Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başladığı bildirilir (yenilənib)
Yayımlandı: 3 May 2024 12:25
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva mayın 3-də qardaşının vəziyyətilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində yazıb ki, 8 il yarımdır qardaşı həbsdədir və bu müddətdə əziyyət çəkdiyi xəstəliklərin müalicəsinə, ona tibbi yardım göstərilməsinə şərait yaradılması üçün dəfələrlə cəhd göstəriblər. Lakin cəhdləri nəticəsiz qalıb.
“Hazırda onu, hətta minimal yaşayış və yemək şəraitindən də məhrum ediblər. Vəziyyəti kəskin şəkildə pisləşib. Mayın 1-dən ac qalır və vəziyyəti hər gün pisləşir. Mənim və vəkillərin müraciətlərinə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb”, – Əminə Hacıyeva məktubunda yazır.
Cahangir Hacıyev saxlanma şəraitindən narazıdır
15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən vəkili Fəxrəddin Mehdiyev bildirib ki, müvəkkili mayın 1-dən aclığa başlayıb.
Vəkil mayın 2-də Cahangir Hacıyevlə görüşüb. Müdafiəçinin sözlərinə görə, Cahangir Hacıyev aclıq aksiyası keçirməsini 13 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin pis olması və müalicəsinə imkan verilməməsilə izah edib.
Fəxrəddin Mehdiyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs uzun illərdir ürək aritmiyası, qalxanabənzər vəz xəstəliyi və hipertoniyadan əziyyət çəkir. O, hər gün bir neçə dərman qəbul edir:
“Dəfələrlə müraciət olunub ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, yaxud da heç olmasa, cəzaçəkmə müəssisəsinin daxilində olan sanitar-tibb hissəsinə köçürülsün. Müraciətlərə müsbət cavab verilməyib. Onun dərmanları evdən göndərilir. Elə dərmanlar var ki, soyuducuda saxlanmalıdır, buna da imkan verilmir. Cəzaçəkmə müəssisələri həddindən artıq yüklüdür, məhbus sayı çoxdur. Nəticədə sıxlıq, antisanitariya dözülməz vəziyyət yaradır”, – Fəxrəddin Mehdiyev bildirib.
Penitensiar Xidmət isə Cahangir Hacıyevin ağır şəraitdə saxlanması, müalicəsinə imkan verilməməsi və bu səbəbdən aclıq etməsi barədə məlumatı təkzib edib.
Cahangir Hacıyev 2015-ci ildə Beynəlxalq Bankın rəhbəri vəzifəsindən azad ediləndən bir neçə ay sonra mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası verilib. 2018-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb. İkinci cinayət işi üzrə 2019-cu ilin sentyabrında yeni hökm çıxarılıb. Əvvəlki cəzası da birləşdirilməklə, ona 16 il 6 ay həbs təyin edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi cəzanı 16 il 3 aya endirib.
Cahangir Hacıyev Beynəlxalq Bankın təxminən 4 milyard vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Bankın vəsaitlərinin ölkə daxilində və xaricdə müxtəlif layihələrə sərf olunduğunu bildirir.