Beynəlxalq Amnistiya Təşkilatının nümayəndəsi «Xural»da

«Xural»ın problemləri «Amnesty İnternational»ın diqqət mərkəzində…

Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty İnternational) nümayəndəsi və qurumun Avrasiya, Avropa və Mərkəzi Asiya proqramlarının mətbuat katibi Lidiya Aroyo martın 10-da, cümə axşamı günü «Xural»ın redaksiyasına gəlib. Lidiya Aroyo və təmsil etdiyi təşkilat son aylarda «Xural»ın qarşılaşdığı məhkəmə çəkişmələri və qəzetin ətrafında cərəyan edən hadisələr haqda ətraflı məlumat alıb və baş redaktor Əvəz Zeynallı ilə ətraflı söhbət edib. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»ı məhkəməyə verməsindən sonra qəzetin üzərinə başlanan səlib yürüşü haqda geniş söhbət gedib. Əvəz Zeynallı Ramiz Mehdiyev və onun iqtidardaxili qruplaşmasının üzvlərinin qəzetin üzərinə yüklədiyi məhkəmə cərimələri haqqında xanım Lidiya Aroyoya müfəssəl məlumat verib və azad mətbuatın üzərinə başlanan bu səlib yürüşünün səbəblərindən bəhs edib. Xanım Lidiya Aroyoya Ramiz Mehdiyevin, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərovun məhkəmələri, birinin 10.000 manatlıq, digərinin 5.000 manatlıq cərimələri haqqında məlumat verilib, eyni zamanda müğənnicik Nüşabə Ələsgərlinin və Prezident yanında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2007-ci ildə olmuş və artıq unudulmuş məhkəmə işləri və kəsilən əlavə cərimələr haqqında söhbət aparılıb. Lidiya Aroyo «Xural» qəzetinin ətrafında baş verənlərdən heyrətlənib və onun bu heyrəti Əvəz Zeynallının əsas səbəbi söyləməsi ilə bir az da böyüyüb. Əvəz Zeynallı Ramiz Mehdiyevin məhkəməsi ilə başlanan səlib yürüşünün əsas mərhələsinin qəzetdə İlham Əliyevin «Xural»ın və özünün dostu ola bilməyəcəyi ilə bağlı yazısından sonra başladığını deyib. Baş redaktorun İlham Əliyevin onların dostu ola bilməyəcəyi haqqında ötən ilin dekabr ayının 26-da yazdığı yazıdan sonra Ədliyyə naziri Fikrət Məmmədov səviyyəsində işə müdaxilə olunduğu və icra sisteminin qəzetin üzərinə qaldırıldığı da Xanım Aroyonun diqqətinə çatdırılıb. Beləcə, Azərbaycan məhkəmələri inkvizisiya məhkəmələri kimi bir-birinin ardınca qəzetə cərimələr kəsməyə başlayıblar.

Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty İnternational) nümayəndəsi daha sonra müəyyən suallar ətrafında Əvəz Zeynallının cavablarını xahiş edib və onun təşkilatın hazırladığı filmdə çəkiləcəyi haqda razılığını əldə edib. İki saatlıq görüşdən sonra çəkilişlər başlayıb və Əvəz Zeynallı ölkədəki söz azadlığının vəziyyətindən, rejimin mətbuatı necə sıradan çıxarmasından, mətbuata olunan təzyiqlərdən və çıxış yollarından danışıb. Xanım Lidiya Aroyo bildirib ki, bu film dünyanın 144 ölkəsində nümayiş olunacaq və təşkilatın hesabatlarında dünyanın hər tərəfinə yayınlanacaq.
Səmimi və qarşılıqlı hörmətlə keçən görüşdə yerli QHT-lərdən Fuad Həsənov da iştirak edib və görüş maraqlı məqamlarla yadda qalıb. Əvəz Zeynallının münasibətini öyrəndik və baş redaktor bizə bunları dedi:

«Çox səmimi görüş oldu. Xanım Lidiya Aroyo rusca, mən öz türkcəmizlə danışırdım. Fuad bəy isə mənim danışdıqlarımı ingiliscəyə tərcümə edirdi. Görüşün irəliləyən zamanlarında başımıza gətirilənlərdən xanımın heyrətləndiyini görürdüm. Hər şeyə diqqət edən bir yapısı vardı. Başımın üzərində asılan Şah İsmayılın şəklinə, onun altından asılan ikidilli Zülfüqar qılıncına, masamın üzərində dayanan Ramil Səfərovla Mübariz İbrahimovun xüsusi hazırlanmış foto-plakatlarına diqqət kəsildi. Çəkiliş zamanı hər məqamı məxsusən götürdü. Lentə aldığı məqamlar içərisində xüsusilə bizim «Ramiz Mehdiyevə yardım» bankalarımız vardı. Hər otağa bir ədəd banka qoymuşuq və Xanım Lidiya onları xüsusi həvəslə çəkdi və Azərbaycan hökumətinin durumundan heyfsiləndiyini bildirdi. Xüsusilə, Lidiya Aroyonun bizim məmurların adlarını söyləməkdə çətinlik çəkməsi gülməli məqamların meydana gəlməsinə səbəb oldu. Məsələn, onun «Ramiz Mehdiyev»in adını «Ramzez», «Ağabəy Əsgərov»un adını «Arabey», «Vüqar Səfərli»ni isə «Vulqar» kimi tələffüz etməsi mənim də xoşuma gəldi və əcnəbi bir qonağın bu dərin intuisiyası məni heyran qoydu.»

Görüşdən məmnun ayrılan tərəflər mütəmadi əlaqələr yaratmağın tərəfdarı olduqlarını bildiriblər. İnanırıq ki, bu cür görüşlər Azərbaycan mətbuatının avanqard kəsimində yer alan «Xural»ın problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. Əvəz Zeynallının bizə dediyinə görə, önümüzdəki günlərdə ABŞ-ın ölkəmizdəki səfirliyi və digər diplomatik korpuslarla görüşlər keçirəcək.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button