qərarı icra etmir və məni həbsdən buraxmaq istəmir. Şübhəsiz ki, haqlarımın və kobud şəkildə pozulmuş hüquqlarımın bərpa edilməsini tələb edəcək və bütün vasitələrdən istifadə edəcəyəm.

 

Məgər mən də bu millətin övladı deyiləmmi?

Lakin hazırkı müraciəti yazmaqda məqsədim ürəkdən sevdiyim və candan bağlı olduğum millətimlə dərdləşməkdir. Oxuculardan heç nə yox, sadəcə aşağıda qeyd edəcəyim hadisələrə ad tapmalarını və obyektiv qiymət vermələrini xahiş edirəm. Necə düşünürsünüz, bir insanın 14 il təqib edilməsi, onun yaşlı və heç bir günahı olmayan valideynlərindən qisas alınması, özünün quldurcasına oğurlanaraq həbsdə saxlanması və ən dəhşətlisi də, səhhətində ağır problemlər yaradaraq ölümcül hala salınması nə deməkdir və bunun adı nədir? Məgər mən də bu millətin övladı deyiləmmi? Axı nə baş verib, yaxud hansı bir fövqəl vəziyyət yaranıb ki, mövcud hakimiyyət öz aqressiyasını və qəbuledilməz təzyiqlərini dayandırmır? Mən bunlara yaxşılıqdan başqa nə etmişəm?

 

Heydər Əliyev ömrünün sonuna kimi təəssübümü heç kimə vermədi

 

Azərbaycanda heç kimə sirr deyil ki, mən mərhum Heydər Əliyevə çox yaxın olmuş və ölkəmizin ən ağır vaxtlarında, hansı ki, Bakıda xaos və anarxiya tüğyan edirdi, özümün və ailə üzvlərimin həyatını dəfələrlə riskə atmış və onun düşmənləri ilə açıq mübarizə aparmışam. Allah ona qəni-qəni rəhmət eləsin! Şəxsinə olan sadiqliyimi heç vaxt unutmadı və ömrünün sonuna kimi təəssübümü heç kimə vermədi. Çox təəssüf ki, onun vəfatından sonra mənə qarşı çirkin kampaniyalar başladı və mən millət vəkili olarkən Nazirlər Kabinetinin hesabatını, eləcə də, təpədən-dırnağa korrupsiya əməllərinə bulaşmış və dövlət ilə xalq arasında uçurum yaradan məmurları tənqid etdim deyə siyasi repressiyalara məruz qaldım. Amma qoy bunu edənlər və nə yazıq ki, məhz mənim kimilərin hesabına ən yüksək postlara qalxanlar çox yox, bir nəfər iş adamı göstərsinlər ki, 1991-ci ildən 2003-cü ilədək mənim qədər ölkəsinə və dövlətinə dəstək göstərsin və həmin kritik dönəmlərdə minlərlə ehtiyacı olan insanlara həm maddi, həm də mənəvi cəhətdən yardım edib dərdlərinə şərik olsun. Əgər dediklərimin əksini düşünən varsa, buyursun fikir bildirsin.

 

Atamın ölümünə zəmin yaratdılar, 70 yaşındakı anama cinayət işi açdılar…

 

Bütün bunların qarşılığında atamın ölümünə zəmin yaratmaq, hələ utanmadan 70 yaşındaki anama cinayət işi açmaq, özümü isə ikinci dəfə əsassız yerə məhkum etmək misli görülməmiş haqsızlıqdır. Ona görə də mən belə qərara gəlmişəm ki, Azərbaycan vətəndaşlığından imtina edim. Vəkillərimdən də bu istiqamətdə prosedur başlatmasını xahiş etmişəm. Ümid edir və çox inanıram ki, məlum qərarım düzgün başa düşülər. Çünki ömrümün əsas hissəsi çox gərgin və böyük çətinliklərlə keçdiyindən nə mən, nə də anam normal bir həyat yaşamamışıq. İnşallah, nəsib olarsa, həbsdən çıxsam, anamı da götürüb buradan gedərəm. Əminəm ki, məni bu haqsız və hər tərəfi xəyanətlə dolu dünyaya bağlayan yeganə varlıq Odur. Fürsətdən istifadə edib sevimli analara həsr etdiyim “Əvəzsiz İnsan” adlı şeirimi də təqdim edim:

Ürəyi dağ boyda, ruhu müqəddəs,

Sözləri bal kimi, ilahi bir kəs.

Səslənim dünyaya, eşitsin hər kəs,

O böyük insandır, canımdır mənim.

Əlbəttə, əvəzsiz anamdır mənim.

 

Onsuz bu dünyanın mənası varmı,

Başqa bir yaxınlar ona çatarmı,

O mənim özümdür, qəlbimdir mənim.

Anamdır, anamdır, anamdır mənim.

 

Bu müraciətimi bitirmədən öncə əsassız iddialar edən və mənim keçmişimə kölgə salmaq istəyən şəxslərə də fikir bildirmək istəyirəm. Mən heç bir vəzifədə işləməmiş, ömrüm boyu korrupsiyaya pis baxmış və başqaları kimi milyardlar qazanıb dövlət büdcəsini dağıtmamışam. Nə əldə etmişəmsə, qanunidir və halal zəhmətimin nəticəsidir. Önəmli bir məqamı da çatdırım ki, mövcud iqtidarın mənə və ailə üzvlərimə məxsus olan şəxsi mülk və torpaqlarımızı qəsb etməsi, üstəlik birinin üstündə Yeni Azərbaycan Partiyasının Baş Qərargahını tikdirməsi, digərinin də üstündə “Sevgi Parkı” adlanan məkanı salması tam qanunsuzdur və şəxsi ədavətdən doğan zorakılıq siyasətinin bariz təzahürüdür. Buraxılmamağımın əsas səbəblərindən biri də, həmin yerləri geri istəməyimdir.

Yekun olaraq gedib prezident İlham Əliyevə yalan və qərəzli məlumatlar verən və beləliklə də, həbsdən buraxılmağımı istəməyən kəslərə də sözüm var: Unutmayın ki, hər birimiz bəlli bir ömür yaşayıb bu dünyanı tərk edirik. Lakin gedənlərin kimisi rəhmət və hörmət, kimisi də lənət və nifrət aparır yanında.

Allah xalqımıza və doğma Azərbaycanımıza kömək olsun!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button