Belə sabitlik heç kimə lazım deyil

 Professor Əli Abbasov Rafiq Əliyev olayı barədə “Azadlıq”a nələr danışdı?

«Bu gün Rafiq Əliyevi müdafiə etməsək, sabah bu kampaniya özümüzə qarşı olacaq»

«Rafiq Əliyevə qarşı aparılan kampaniya hakimiyyətdəki hansısa qrupların işidi»

Ziyalılar Forumunda səsləndirdiyi fikirlərə görə işdən çıxarılan və hakimiyyətin hədəfinə çevrilən Rafiq Əliyevə qarşı kampaniya davam edir. Eyni zamanda bu kampaniyada iştirak edənlər də qınaq obyektinə çevrilib. Onların hakimiyyətin alətinə çevrilərək akademiki ləkələmək istəyini ictimaiyyət narazılıqla qarşılayır. Alimə qiymət verməyən hakimiyyətin elmə də laqeyd münasibəti göz qabağındadır. Bu günlərdə parlament sədri müavininin elmə pul ayırmağa qarşı çıxması da buna sübutdur. Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosialogiya Institutunun şöbə müdiri, professor Əli Abbasovla söhbətimiz də bu mövzularla bağlı oldu.

“Vəsait az olanda elm inkişaf edə bilməz”

– Milli Məclisdə büdcə müzakirəsi zamanı vitse-spiker Valeh Ələsgərov elmə pul ayırmağın əleyhinə çıxıb. Onun sözlərinə görə, elmə nə qədər pul xərcləməyin faydası yoxdu, çünki heç bir nəticə əldə edilmir. Sizcə, doğrudan da elmə pul ayırmağın faydası yoxdu, yoxsa ayrılan pullar nailiyyətlərin əldə edilməsinə imkan vermir?
– Ola bilsin onların ayırdığı pulun elmə heç bir faydası olmur. Çünki elmi inkişaf etdirmək üçün büdcənin ən azı dörd faizi bu sahəyə ayrılmalıdır. Təbii ki, bizdə belə deyil, elmin inkişafına xeyli az vəsait ayrılır. Ona görə də vəziyyət belədir, heç bir nailiyyət əldə edilmir. Bu sahəyə ayrılan vəsaitin həcmini artırmaq lazımdı. Çünki vəsait az olanda elm inkişaf edə bilməz. Problem bundadı. Bizdə elmə ayrılan pul büdcənin bir faizindən də azdı. Əgər bunlar o vəsaiti bir faizə qədər artırmaq istəyirsə, bunun doğrudan da faydası olmayacaq. Ümumiyyətlə, bilinməlidir ki, bu pul nəyə görə verilir. Bunun üçün hansısa sistem olmalıdır. Insanlar bilməlidir ki, bu pulu alanda dövlətə hansı xeyir verməlidirlər. Indiki formada qalsa, təbii ki, heç bir faydası olmayacaq.

“Alim maaşı ilə yaşamaq mümkün deyil”

– Bütün cəmiyyətlərdə alimlər, akademiklər yüksək təbəqə sayılır. Bu gün Siz aldığınız əmək haqqı ilə o yüksək təbəqəyə uyğun səviyyədə yaşaya bilirsiniz?
– Verilən maaşa əlbəttə ki, yaşamaq mümkün deyil. Mən şöbə müdiriyəm, fəlsəfə elmləri doktoruyam, professoram. Həcminə görə maaşım rəhbərlikdən sonra ikinci yerdədir. Hardasa 350-380 manat əmək haqqı alıram. Təbii ki, bu pulla yaşamaq mümkün deyil. Başqa yerlərdən qazanmaq imkanım olmasaydı, ciddi problemlərlə üzləşərdim.

“Azərbaycan cəmiyyətində ziyalıların səsi eşidilmir”

– Gündəmin əsas mövzusu Rafiq Əliyev və Ziyalılar Forumu ətrafında baş verənlərdi. Mətbuata bildirmisiniz ki, biz ziyalıların daha azad olmasını istəyirik. Onların azad olmasına nə mane olur?
– Hər bir insan özünə görə ya azaddı, ya azad deyil. Mən dedim ki, ziyalıların cəmiyyətdə sözü keçməlidi. Iqtidar, cəmiyyət ziyalıların nə dediyinə fikir verməlidir. Ancaq Azərbaycan cəmiyyətində ziyalıların səsi eşidilmir. Bunu nəzərdə tutub demişəm.

– Eyni zamanda bildirmisiniz ki, Rafiq Əliyevə qarşı hücumlar hakimiyyətdə hansısa qrupların aksiyasıdır. Söhbət hansı qruplardan və kimlərdən gedir?
– Söhbətin konkret kimdən getdiyini deyə bilmərəm. Amma mən görürəm ki, Rafiq Əliyevə qarşı aparılan kampaniya hansısa qrupların işidi. Bu problem açıq deyil. Cəmiyyətdə bunun açıq müzakirəsi getsəydi, onda kampaniyanı kimlərin təşkil etdiyini deyə bilərdik.

– Professor Cəmil Həsənli deyib ki, baş verənlərin arxasında Ramiz Mehdiyev dayanıb. Siz bu fikirlə razısınız?
– Ola bilsin Cəmil müəllimdə hansısa əsaslar var, onu deyir. Amma məndə belə əsaslar yoxdu. Bu günə qədər Rafiq müəllimin özü ilə danışmamışam. Bilmirəm o adının ətrafında belə müzakirələrin aparılmasını, müdafiə olunmasını istəyir, ya yox.

“Müəllimlərə komanda verilib ki, belə çıxış etsinlər”

– Ziyalılar Forumunun toplantısından sonra BDU-nun, Neft Akademiyasının bir qrup müəllimi Rafiq Əliyevə qarşı bəyanatlarla çıxış etdilər. Onu aşağılayan, təhqir edən fikirlər səsləndirdilər. Siz mətbuata açıqlamanızda demisiniz ki, heç kim bunu könüllü etməz. Bunu edənlər nədənsə asılı insanlardı. Onları asılı edən nədi?
– Təbii ki, heç kim könüllü şəkildə belə kampaniyaya qoşulmaz. Alimi işdən çıxarırlar, vəzifəsini alırlar. Necə olur ki, bütün dünya bunu alim kimi tanıyır, ancaq bəzi müəllimlər tanımır. Deyirlər ki, yox, bu, tanınmış alim deyil. Gülməli çıxır. Onlara hansısa komanda olub ki, belə çıxış etsinlər, bu formada bəyanatlar səsləndirsinlər, belə düşünürəm.

– Belə bir fikir var ki, Rafiq Əliyevə qarşı çıxan müəllimləri rüşvət amili birləşdirir. Ölkədə rüşvətxorluğun, korrupsiyanın qarşısı da məhz ona görə alınmır ki, lazımi anda rüşvətə qurşanmış və bu mənada dili qısa olan adamlardan istənilən formada istifadə etmək mümkün olsun. Siz bu barədə nə düşünürsünüz?
– Bununla razıyam. Həqiqətən də elədir. Rafiq Əliyev istəyir ki, Azərbaycan cəmiyyətində dəyişikliklər olsun. Bu barədə danışıb. Ancaq ona qarşı çıxanlar başqa fikirlər səsləndirir. Ümumiyyətlə, nəyisə deyəndə bunu təsdiqləməyə imkanın olmalıdı. Əgər belə imkanın yoxdursa, deməli, o sözü deməməlisən.

“Rafiq Əliyevi müdafiə edirəmsə, deməli, özümü müdafiə edirəm”

– Elə bir cəmiyyətdə yaşayırıq ki, Rafiq Əliyevə qarşı başlanan kampaniya sabah orda iştirak edənlərin da başına gələ bilər. Siz də bildirmisiniz ki, akademikə qarşı çıxanlar baltanı öz ayaqlarına vurur. Alimlərin, ziyalıların belə kampaniyada iştirakının səbəbi nədir?
– Dəfələrlə bunu demişəm. Mən deyəndə ki, Rafiq Əliyevi müdafiə edirəm, deməli, özümü müdafiə edirəm. Belə iş bir dəfə öz başıma gəlib. Ona görə də deyirəm ki, gec-tez bu hamının başına gələ bilər. Əgər biz bu gün Rafiq Əliyevi müdafiə etməsək, deməli, bu kampaniya sabah bizə qarşı da olacaq.

– Hakimiyyət Rafiq Əliyevlə bağlı məsələni siyasiləşdirməyə çalışır. Ümumiyyətlə, iqtidarın tənqidinə yönəlmiş istənilən fikri Qarabağla əlaqəndirir, bunun ölkədə sabitliyin pozulmasına yönəldiyini deyirlər. Əgər həqiqətən də sabitlik ədalətli cəmiyyətin yoxluğu, demokratiyanın boğulması hesabına əldə edilirsə, bizə bu sabitlik, qəbiristanlıq sükutu lazımdırmı?
– Belə sabitlik təbii ki, heç kimə lazım deyil. Bunu heç müzakirə etməyə dəyməz.

– Ümumiyyətlə, müxalif fikirlərin sabitliyin pozulmasına yönəldiyi barədə deyilənləri necə qiymətləndirisiniz?
– Təbii ki, normal əlaqələndirmə deyil. Mən bunları qəbul etmirəm.

Fizzə

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button