Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi…
Qubad İbadoğlu, ADR Hərəkatının sədri
Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında söhbətlər yenə də aktuallaşır. Bu dəfə ABB-nin vəzifəsindən uzaqlaşdırılmış yeni rəhbəri qara bazara valyuta ötürməkdə günahlandırılır.
Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları alan Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında bitməyən söhbətlər ABB dövlət mülkiyyətində qalanadək davam edəcək. ABB-nin özəllədirilməsi ilə bağlı müzakirələr 2000-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə başlasa da, hələ də bu istiqamətdə iş getmir. Əgər Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi nə dövlət 7 milyard manat və 1 milyard dollar əlavə xərcə düşər, nə də bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilməzdilər. Çünki bank özəl olanda oğurlanan dövlətin deyil, onun idarəçiliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur. Özəl bankların səhmdarları belə halların qarşısını vaxtında almaq üçün xeyli rıçaqlara malikdir, bu isə Beynəlxalq Bankda olduğu kimi uzunmüddətli dövrdə dəhşətli dərəcədə böyük korrupsiyalara yol açmır. Odur ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtnda aparmayan hökümətdir. Elə məhz bu səbəbdən də hətta indi də ABB-nin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri qara bazara valyuta ötürməkdə ittiham olunur. Onun da başlıca səbəbi bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır. Hesab edirəm ki, gələn ildən ABB və Azərtükrbank özəlləşdirməyə hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmaldır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investorların sərbəst iştirakına şərait yaradılmalıdır.